Mehman Hüseynov: “Dedilər səni yenidən narahat edəcəyik, asta ol”

Mehman Hüseynov
Şəklin alt yazısı, Mehman Hüseynov bu gün Prokurorluqda dindirilərək buraxılıb.

Çərşənbə günü səhər saxlanılaraq Baş Prokurorluğa aparılmış gənc bloqer Mehman Hüseynov sorğu-sual zamanı ona xəbərdarlıq edildiyini deyir.

“Mülki geyimli şəxs səhər iş yerimə gəlib burda hansısa tədbirin keçiriləcəyi haqda soruşdu. Mən bir az şübhələndim. Aşağı həyətə düşmüşdüm ki, o adam yenə məni söhbətə çəkdi və danışdıqca ofisdən uzaqlaşdıq. Elə bu an 5 mülki geyimli şəxs hücum edib məni maşına mindirmək istədilər. Dedim ki, ehtiyac yoxdur, özüm maşına minirəm”, bloqer BBC Azərbaycancaya deyib.

“Öncə Bakı şəhər Baş Polis İdarəsinə aparılacağımı dedilər. Ardınca Daxili İşlər Nazirliyinə apardılar, amma ordan da Baş Prokurorluğa gətirdilər. Yolda mənə dedilər ki, hansısa böyük problem var. 6 saata yaxın 2 prokuror məni dindirdi. Dünən gecə sosial şəbəkələrdə yayımladığım yeni satirik videoroliklə bağlı sorğu sual etdilər”- o, dindirilməsini belə təsvir edir.

Bloqerin dünən YouTube-a yüklədiyi 300 Spartalı videosuna minlərlə əfə baxılıb.

Özünün dediyinə görə, prokurorluqda dindirilmə zamanı ona heç bir təzyiq olmayıb, ancaq "asta olmaq" tövsiyyə edilib.

"Çağırış"

Mehman Hüseynovun sözlərinə görə, prokurorluqda ona bu videonun ajiotaj yaratdığını deyiblər.

“Videodan bir məqamı göstərdilər. Harda ki, spartalı Cəmil Həsənlinin səsi ilə deyir ki, bu hakimiyyət getməlidir. Mənə dedilər ki, bu çağırışdır, sən istəyirsən xalq ayağa qalxsın? Mən dedim ki, siyasətçi deyiləm, bloqerəm və siyasi satira bir mədəniyyətdir. Dedilər ki, hakimiyyətə sataşmısan və qanunlardan danışmağa başladılar. İğtişaşlara çağırış etdiyimi iddia etdilər, ərəb inqilablarından nümunə gətirdilər”.

Cənab Hüseynov prokurora prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə “ Azərbaycanda internet azaddır” sözünü xatırlatdığını deyir.

“Əgər bu ölkənin prezidenti belə deyirsə, siz nədən qorxursuz deyə sual etdim və təzyiqlərə görə geri dönməyəcəyimi bildirdim. Dedim ki, fotoreportyor kimi hər şeyi qanuni edirəm. Mənə xəbərdarlıq etdilər ki, seçkilər ərəfəsi fəaliyyətimi asta aparım. “Başa salmağa” çalışdılar”- gənc bloqer deyir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, cənab Hüseynovun saxlanmasının səbəbi “sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılmasıdır”.

Fotoreportyor saxlanılmasını və dindirilməsini özünə qarşı təzyiq hesab edir.

“Bildirdilər ki, səni yenidən narahat edəcəyik. Haçan istəsələr, oğurluya bilirlər. Bu mənə və gənc fəallara qarşı bir təzyiqdir. Digər gənclərə göstərmək istəyirlər, “ehtiyatlı” olmaq lazımdı. Bu mesajdır", o iddia edib və "Məni yolumdan heç kim döndərə bilməz. Satirik videoroliklərini davam etdirəcəyəm”, deyə əlavə edib.

Mehman Hüseynov saxlanılma və dindirilmə zamanı heç bir fiziki , psixoloji təzyiqə məruz qalmağınını söyləyib.

“Bunu peşə fəaliyyətimə görə edirlər ki, qorxum, ya da çəkinim”.