Emin Milli "qohumunun həbsinə görə ondan imtina edildiyini" deyir

Emin Milli qohumları ilə "fəxr etdiyini" və onlardan "imtina etmədiyini" bildirib
Şəklin alt yazısı, Emin Milli qohumları ilə "fəxr etdiyini" və onlardan "imtina etmədiyini" bildirib

Meydan TV-nin rəhbəri Emin Milli "qohumlarının əmisi oğlu həbs olunduğuna görə ondan imtina etdiklərini" deyir.

Emin Milli Facebook hesabında yazıb ki, qohumları "məcburi şəkildə" Prezidentə məktub yazdıqlarını "inkar edirlər və öz xoşları ilə Prezidenti dəstəklədiklərini deyirlər".

"İndi öyrəndim ki, bir neçə gün qabaq mənim əmim oğlu Polad Abdullayev həbs edilibmiş. Qohumlarımın bəyanatı onu azad etdirmək üçün məcburi atılan bir addım idi. Polad indi azad olunub. Qohumlarıma qarşı kütləvi repressiyaların tətbiq olunması davam edir. Bir çoxu bu barədə danışmaq belə istəmir", o qeyd edib.

BBC Azərbaycanca Daxili İşlər Nazirliyindən Polad Abdullayevin həbsi edilməsi iddiası ilə bağlı şərh ala bilməyib.

Bir neçə gün əvvəl Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildiriblər.

Əsasən əmi və bibilərinin ailələri daxil olmaqla, 23 nəfər qohumun adından yazılan müraciətdə deyilir ki, onlar "Azərbaycan Respublikasının Konstitusiyası qanunlarına tabe olmayan bu şəxsin pis əməllərinə" etiraz bildirir.

Təxminən bir həftə əvvəl Emin Millinin qohumu Nazim Ağabəyovun narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edildiyi iddia edilir. Daxili İşlər Nazirliyi hadisəni BBC Azərbaycancaya təsdiqləməyib.

"Abdullayev Emin Paşa oğlu (Emin Milli) bu gün güclü sosial siyasətə və iqtisadiyyata malik olan respublikamızın böyük uğurlarına, inkişaf və tərəqqisinə, xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü “qəhraman” kimi qələmə vermək istəyir", hakim partiya üzvü olduğunu deyən əmioğlu, Ağabəy Abdullayev bildirib.

Onun sözlərinə görə, qohumlar "bu çirkin əməl sahibinə pis işlərdən uzaq olması" üçün tövsiyyələr verib.

"Törətdiyi çirkin əməlləri ilə cəmiyyətə ayrı-seçkilik salmaq istəyən bu şəxs düzgün fikir altında müstəqil Azərbaycan torpağında – azad bir məmləkətdə nəinki sakit yaşamaq istəyir, görünür ki, xarici ölkələrdə ailəsiz, qohumsuz, dinsiz, dilsiz, mentalitetsiz yaşamağı daha üstün tutur", teref.info saytında çap edilən müraciətdə qeyd edilib.

Sosial şəbəkələrdə səs-küylə qarşılanan bu müraciətlə bağlı Emin Milli qohumlarının hərəkətini "kreativ" adlandırıb və yazıb ki, o "qohumları ilə fəxr edir və onlardan imtina etmir".