Hakimiyyət Meydan TV jurnalistlərinin saxlanılmasını izah edir

Şəklin mənbəyi, Meydan TV
"Təəssüf ki, “İnteraz”, Euroaz televiziya kanalları, Amerikanın səsi radiosu, Meydan TV internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər", Əli Həsənov rəsmi AZƏRTAC agentliyinə bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov son günlər jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" deyib.
Əli Həsənov bildirib ki, "bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək".
Son bir həftədə Meydan TV-ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Sentyabrın 16-da xəbər portalı ilə əməkdaşlıq edən <link type="page"><caption> Aytac Əhmədova</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150916_meydan_tv_detained" platform="highweb"/></link> idarə tərəfindən saxlanılıb və bir neçə saat sonra azad edilib.

Sentyabrın 20-də isə gecə yerli vaxtla saat 1 radələrində Bakı hava limanında Meydan TV ilə əməkdaşlıq edən daha 3 jurnalist saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva idarədə bir neçə saat gözlədikdən sonra, izahat veriblər, sonra isə azad ediliblər.
Aytən Fərhadovanın BBC Azərbaycancaya verdiyi açıqlamaya görə, hava limanında pasport nəzarəti zamanı hava limanı polisinə "təhvil veriliblər", ardınca isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.
"Bakıya çatanda 01:10, idarəyə çatanda isə saat 04:00 idi. Həmin vaxtdan düz səhər saat 11-in yarısına qədər idarədə gözlədik. Sonra müstəntiqlər gəldi və izahat verdik", jurnalist bildirir.
Onun sözlərinə görə, dindirilmə zamanı müstəntiqlər Minqəçevir hadisələri, Meydan TV-nin fəaliyyəti və Emin Milli haqqında suallar veriblər.
Jurnalist bu prosesi "müstəqil jurnalistikanın məhdudlaşdırılması" kimi dəyərləndirir.
"Azərbaycanda alternativ çox az media var. Ən çox təzyiq olunan isə Meydan TV-dir. Bu addımlar təkcə Meydan TV-yə deyil, həm də onunla əməkdaşlıq edən müstəqil jurnalislərə qarşı yönəlib", Aytən Fərhadova əlavə edib.
"Bizi sırf Meydan TV-dəki jurnalist fəaliyyətimizə görə saxladılar"
Saxlanılan digər jurnalist Sevinc Vaqifqızının sözlərinə görə, onlara valideynləri ilə əlaqə yaratmağa imkan verməyiblər.
"Qanuna görə, 3 saat müddətində valideynlərimizə xəbər vermək üçün şərait yaradılmalıdır. Onlara bildirdim ki, buna icazə verməsələr biz "oğurlanmış" sayılacağıq. Amma yenə də tələbimiz təmin olunmadı", jurnalist bildirir.
"Bu gün Bakıda heç kim Meydan TV ilə əməkdaşlıq etməsə belə, o fəaliyyətini davam edəcək. Çünki Meydan TV fərdlərə yox, dəyərlərə uyğun yaradılıb", Sevinc Vaqifqızı əlavə edir.
Jurnalist İzolda Ağayeva deyir ki, hava limanında saxlanılaraq idarəyə gətirilməklə onlarla "cinayətkar kimi" davranıblar.
"Bizi sırf Meydan TV-dəki jurnalist fəaliyyətimizə görə saxladılar. Bununla məlum oldu ki, onlar jurnalistika ilə məğul olmağı cinayət hesab edirlər", o deyir.
Sentyabrın əvvəlində müxalif meylli Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılaraq<link type="page"><caption> dindirilib.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters" platform="highweb"/></link>

Şəklin mənbəyi, Meydan TV
Vəkili 30 sutka azadlıqdan məhrumetmə cəzası almış Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasovla görüşə bilmir. Bu haqda BBC Azərbaycancaya jurnalistin vəkili Elçin Sadıqov danışıb.
Onun sözlərinə görə, sentyabrın 17-dən Şirin Abbasovla görüşmək üçün cəhdlər etsə də, buna "imkan verilmir".
"Qanunvericilikdə vəkilə müdafiə etdiyi şəxslə dərhal görüşməsinə şərait yaradılması tələb olunur. Sənədlərimi təqdim etməyimə baxmayaraq, bu tələbə məhəl qoyulmur", vəkil bildirir.
Elçin Sadıqov qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona əvvəlcə Abbasovla görüşməyini "rəisin məsləhət bilmədiyini", daha sonra isə "Şirin Abasovun ondan imtina etdiyini" deyiblər.
"Mən onlara bildirdim ki, istənilən halda müdafiə etdiyim şəxslə görüşməliyəm və Abbasov vəkilin özünün iştirakı ilə vəkildən imtina edə bilər. Amma yenə də görüşümüz baş tutmadı", cənab Sadıqov deyib.
Bundan başqa, vəkil bildirib ki, şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 3 gündən artıq saxlanılması da qanunsuzdur.
Elçin Sadıqov bu hallarla bağlı Daxili İşlər naziri Ramil Usubova məktub ünvanladığını da əlavə edir.
Sentyabrın 17-də Meydan TV ilə əməkdaşlıq edən 19 yaşlı Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan sonra ona <link type="page"><caption> 30 sutka azadlıqdan məhrumetmə cəzası</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150917_azeri_journo_disappearance" platform="highweb"/></link> verilib.





