Mətbuat icmalı: "Yeni devalvasiya gözlənilirmi?"

Şəklin mənbəyi, Getty

"Azadlıq": Yeni devalvasiya gözlənilirmi?

"Bəlli olduğu kimi, dünya valyuta bazarında ABŞ dollarının mövqelərinin güclənməsi və cari məzənnəsinin ən geci fevralın 15-dək avronu üstələməsi proqnozlaşdırılır. Dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlamasından sonra USD/EUR məzənnəsi əks hərəkət həyata keçirib və 1,06-dan 1,10 səviyyəsinə qədər sərt bir şəkildə artıb.

Deyilənə görə, FES-in ...martın 15-də keçiriləcək ...iclasında uçot dərəcəsinin 0,25-0,50 faiz bəndi artırılmasını proqnozlaşdırılır. FES rəhbərliyindən gələn açıqlamalarda uçot dərəcəsinin artırılması üçün qlobal bazarda sabitliyin olması şərtinin irəli sürüldüyü diqqətə çarpır. Bu da martın əvvəlindən dünya bazarında istər fond birjaları, istər əmtəə qiymətləri, istərsə də valyuta cütlüklərinin pozitiv əhval-ruhiyyədə olması zərurəti yaradır. “Lakin dolların möhkəmlənməsi də qaçılmazdır. Deməli, dollarınn möhkəmlənməsi daha erkən, yəni artıq bu gündən baş tutacaq və bununla paralel dünya fond birjaları və əmtəə qiymətləri də kəskin azalacaq”, – deyə analitiklər qeyd edir.

Dollar/avro məzənnəsinin artıq fevralın ortasına qədər 0,95-0,98 USD/EUR diopazonuna enəcəyi proqnozlaşdırılır: “Daha sonra, aprel ayının əvvəlinə qədər məzənnə yenidən paritetin üstünə çıxacaq. Dolların möhkəmlənməsinə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiya qərarında tərəddüd etməsi də dəstək verir”.

Report.az-ın ekspertləri isə deyiblər ki, "Azərbaycanda dolların rəsmi məzənnəsinin fevralın 15-dək 1,60 AZN/USD-yə qədər yüksələcəyi, mütəşəkkil valyuta bazarında isə 1,70-1,75 AZN/USD aralığında olacağı ehtimal edilir".

"Azadlıq": "Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması Brüsseldə müzakirə olunacaq"

"Yanvarın 19-da Brüsseldə Avropa Siyasəti İnstitutunda “Barmaqlıqlar arxasında ədalətli mühakimə: Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi” mövzusunda debat keçiriləcək.

Tədbir yuxarıda adı çəkilən institut tərəfindən İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu ilə birgə təşkil edilib.

Tədbirin ...press-relizində deyilir ki, iştirakçılara Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vətəndaş cəmiyyətinə, KİV-ə və müxalif fəallara qarşı repressiyaları təhlil edən məruzə təqdim ediləcək.

Məruzədə aparıcı hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunus, Emin Milli, Xədicə İsmayılovanın işi üzrə məhkəmə proseslərinin və Emin Hüseynovun işinin ətraflı təhlili yer alır.

Debatda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən bəziləri də iştirak edəcəklər. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Rabute Remezaite, “Memorial” Cəmiyyəti Hüquqi Mərkəzinin rəhbəri Deniz Krivoşeev, Meydan TV direktoru Emin Milli, KİV-ə yardım institutundan Gülnarə Axundova məruzə ilə çıxış edəcəklər."

Bundan başqa bildirilir ki, müzakirələrin moderatoru İnsan Hüquqları üzrə Beynəlxalq İnstitutun koordinatoru Simon Papuaşvili olacaq.

"Azadlıq": Azərbaycandan xaricə pul axını sürətlənib

Qəzetin əldə etdiyi məlumata görə, 21 dekabr devalvasiyasından sonra iş adamları pullarını ölkədən çıxarır. "Əslində bu tendensiya Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”ndan sonra başlamışdı.

Beynəlxalq Bankdan kredit götürən sahibkarların həbsi digər iş adamalarını da qorxutmuşdu. Bu baxımdan onlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayaraq pullarını ölkədən çıxarmağa başlamışdılar.

Dekabr ayında manat “üzən məzənnə”yə keçirilib.
Şəklin alt yazısı, Dekabr ayında manat “üzən məzənnə”yə keçirilib.

Ekspertlər bildirir ki, ölkədən pul axınının sürətlənməsinin obyektiv səbəbləri var.

"Birinci səbəb manata olan inamın azalmasıdır. Iş adamları milli valyutaya bel bağlamadıqlarına görə xaricdə yatırım qoymağı daha üstün sayırlar. Başqa bir səbəb isə ölkədə hökm sürən böhran nəticəsində alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsidir. Daha bir səbəb isə hökumətin neftin ucuzlaşması nəticəsində itirdiyi vəsaitləri iş adamlarının hesabına kompensasiya etmək niyyətidir. Mağazalara yüksək məbləğli cərimələr tətbiq olunması, sahibkarlardan müxtəlif adlar altında pul yığılması və s. bu kimi addımlar buna misal ola bilər."

Bundan başqa qeyd olunur ki, ekspertlər hesab edirlər ki, xaricə pul axının sürətlənməsi ölkədəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.

"Azadlıq": "Hətta Allah da sanki bu yeri yaddan çıxarıb"

Qəzet ABŞ mediasında Azərbaycandakı vəziyyət, xüsusən neft gəlirlərinin havaya sovrulması, bu ölkədə insanların böyük əksəriyyətinin səfalət içində yaşamasından bəhs edən, 2015-ci ilin ən yaxşı məqalələrindən biri seçilmiş, “Vice News”da dərc olunan “Hətta Allah da bu yeri yaddan çıxarıb: Azərbaycanın neft yataqlarına xoş gəlmisiniz” başlıqlı məqalənin tərcüməsini oxucularına təqdim edib. Yazıda Bakıda keçirilən birinci Avropa Oyunlarına hökumətin milyardlar xərcləməsi, bununla belə Azərbaycanın dünyada iqtisadiyyatı neftdən ən çox asılı olan ölkələrdən biri olması qeyd edilir.

Yazıda deyilir ki, "ölkədə növbəti devalvasiyalar, neftin qiymətinin kəskin ucuzlaşması, Avropa Oyunlarına görə dövlətin pullarının havaya sovrulması xalq arasında narazılıq yaradıb. Bakının mərkəzindən bir neçə kilometr şimalda yerləşən və 640 milyon dollara başa gəlmiş Olimpiya stadionunda Avropa Oyunlarının açılış mərasimi keçirilmişdi. Vladimir Putinin də iştirak etdiyi açılış mərasimində tamaşaçılar Ledi Qaqanın ifasını, uçan xalçanı izlədilər. Ibrahim adlı çoban isə stadionun yaxınlığında inanılmaz boşluqdakı Balaxanı neft yataqlarının ətrafında sürünü otarırdı.

“Mən fəxr edirəm. Bu oyunlardan əvvəl Azərbaycanı, onun harada yerləşdiyini çoxları tanımırdılar. Amma bu oyunlardan sonra adamlar öz ölkələrinə qayıdıb Azərbaycan haqda öz ailələrinə danışacaqlar”, – deyə Ibrahim “Vice News”a bildirib.

“Siz burada nə gəzirsiz? Hətta Allah da bu yerləri yaddan çıxarıb!”, – deyə Balaxanıda gənc bir sakin “Vice News”a deyib.

Boruların kəsişdiyi, paslanmış metalla dolu ərazidə yerləşən, yüzdən artıq yaşı olan köhnə evlərdən birinin qapısında dayanmış Samirə adlı xanım deyir:

“Hesab edək ki, mən Azərbaycanda ilk dəfə neft çıxarılmış yerdə yaşadığıma görə fəxr edirəm. Amma mən istəyirəm ki, burada şərait yaxşılaşdırılsın. Azərbaycanda insanların çoxu işsizdir. Indi mən özüm də işləmirəm. Çünki Avropa Oyunlarına görə fabriki bağladılar”, – deyə o bildirib.

Şəhərdə söz-söhbət gəzirdi ki, şirkət rəhbərləri, dövlət strukturlarında çalışanlara Avropa Oyunlarının biletləri məcburi şəkildə satılıb. Azərbaycanda müəllimin aylıq maaşı orta hesabla 150 dollar civarındadır.

Səs-küylü kafelərdən birində görüşdüyümüz Emil adlı vətəndaş ehtiyatla deyir ki, pulların hara getdiyi hamıya məlumdur. O, əli ilə yuxarını göstərir. Ölkədə bu jestlə hakimiyyət nəzərdə tutulur...

"Azadlıq": İstefa verən müstəntiq Baş Prokurorluğa çağırılıb

Rüfət Səfərov “Bu, artıq komediyadır” deyib, dəvəti qəbul etməyib. "Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov Baş Prokurorluğa izahat verməyə çağırılıb. Bu barədə “Azadlıq” qəzetinə R.Səfərovun özü məlumat verib."

Səfərov bildirib ki, onu Baş Prokurorluğa dəvət edən keçmiş həmkarı deyib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir.

"R.Səfərov bu dəvəti qanunsuz sayır və ona əsasən Baş Prokurorluğa getmək fikrində olmadığını deyir".

“Bu, artıq komediyadır. Məni dəvət edən Zaur müəllimdən və digər məsul vəzifəli şəxslərdən soruşuram. Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan komputeri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib."

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, neftin bir barrelinin qiymətini uzun müddət ərzində 45-50 dollar səviyyəsində saxlamaq olar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, neftin bir barrelinin qiymətini uzun müddət ərzində 45-50 dollar səviyyəsində saxlamaq olar.

"Xalq qəzeti": Rusiyanın iqtisadi inkişaf naziri: "Neftin qiyməti aşağı düşdükdə elə etmək lazımdır ki, neft ixrac edən ölkələrin milli valyutasına ziyan gəlməsin"

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, "uzun müddət-illərlə neftin bir barrelinin qiymətini 45-50 dollar həcmində saxlamaq olar. Hətta 50 dollardan yuxarı qaldırmaq da olar.

Aleksey Ulyukayev deyib ki, neftin qiyməti aşağı düşdükdə elə etmək lazımdır ki, neft ixrac edən ölkələrin milli valyutasına ziyan gəlməsin."

"Xalq qəzeti": "Dövlət Gömrük Komitəsinin daha bir xidməti elektronlaşıb"

"Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki Şəxslər üçün sadələşdirilmiş bəyannamə" xidməti elektronlaşaraq "Elektron hökumət" portalına inteqrasiya edilib.

Bununla da hökumətin "Elektron hökumət" portalı üzərindən göstərdiyi eletron xidmətlərin sayı 9-a çatıb. Rabitə və Yüksək Texnolohiyalar Nazirliyindən bildiriblər ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək."

"Yeni Müsavat": ABŞ Azərbaycan neftindən imtina edir?

ABŞ Azərbaycandan neft ixracını kəskin azaldıb.

"Virtualaz.org Birləşmiş Ştatların energetika üzrə Dövlət İdarəsinin (EİA) saytında yerləşdirilmiş informasiyaya əsasən xəbər verir ki, 2015-ci ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 4.82 milyon barrel neft idxal edib. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 7.35 milyon barrel idi."

Məlumatda verilmiş rəqəmlərdən məlum olur ki, azalma tendensiyası 2013-cü ildən başlayıb və iki il ərzində ABŞ-ın Azərbaycandan idxal etdiyi neftin həcmi iki dəfədən çox azalıb.

"Analitiklərə görə bunun səbəbi dünya neft bazarında yaranmış bolluqdur. Hazırda dünya bazarına hər gün tələbatdan 1-2 milyon barrel neft çıxarılır. Həmçinin yüksək keyfiyyətli yüngül neft markalarına qiymət baha olduğu üçün tələb azalır.

...ABŞ-ın “Azeri Light” neftinə tələbatı bundan sonra da azala bilər.

Azərbaycan neftinin ənənəvi müştərilərindən olan İsrail də “Azeri Light”in idxalını azaldıb. Məlum olmuşdu ki, İsrail İraqın şimalınakı kürd administrasiyasının Bağdadın icazəsi olmadan Türkiyənin Ceyhan limanına satışa çıxardığı nefti alır və Azərbaycan neftinin idxalını azaldıb. Belə ki, kürdlər nefti daha ucuz təklif edirlər.

...Hazırda “Azeri Light”lə digər markalı neftlər arasında qiymət fərqi aradan qalxsa da Azərbaycan neftinin satışına dair bir çox iri şirkətlərlə uzunmüddətli müqavilələr var. Bu müqavilələlər bazarda yaranmış indiki bolluq şəraitində nefti satmaq üçün yeni müştərilər axtarmağa o qədər də ehtiyac yaratmır."