Fotoreportyor Mehman Hüseynov "həbs edilib"

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) fotoreportyoru Mehman Hüseynov həbsindən qabaq ona qarşı atılan addımı "peşə fəaliyyəti ilə" bağlayıb.
İyunun 12-də RATİ, Hüseynovun Səbail Rayon Polis İdarəsinə dəvət edilməsi və haqqında Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, “ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda günahlandırıldığı” barədə məlumat yayıb.
Çərşənbə axşamı polisə çağırılmasını şərh edən jurnalist BBC Azərbaycancaya deyib ki, “əvvəlcə evlərinə çağırış gəlib, lakin Gürcüstanda təlimdə iştirak etdiyindən dindirilməsi ertələnib”:
“Çağırışda bildirilmirdi ki, məni şahid kimi və ya şübhəli kimi dəvət edirlər”, Hüseynov əlavə edir.
Hüseynov, haqqında cinayət işi açıldığını isə bazar ertəsi bilib.
Daxili İşlər Nazirliyi yerli mediaya bildirib ki, fotoreportyor İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirdiyi aksiyada polisə müqavimət göstərib.
Nazirlik Hüseynovun istintaqa cəlb edilməsinin “fakt üzrə aparıldığını” bildirir.
Peşə fəaliyyətinə görə həbs ediləcəyini bildirən Hüseynov, “Eurovision-dan sonra belə hadisələri gözlədiyini, lakin bu sürətlə olacağını gözləmədiyini” deyir.
Mehman Hüseynov RATİ-nin əməkdaşı kimi və “Demokratiya naminə oxu” kampaniyasının üzvü kimi Eurovision-2012 Mahnı Müsabiqəsi zamanı müxtəlif aksiyaları işıqlandırıb.
Paytaxt Bakı bu il may ayının 22-26 aralığında Eurovision-2012 Mahnı Müsabiqəsinə ev sahibliyi edib.
“Demokratiya naminə oxu” kampaniyası müsabiqə ərəfəsində beynəlxalq təşkilatların diqqətini ölkədə insan hüquqları, media, ifadə və toplaşma azadlıqlarının vəziyyəti ilə tanış edib.




