AXCP müşaviri istintaq materialları ilə “tanış olmaqdan imtina edib”

Şəklin mənbəyi, AXCP
Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müstəntiqin işlə bağlı ona təqdim etdiyi ekspertiza rəyləri ilə tanış olmaq və imzalamaqdan imtina edib.
Vəkilin dediyinə görə, Fuad Qəhrəmanlı bu addımını ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməməsi ilə əlaqələndirib.
“Rəylərdə yazılan ittihamlar Nardaranda baş verən hadisələrlə bağlı idi. O isə fikirləşir ki, həmin hadisələrin ona heç bir aidiyyatı yoxdur. Ona görə də onlarla ümumiyyətlə tanış olmaqdan imtina etdi”, deyə vəkil BBC Azərbaycancaya bildirib.
26 noyabrda Nardaranda polislə yerli sakinlər arasında toqquşma baş verib və hadisə nəticəsində ikisi polis olmaqla 6 nəfər həyatını itirib və bir neçə şəxs həbs edilib. Saxlanılan 14 nəfər barəsində hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb, Baş Prokurorluq açıqlayıb.
Prokurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində "itaətsizliyə çağırışlar" edib.
Saxlanılan Fuad Qəhrəmanlı isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyətilə əlaqələndirir.
Fuad Qəhrəmanlının “hüquqları pozulur”
Vəkilin dediyinə görə iki həftədir 1 saylı istintaq təcridxanasında saxlanılan Fuad Qəhrəmanlıya bu günə qədər, qanunvericilikdə nəzərdə tutulmuş qaydada telefondan istifadə hüququndan yararlanmaq şəraiti yaradılmayıb. Onun sözlərinə görə, Fuad Qəhrəmanlının mütaliə imkanları da məhdudlaşdırılıb.
“Ona yalnız qəzetləri verirlər. Bir neçə bədii ədəbiyyat göndəriblər, amma içəri buraxılmayıb. Qəzetlər verilib, amma kitablar verilməyib”, vəkil deyir.
Saxlanılan Fuad Qəhrəmanlının həbsxanda hüquqlarının bərpası üçün vəkil Penitensiar xidmətə yazılı müraciət ünvanladığını deyir. Hüquq müdafiəçisi qanunsuz davranışların aradan qaldırılması üçün həbsxana rəhbərliyi ilə görüşüb şifahi razılıq əldə edəcəyinə də ümid edir.
Vəkil həmçinin, Fuad Qəhrəmanlıdan müsadirə olunan kompüterin də geri, onun ailəsinə verilməsi ilə bağlı müraciət ünvanladığını deyir.
Xronologiya
Fuad Qəhrəmanlı 8 dekabrda saxlanılaraq barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışları və zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb.
AXCP sədrinin müavini barəsində açılan cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.
Bu, Fuad Qəhrəmanlının sayca 3-cü həbsidir.
AXCP üzvü Fuad Qəhrəmanlı ilk dəfə 1998-ci ildə, yazdığı “Müxalifətin mitinq taktikası” başlıqlı yazısına görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb.
İkinci dəfə isə onu 2011-ci ilin aprel ayında, Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə saxlanılmış, sonradan 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.




