Baş Prokurorluq: Mehman Hüseynov "izahat üçün" dəvət olunub

Mehman Hüsyenov
Şəklin alt yazısı, Mehman Hüseynov ötən il həbs olunduqdan sonra buraxılmışdı.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, gənc bloqer Mehman Hüseynov bu gün səhər mülki geyimli polislər tərəfindən saxlanıldıqdan sonra buraxılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, cənab Hüseynovun saxlanmasının səbəbi “sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılmasıdır”.

RATİ-dən BBC Azərbaycancaya Mehman Hüseynovun artıq azad olunduğunu, Baş Prokurorluqdan çıxdığını deyiblər.

Onu prezidentliyə namizədlərlə bağlı 300 Spartalı videosu ilə bağlı dindiriblər, RATİ-dən Günay İsmayılova deyib.

İzahat

“Hüseynov izahat alınması üçün Baş Prokurorluğa dəvət edilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”, cənab daha öncə bildirib. Sultanov bildirib.

Məlumata görə, bir neçə mülki geyimli şəxs səhər saat 10 radələrində təşkilatın ofisinə gələrək bloqeri Bakı şəhər Baş Polis İdarəsinə aparmaq üçün gəldiklərini bildiriblər.

“Bu şəxslər ofisə daxil olmayıblar. Sadəcə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin Mehmanla danışmaq istədiyini deyiblər. Bundan sonra Mehman həyətə düşəndə “Prado” markalı maşına mindirib aparıblar”.

300 spartalı

Vəkil Elçin Sadıqov deyib ki, cənab Hüseynov satirik video rolikə görə saxlanılıb.

“Onu prezident seçkilərinə həsr olunmuş “300 spartalı” video rolikinə görə saxlayıblar".

Mehman Hüseynov Azadlıq Radiosuna müsahibəsində hazırladığı videonun qanunsuz olmadığını, "satirik videolar hazırlamaqda davam edəcəyini" bildirib.

Videoda tanınmış filmin personajları Azərbaycanda prezidentliyə namizədlərin televiziya debatlarında istifadə etdikləri sözlərlə danışırırlar.

YouTube-a dünən yüklənmiş videoya 9 mindən artıq baxılıb.

Ötən il iyun ayında cənab Hüseynov mitinqlərdə Çevik Polis Alayının xüsusi təyinatlı dəstəsinin birinci manqa komandirinə güc tətbiq etməkdə təqsirləndirmişdi.

Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Bir müddət sonra azadlığa buraxılsa da, ona ölkəni tərk etməmək haqda iltizam alınıb.

Bloqerin qardaşı, RATİ-nin rəhbəri Emin Hüseynov ona irəli sürülən ittihamın siyasi motivli olduğunu bildirmişdi və onun fəaliyyətinə görə gənc bloqerin həbs olunduğunu demişdi.