Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər dindirilir

Şəklin mənbəyi, Aysel Umudova
Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.
Jurnalistlərdən biri Natiq Cavadlı BBC Azərbaycancaya bildirib ki, çərşənbə günü təxminən saat 12-də "Mingəçevir hadisələri ilə bağlı cinayət işi"nə dair şahid qismində ifadə verməyə çağrılıb.
Çərşənbə günü həmçinin jurnalistlər -İzolda Ağayeva və Cavid Abdullayev, ötən gün isə Sevinc Vaqifqızı dindirilib, sabah isə Şirin Abbasov ifadə verməlidir.
Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, Meydan TV ilə əlaqədar ictimaiyətə ətraflı açıqlama veriləcək.
Mingəçevir hadisələri

Şəklin mənbəyi, BBC World Service
"Əsas suallar Meydan TV ilə bağlı idi. Mən dedim ki, Mingəçevir hadisələri zamanı Azərbaycanda olmamışam, Meydan TV-də də işləmirəm, başqa yerlərlə olduğu kimi əməkdaşlıq edirəm, qonorar da almıram", Natiq Cavadlı dindirilmədən sonra BBC Azərbaycancaya bildirib.
İzolda Ağayeva da bildirib ki, ona da oxşar suallar verilib. O, hadisələr zamanı Mingəçevirdə "olmadığını" söyləyib.
Sentyabrın 1-də Sevinc Vaqifqızı təxminən 3 saat dindirilib. O, BBC Azərbaycancaya bildirib ki, "onu Mingəçevir hadisələri ilə ifadə verməyə çağırıblar, lakin sualların əksəriyyəti Meydan TV-nin fəaliyyəti barədə olub".

Şəklin mənbəyi, Elnur Muxtar
"Müstəntiq Ramin Alıverdiyev Meydan TV-nin fəaliyyəti ilə bağlı soruşurdu, mən etiraz edib ifadə verməkdən imtina edəndə müstəntiq Sənan Paşayev içəri daxil oldu və Mingəçevirə nə zaman getməyim, orada hansı müddətdə olmağım, hansı işlə məşğul olmağım barədə soruşuldu", deyən jurnalist qeyd edir ki, "mən bildirdim ki, hadisə baş verəndən yalnız iki gün sonra orda olmuşam".
Jurnalistlərin sözlərinə görə onlara Meydan TV-nin təsisçiliyi, idarəetmə, maliyyə məsələləri və Meydan TV rəhbəri Emin Milli barədə detallı suallar verilib.
Mingəçevir şəhərində 27 yaşlı gəncin polis bölməsində ölümündən sonra <link type="page"><caption> etiraz nümayişi keçirilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150822_mingechevir_protest" platform="highweb"/></link>.
Emin Milli
Ötən gün Meydan TV-nin rəhbəri Emin Milli Facebook səhifəsində jurnalistlərin dindirilməsini qınayan bəyanat verib.
"Son günlər Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistləri Respublika Prokurorluğunun Ağır Cinayərlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb Meydan TV-nin əməkdaşı kimi dindirməyə çalışırlar", cənab Milli qeyd edib.

O baş verənlərdə məqsədin "azad sözü boğmaq, alternativ fikir yayan Meydan TV-ni susdurmaq" olduğunu qeyd edib.
"Meydan TV-nin direktoru olaraq bəyan edirəm ki, hələ 2014-cü ilin sonunda Meydan TV-nin Bakı ofisi bağlanıb. Onun Azərbaycanda ofisi və rəsmi əməkdaşları yoxdur. Hazırda isə jurnalist və yazarların heç biri bizimlə rəsmi əməkdaşlıq etmir.




