Mehman Hüseynova şəxsiyyət vəsiqəsinin veriləcəyi "vəd edilib"

Səbail rayon Polis İdarəsində bloqqer Mehman Hüseynova şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı problemin sentyabrın 9-da aradan qaldırılacağı barədə vəd verib. Bunu Mehman Hüseynov BBC Azərbaycancaya açıqlamasında bildirib.
Mehman Hüseynov sentyabrın 6-da ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi almaq istəyərkən polis tərəfindən bir saat müddətinə saxlanılıb və sonra azad edilib.
2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb. Bloqqer deyir ki, onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu 2014-cü ildə Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən alınıb.
O, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib və ona, hər hansı sənəd alması üçün qadağa olmadığı cavabı verilib.
"Buna görə 4 gün öncə vəsiqə almaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etdim. Bildirdilər ki, üç gündən sonra gəlib sənədlərimi götürə bilərəm. Bazar günü mənə ASAN xidmətdə bir qədər gözləməyimi və vəsiqənin çap olunduğunu dedilər. Sonra isə polislər gəldi və bölməyə getdik", Hüseynov deyib.
Mehman Hüseynov onu da əlavə edib ki, sentyabrın 9-da şəxsiyyət vəsiqəsini ala bilməsə, məhkəməyə müraciət edəcək.

