Günəşli yatağı: Yanğın hələ də söndürülməyib

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın söndürülməyib, Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərə bildirib.
"Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərzində gəmilərə daha biri qoşulacaq", o deyib.
Onun sözlərinə görə, itkin düşənlərin axtarışları davam edir.
Daha öncə yanğın baş vermiş 10 saylı dərin dəniz özülünün yaxınlığında tapılmış cəsədlərdən dördünün şəxsiyyəti müəyyənləşib.
"1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun meyitləri yaxınlarına təhvil verilir", AzNeft İstehsalat Birliyinin direktor müavini Balamirzə Ağarəhimov jurnalistlərə bildirib.
Neftçilərin bu gün torpağa tapşırılacağı bildirilir, APA yazır.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, cəsədlər bazar ertəsi günorta saatlarında qəza baş vermiş özüldən 65-70 km məsafədə nazirliyin helikopterləri aşkar edilib və helikopterin göyərtəsinə qaldırılıb.
Azneft İstehsalat Birliyindən BBC Azərbaycancaya verilən məlumata əsasən, ilk olaraq cəsədlərdən yalnız ikisinin şəxsiyyəti müəyyənləşdirilib.
"Tağıyev Fuad Tahir oğlu xilasedicidir, Mahmudov Ağa İzzət oğlu isə işçidir", İstehsalat Birliyinin sözçüsü Vüsal Mikayılov deyib.

"Üç gündür burdayıq, bizə dəqiq məlumat verən yoxdur. Necə mümkündür ki, üç gün ərzində 29 nəfərdən heç olmazsa birinin cəsədi tapılmasın", bu sualı verən Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşmüş İbrahimov Xalidin yaxınıdır.
İtkin düşən neftçinin əmisi oğlu Namiq İbrahimov deyir ki, Qazaxdan gəliblər və burada heç bir məlumat olmadan gözləməkdən yorulublar.
Onlar Azneft İstehsalat Birliyinin itkin düşənlərlə bağlı yaratdığı Zığ qəsəbəsindəki qərargahın qarşısında gözləyirlər.
"Elə deyirlər gözləyin. Nə qədər gözləməliyik?!", o sual edir.
Qohumlarının sözlərinə görə, Xalid İbrahimovun 45 yaşı var, ailəlidir və 3 övladı var. Övladlarından ikisi universitetdə, biri məktəbdə oxuyur.
Onlar sonuncu dəfə Xalid İbrahimovla qəza baş verən zaman əlaqə saxlaya biliblər.
"Yoldaşı ilə danışıb. Deyib ki, qaz sızıb, partlayış olub. 20 dəqiqə sonra əlaqə saxlamaq mümkün olmadı", Namiq İbrahimov deyir.
İtkin düşən neftçinin yaxınları məlumat əldə etmək istəyirlər.
"Evə də gedə bilmirik, uşaqlar üstümüzə qaçır ki, nə xəbər var", Namiq İbrahimov kövrələrək deyir.
Bazar ertəsi şəhərin mərkəzində isə itkin düşmüş 29 nəfərin xatirəsini anım məqsədilə flaşmob keçirilib.
Sakinlər Xəzər kənarında toplaşaraq dənizə qərənfillər atıblar.







