Milli Məclis Avropa Parlamentinə "cavab verib"

Şəklin mənbəyi, Getty
Milli Məclis dünən keçirilmiş növbədənkənar xüsusi iclasda Euronest Parlament Assambleyasında iştirakının dayandırılması prosedurlarına başlamaq haqqında qərar qəbul edib.
Qərara görə, prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Qərar Avropa Parlamentinin Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı sentyabrın 10-da qəbul olunmuş qətnaməsinə "cavabdır".
Milli Məclis Avropa Parlamentindən "Avropa İttifaqı və Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətə son qoymaq, Azərbaycana qarşı fəaliyyət üçün ölkə barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəkmək" tələb edilib.
Qərarda həmçinin Avropa Parlamentindən tələb edilib ki,"konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə və hələ keçirilməmiş parlament seçkiləri ilə bağlı qərəzli çağırışlar edilməsinə son qoysun".
Azərbaycan Nazirlər Kabinetinə isə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədə uyğunluğu məsələsinə yenidən baxmaq tövsiyyə olunub, APA xəbər verir.
Nazirlər Kabinetinə o da tövsiyə edilib ki, "Azərbaycanın rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə, qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin”.
Sentyabrın 10-da qəbul edilmiş Avropa Parlamentinin qətnaməsində Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılıb.
Qətnamədə xüsusilə Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunusun adları çəkilir, jurnalist Rasim Əliyevin ölümünün "sürətlə" araşdırılması tələb olunur.
Bu qətnamənin lehinə 365, əleyhinə 202 parlament üzvü səs verib. 72 parlament üzvü isə səs verməyib.
Rəsmi Bakı Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməni "kəskin şəkildə qınadığını" bildirib.
Dünənki iclasda spiker Oqtay Əsədov çıxış edərək qətnamənin qəbul edilməsi ilə "Azərbaycana şər və böhtan atıldığını" bildirib.
Onun sözlərinə görə, bu qətnamənin qəbul edilməsinin əsas hədəfləri "Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir".






