“Təzyiq: Cənubi Qafqazda jurnalistləri birləşdirən ümumi problem”

Şəklin mənbəyi, Other
- Müəllif, Vüsal Həmzəyev
- Vəzifə, bbcazeri.com
Silahlı münaqişələrin və siyasi çəkişmələrin mövcud olduğu Cənubi Qafqaz ölkələrində jurnalistlərin fəaliyyəti və mediaya nəzarət bu ölkələrin bir-birinə bənzəyən problemlərindəndir.
Müstəqillik əldə etdikdən bəri Azərbaycan, Ermənistan və Gürcüstanda jurnalistlərin müstəqil fəaliyyətinə və kütləvi informasiya vasitələrinin işinə maneələr, jurnalistlərə qarşı zorakılıq və həbs halları ilə bağlı faktlar qeydə alınıb.
Bu ölkələr arasında daha çox Azərbaycanda jurnalistlər təqib olunsa da, araşdırmamız digər iki ölkədə də jurnalistlərin təzyiqsiz fəaliyyət göstərdiyini deməyə imkan vermir.
Human Rights Watch təşkilatının məlumatına görə, Azərbaycanda ötən il azı 10 jurnalist həbs olunub.
BBC Azərbaycancaya danışan qafqazlı jurnalistlər münaqişələrlə bol olan bu regionda üzləşdikləri problemlərdən, öz hekayələrindən və ölkələrində söz azadlığının vəziyyətindən danışır.
Azərbaycan
Lalə Əliyeva Bakı Slavyan Universitetinin Jurnalistika fakultəsini bitirib. Daha sonra Tbilisidə GİPA universitetində Jurnalistika və Medianın İdarə Olunması ixtisası üzrə magistr dərəcəsi alıb.

Şəklin mənbəyi, Lala Aliyeva
Bir ilə yaxındır ki, “Chai Khana” qeyri hökumət təşkilatında Azərbaycan üzrə koordinator vəzifəsində çalışır.
Mərkəzi ofisi Tbilisidə yerləşən təşkilatın internet saytında deyilir ki, “QHT-nin əsas qayəsi Cənubi Qafqazda daha açıq, etik dəyərlərə sahib və peşəkar alternativ media bazası yaratmaqdır”.
Jurnalistin özü isə bu ixtisası seçməkdə əsas məqsədinin “ədalətsizliklə mübarizə aparmaq və insanlara həqiqəti çatdırmaq” olduğunu bildirir.
“Daha çox Azərbaycan mediasının əhatə etmədiyi mövzuları işıqlandırmağa çalışıram. Yerli mediada urbanizasiya, ətraf mühit, bazar, gənclərin problemləri, gender və digər mövzular kifayət qədər işıqlandırılmır”.
Əliyeva deyir ki, Azərbaycanda jurnalist olmaq çətin olduğu üçün maraqlıdır. “Jurnalist üçün ən vacib ehtiyac, söz azadlığıdır və Azərbaycanda jurnalistlər söz azadlığından məhrumdur, buna görə də bu ölkədə jurnalist kimi çalışmaq çox çətindir,” Lalə Əliyeva deyir.
Berlində mənzillənmiş Meydan TV ilə əməkdaşlıq edən və son günlər Baş prokurorluq tərəfindən dindirilən jurnalistlərdən biri də Natiq Cavadlıdır.

Şəklin mənbəyi, Natiq Cavadli
O, Azərbaycan Pedoqoji Universitetində Tarix fakultəsində təhsil alsa da, hazırda jurnalistika ilə məşğuldur və müstəqil jurnalist kimi fəaliyyət göstərdiyini bildirir.
Natiq Cavadlı ixtisası üzrə iş tapmaqda çətinlik çəkdiyindən jurnalistika ilə məğul olmağa məcbur olduğunu, daha sonra isə “jurnalist olmağın vacib olduğu qənaətinə gəldiyini” deyir.
Cavadlının sözlərinə görə, Azərbaycanın bir sıra məmurları, “Azərbaycan jurnalistləri peşəkar deyil” cümləsini işlətməyi çox sevir. Ancaq o sual edir ki, “Azərbaycan məmurları media ilə peşəkar səviyyədə işləyirlərmi, onların qapısı azad və müxalif mediaya açıqdırmı?”
Jurnalistin fikrincə, Azərbaycandakı hakimiyyətə “azad mətbuat sərf etmir, çünki azad mətbuatın sualları səngimir və ölkədə jurnalistlərə basqıların səbəbi də budur".
O deyir ki, jurnalistin suallarına cavab vermək əvəzinə, jurnalist haqqında məhkəmə iddiası qaldırılır və bu iddiaların əsasında "şantaj və böhtan" dayanır. “Nəticədə həbsxana mərhələsi başlayır, yaxud da işgəncə və qətl".
Cavadlı son on il ərzində Azərbaycanda qətlə yetirilmiş jurnalistlər Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyevin "yazdığı fikirlərə görə qətlə yetirildiyini və hər üçünün ifadə azadlığına qarşı hücumların qurbanı olduğunu" deyir.
O, Azərbaycandakı 17 illik jurnalist fəaliyyəti boyunca bir neçə dəfə fiziki zorakılığa, təhqirlərə və polis dindirmələri hallarına məruz qaldığını bildirir.
Jurnalist sentyabrın 2-də “Mingəçevir hadisələri ilə bağlı cinayət işi”nə dair şahid qismində ifadə verib və ona Meydan TV ilə əməkdaşlığına dair sualların verildiyini bildirib.
Bütün bunlara baxmayaraq, jurnalist Azərbaycanı birdəfəlik tərk etmək niyyətində olmadığını bildirir. “Biz ölüm təhlükəsi altında işləyirik, lakin olduqca faydalı işlə məşğuluq,” Cavadlı deyir.
Human Rights Watch təşkilatının Azərbaycanla bağlı son hesabatına görə, 2014-cü ildə Azərbaycanda ən azı 10 jurnalist, bloqqer və sosial media fəalı həbs edilib və ya məhkum edilib.
Son 10 il ərzində Azərbaycanda üç jurnalist qətli faktı qeydə alınıb – 2005-ci ilin mart ayında hökuməti tənqid edən rusdilli Monitor jurnalının baş redaktoru Elmar Hüseynov yaşadağı evin blokunda odlu silahla qətlə yetirilib.
Jurnalist Rafiq Tağı isə 2011-ci ilin noyabr ayında naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi endirildikdən sonra əməliyyat olunsa da, hospitalda həyatını itirib.
Ən son olaraq Rasim Əliyev, Bayıl qəsəbəsində yerləşən mağazanın önündə bir qrup şəxsin hücumuna məruz qalıb. O, aldığı "çoxsaylı bədən xəsarətlərindən" <link type="page"><caption> hospitalda vəfat edib</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150809_rasim_aliyev_dies" platform="highweb"/></link>.
2014-cü ilin dekabr ayında isə Azadlıq Radiosunun Bakı bürsonun ofisində keçirilmiş axtarışdan sonra, prokurorluq əməkdaşları ofisin qapısını möhürləyərək polisə təhvil veriblər.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin baş vermədiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın "mətbuat azadlığı reytinqi ilə problemin olmadığını" bildirib.
Son aylarda isə Azərbaycanda jurnalist həbsi, təqibi və hətta qətli xəbərləri daha çox müzakirə olunur – araşdırmaçı jurnalist Xədicə İsmayılova mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə etmə maddələri ilə ittiham edilərək 7 il 6 ay müddətinə <link type="page"><caption> azadlıqdan məhrum edilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150901_khadija_verdict" platform="highweb"/></link>. Jurnalist Rasim Əliyev hücuma məruz qalaraq xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirib. Berlində mənzillənən müxalif Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist isə <link type="page"><caption> dindirilmək üçün</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters" platform="highweb"/></link> Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.
Bir sıra insan haqları təşkilatları və Qərb hökumətləri həbsdə olan jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını tələb edib. Azərbaycan hökuməti isə tənqidlərin qəbuledilməz olduğunu və Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olduğunu bildirib.
Avropa Parlamenti qətnamə qəbul eərək Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılıb. Qətnamədə xüsusilə Xədicə İsmayılovanın adı çəkilir və jurnalist Rasim Əliyevin ölümünün "sürətlə" araşdırılması tələb olunur.
Azərbaycan parlamenti isə bu qətnaməni “qərəzli” adlandırıb.
Ermənistan
Yuri Manvelyan Azərbaycanda, o zamankı Kirovabad (Gəncə) şəhərində doğulsa da, iki ölkə arasında müharibə başlayandan sonra valideynləriylə birgə Azərbaycanı tərk etməyə məcbur olub.

Şəklin mənbəyi, Yuri Manvelyan
O, Yerevandakı Slavyan Universiteti və Qafqaz Media İnstitutunda təhsil alıb.
Yuri Manvelyanın atası da jurnalistdir və dediyinə görə, jurnalizmə marağı da elə atasının fəaliyyətindən qaynaqlanır.
“Mən vətənpərvərliyin təşviq olunduğu radioda işləməyə başladım. Biz, məsələn, “Erməni Soyqırımı”na dair Britaniya səfirinin laqeyid münasibətini tənqid edirdik, Qarabağı birmənalı olaraq Artsax adlandırırdıq. Daha sonra məni orduya çağırdılar. Məhz orda mən ilk dəfə jurnalistika ilə ciddi maraqlanmağa başladım,” Manvelyan deyir.
2008-ci ildə Yerevanda 10 nəfərin ölümü və yüzlərlə insanın həbsi ilə nəticələnmiş seçkilərə etiraz mitinqi zamanı hakimiyyətə loyal olmayan kütləvi informasiya vasitələri 20 gün ərzində qapadılıb.
Həmin zaman bir müddət alternativ media sayılan İnternet qəzetində işləyən Manvelyan deyir ki, “ilk öncə senzuraya məruz qalmayan yeganə alternativ media qurumunun” redaksiyasını da tərk etməyə məcbur olublar.
Yuri Manvelyan hazırda Epress.am İnternet qəzetində işləyir. Jurnalist əsasən “hakimiyyət, hərbi, dini və gender zorakılığı” mövzusunda yazdıqlarını deyir.
“Biz həmçinin regiondakı silahlı münaqişələri diqqət mərkəzində saxlamağa və informasiya müharibəsində iştirak etməməyə çalışırıq,” Manvelyan bildirir.
Onun sözlərinə görə, əsas problemləri maliyyə çatışmazlığıdır və hərdən müxtəlif yerli və Avropa fondlarından maliyyə dəstəyi alırlar.
Manvelyanın sözlərinə görə, Ermənistandakı televiziya şirkətləri və digər kütləvi informasiya vasitələri prezident administrasiyası və hakim ailə tərəfindən idarə olunur.
“Ermənistanda jurnalistləri daim təhdid edir və qorxutmağa çalışırlar,” Manvelyan deyir.
O deyir ki, bu ilin iyun ayında Yerevanın mərkəzində elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən nümayiş iştirakçıları ilə yanaşı, aksiyanı işıqlandıran jurnalist və operatorlara qarşı da hakimiyyət qüvvələri tərəfindən zorakılıq olub.
“Biləndə ki, jurnalistsən, ilk soruşulan sual budur ki, kimə işləyirsən? Ermənistanda media bu və ya digər hakimiyyət orqanına xidmət edir,” jurnalist deyir. “Cəbhə bölgəsində gərginliyin artığı zaman isə, mənsubiyyətindən asılı olmayaraq bütün mətbuat orqanları, peşəkarlığı unudaraq, vətənpərvərlik yarışına çıxır,” o əlavə edir.
Manvelyanın sözlərinə görə, Ermənistanda ordu və onun rəhbərliyinin tənqidi “vətənə xəyanət” hesab edilir.
Lakin buna baxmayaraq o qeyd edir ki, Azərbaycanla müqayisədə, Ermənistanda jurnalistlərin həbsi halları tez-tez baş vermir. “Lakin bütün bunların fonunda mənə elə gəlir ki, ölkədə azadlıqlar bizim istifadə etdiyimizdən daha çoxdur,” o deyir.
Yuri Manvelyan həmçinin onlara qarşı, “düşmən dəyirmanına su tökürsüz”, “ermənilərlə azərbaycanlıları bir tərəziyə qoyursuz”, “Qərbin Ermənistandakı ailə dəyərlərini parçalama və mentalitetə qarşı kampaniyasında iştirak edirsiz” kimi ittihamlarla təzyiqlərin olduğunu da bildirir.
CivilNet.am onlayn televiziyasının jurnalisti olan Arpi Maxsudyan isə hesab edir ki, Ermənistanda söz azadlığı ilə bağlı heç bir problem yoxdur. “Biz istədiyimizi yaza və müzakirə edə bilirik. Bizim əsas problemimiz medianın təsiri və nüfuzu ilə bağlıdır,” jurnalist deyir.

Şəklin mənbəyi, Arpi Makhsudyan
Human Rights Watch hesabatına görə isə, Ermənistanda media plüralizmi məhduddur.
Hesabatda deyilir ki, iyun ayında Yerevanda polis departamentinin önündə həbs edilmiş fəalların azadlığa çıxmasını gözləyən CivilNet jurnalistləri Ani Gevorgyan və Arpi Maxsudyan polis hücumuna məruz qalıb.
İyunun 23-də Yerevanda keçirilmiş dinc aksiya zamanı polisin nümayiş iştirakçılarına hücumu zamanı hadisəni işıqlandıran bir neçə jurnalist də xəsarət alıb və həbs edilib.
Müstəqil Gala TV jurnalisti olan Paylak Fərhadyanın Human Rights Watch təşkilatına bildirdiyinə görə, uniformalı polisin ona hücum etməsi nəticəsində xəsarət alıb, baxmayaraq ki, o, media mənsubu olduğunu nümayiş etdirən geyimdə olub.
Gürcüstan
Levan Çuqoşvili 2011-ci ildən Gürcüstanın ən böyük televiziya kanallarından biri sayılan İmedi TV-də işləyir. O, Tbilisi Dövlət Universitetində Jurnalistika və Kütləvi Kommunikasiyalar fakultəsini bitirib.

Şəklin mənbəyi, Levan Chugoshvili
Çuqoşvili deyir ki, Gürcüstanda jurnalist olmaq, heç şübhəsiz, çox maraqlıdır. "Mən həmişə Gürcüstandadakı ən maraqlı xəbərlərin episentrində oluram və tez-tez də işimlə əlaqədar olaraq xarici ölkələrə səfərlər edirəm".
O əmindir ki, hətta ən inkişaf etmiş ölkələrdə belə hakimiyyət, media üzərində nəzarəti ələ almaqda maraqlıdır. "Lakin əgər sən peşəkarsansa, hakimiyyət nümayəndələrinin bəyənib-bəyənməməsindən asılı olmayaraq, yalnız faktları yazmalı və danışmalısan", Çuqoşvili deyir.
Jurnalist deyir ki, Gürcüstanda mətbuat qismən azaddır. Sərhədsiz Reportyorlar Təşkilatının hesabatına görə, Gürcüstan mətbuat azadlığına görə 180 ölkə arasında 69-cudur. "Bu keçən illə müqayisədə daha yaxşı nəticədir, Lakin əlbəttə ki bəzi problemlər var", jurnalist deyir.
Mərhum media maqnatı Badri Patarkatsişvilinin ailəsinə məxsus olan İmdei TV avqustun 29-da bəyan edib ki, kanalda yayımlanan siyasi müzakirə proqramı fəaliyyətini dayandırır.
Bəzi media analitikləri və müxalifət nümayəndələri hadisəni Gürcüstanda azad medianın məhdudlaşdırılması kimi qiymətləndirib.
Bundan başqa, Gürcüstanın digər böyük televiziya şirkəti olan Rustavi 2 televiziyasının əmlakı müsadirə edilib və kanal rəhbərliyi bunu siyasi motivli qərar hesab edir.
Lakin Levan Çuqoşvili deyir ki, ona qarşı heç bir təzyiq və zorakılıq halı baş verməyib. "Mən istədiyimi deyə və ölkədə baş verənlər haqqında yaza bilərəm. Deyə bilərəm ki, mən azad jurnalistəm və ümid edirəm ki, bu həmişə belə olacaq", Çuqoşvili deyir.
Yeni fəaliyyətə başlayan və internet üzərindən çalışan çoxdilli JAMnews əməkdaşı Diana Petriaşvili deyir ki, çalışdığı media platformu bütün Cənubi Qafqazı hatə edir və hətta Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ kimi münaqişə bölgələrini də.

Şəklin mənbəyi, Diana Petriashvili
O deyir ki, əvvəlki dövrlərdən fərqli olaraq, siyasi prosesləri əhatə etməyə marağının azaldığını hiss edir. “İndi mən daha çox sosial siyasət, insan haqları, gender problemləri mövzuları ilə maraqlanıram. Bu mövzuların daha yaxşı işıqlandırldığını görmək istəyirəm və məncə məhz bu sahələr bizim mediada yetərincə işıqlandırılmır,” Petriaşvili deyir.
Jurnalist Qafqazdakı cəmiyyətlərinin dəyişəcəyinə və auditoriyanın gələcəkdə daha az siyasiləşəcəyinə ümid etdiyini bildirir.
Petriaşvili Gürcüstanda mətbuat azadlığından danışarkən bir sıra ciddi problemlərin olduğunu deyir. “Media davamlı olaraq müxtəlif siyasi qüvvələrin manipulyasiyasına məruz qalır. Yayımla məşğul olan media isə daha həssasdır. Xüsusilə isə paytaxtdan kənarda işləyən jurnalistlərlə bağlı vəziyyəti qeyd etmək istərdim,” o deyir.
"Gürcüstan regionlarında jurnalistlərə qarşı zorakılığa dair bir neçə hal mövcuddur", jurnalist əlavə edir.
O deyir ki, özünə qarşı heç bir fiziki zorakılıq halı baş verməsə də, müsahibə aldığı şəxslərin sonradan öz fikirlərindən boyun qaçırmasına dair bir neçə fakt mövcuddur.
"Mən Gürcüstanı tərk etmək istəmirəm. Mən burada bəzi pozitiv dəyişikliklərə nail olmaq istəyirəm", Diana Petriaşvili bildirir.






