Azərbaycan: Dəmir yolu xidmətlərinin qiymətləri "zərurət yaranarsa" arta bilər

Azərbaycan ərazisində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətlərinin tənzimlənməsinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətinə verilməsi tariflərin dəyişəcəyi demək deyil, QSC-nin sözçüsü belə deyir.

Nadir Əzməmmədovun sözlərinə görə, qiymətlər yalnız "zərurət yaranarsa" dəyişilə bilər. Hərçənd o, "zərurət" barədə əlavə məlumat verməyib.

Nazirlər Kabinetinin qərarına əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı"ndan çıxarılıb. Artıq qiymətləri Azərbaycan Dəmir Yolları QSC tənzimləyəcək.

Əvvəllər bu funksiyanı Azərbaycanın Tarif Şurası yerinə yetirib.

Azərbaycan Dəmir Yolları QSC 2015-ci ilin sentyabrında Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Qurum hazırda Nazirlər Kabinetinə tabeliyindədir.

Dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətlərinin taleyi hələlik bəlli olmasa da, Nazirlər Kabinetinin indiki qərarı da suallar doğurub.

Hüquqşünas Ərşad Hüseyn BBC Azərbaycancaya deyib ki, Nazirlər Kabinetinin bu qərarını "qeyri-normal" hesab edir.

"Bu qərarla dövlətin mülkiyyətində olan qurumda tarifləri dövlət tənzimləməyəcək, amma avtobus alıb marşrut kimi işlədən fərdi sahibkar üçün tarifləri dövlət tənzimləyir. Yanaşma qeyri-normaldır", hüquqşünas deyir.

"Bu qərardan sonra isə qiymətlər arta bilər", deyə ehtimal edən hüquqşünas əlavə edib ki, "rəqabətin olmaması və dövlətin belə bir səlahiyyəti quruma verməsi qiyməti qaldıra bilər".

Dəmir yolu nəyə lazımdır?

Onun sözlərinə görə, dünyanın hər yerində dəmir yolu nəqliyyatı avtomobil nəqliyyatının minimuma endirilməsinə hesablanıb.

"Bakı-Sumqayıt qatarına ona görə vəsait qoyuldu ki, Bakı-Sumqayıt yolunda tıxac azalsın, hərəkət tənzimlənsin. İndi qiymətlər qalxsa, dövlətin bu sahədəki göstərdiyi səylər olacaq sıfır", o bildirir.

Bakı-Xırdalan-Sumqayıt qatarı 2015-ci ilin sentyabrında fəaliyyətə başlayıb.

Hüquqşünasın fikrincə, qiymətdə artım olsa, özəl avtomobil xidmətləri də tariflərin onlar tərəfindən tınzimlənməsini tələb edə bilər, bu da avtobus sərnişin daşımalarında qiymət artımı ilə nəticələnə bilər.

Qiymətlərin "bəlkə də azalacağını" deyən QSC sözçüsü isə Nazirlər Kabinetinin hazırkı qərarını "müsbət" hesab edir.

Cənab Əzməmmədov qeyd edib ki, Azərbaycan Dəmir Yolları QSC təsərrüfat hesablı idarədir, yəni bütün gəlirlər yük və sərnişin daşımadan asılıdır.

"Bu idarəni saxlamaq üçün yük daşınma daha çox gəlir gətirməlidir ki, biz təsərrüfatı idarə edə bilək, həm də məvacibləri verə bilək", QSC sözçüsü deyir.

Hazırdaki qiymət tariflərini normal sayan Nadir Əzməmmədovun fikrincə, QSC indi daha sərbəstdir və daha çox gəlir əldə edə bilər.