Məmməd İbrahimə qarşı ittiham ağırlaşdırılıb

Şəklin mənbəyi, AXCP

AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı ittiham ağırlaşdırılıb, vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da Şüvəlan təcridxanasında Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülməsi barədə qərar elan olunub.

Bu il sentyabrın 30-da həbs olunmuş Məmməd İbrahim "xuliqanlıqda" ittiham olunurdu indi isə o, "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilir.

Məmməd İbrahimə qaşı irəli sürülmüş birinci maddəyə görə onu 320 saatdan 400 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

İndi isə həmin maddə ləğv edilib və hazırda irəli sürülən maddəyə görə isə o, iki ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.

Dünən cənab İbrahimlə görüşən vəkil Yalçın İmanov BBC Azərbaycancaya bildirib ki, müvəkkili həbsini qanunsuz hesab edir.

"O, hesab edir ki, son qərarın məqsədi veriləcək cəzanın müddətini uzatmaqdır", vəkil əlavə edib.

Məmməd İbrahim AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151003_opposition_activist_arrest" platform="highweb"/></link>. Mikayıl Quliyev sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.