Azərbaycan XİN-i ABŞ Dövlət Departamentinin bəyanatını qınayıb

xin

Azərbaycanın Xarici işlər Nazirliyi ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda jurnalistlərin qohumlarına qarşı təzyiqlər barədə bəyanatını qınayıb.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam surətdə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur.

"Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr məhkəmənin işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil", o deyib.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və sivil cəmiyyət fəallarının həbslərindən dərin narahatlıq keçirir.

Bəyanatda bildirilir ki, Departament Azərbaycana hökumətinə öz vətəndaşlarının universal hüquqlarına hörmət etməsinə, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etməsinə və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan verməsinə təkid edir.

Dövlət Departamentinin mətbuat idarəsi Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirir ki, ötən günlərdə "Azərbaycan Saatı" proqramının aparıcısı Qənimət Zahid və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları "müxtəlif qeyri-siyasi maddələrlə" həbs olunublar.

“Cənab Zahid və Milli bu həbsləri özlərinin jurnalist fəaliyyəti ilə əlaqələndirir. Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi qaydada qeyri-siyasi maddələrlə həbs olunurlar. Bu sırada "narkotik maddə gəzdirmək", "xuliqanlıq" və "vergidən yayınma" ittihamları geniş yer alır”, sənəddə deyilir.

Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin bu bəyanatının Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güddüyünü və “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsi olduğunu deyir.

"Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır", açıqlamada deyilir.

Azərbaycan XİN ABŞ-ın beynəlxalq təşkilatların və ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadığını bildirir.

"ABŞ-ın ölkəni bürümüş polis zorakılığı və sistematik irqi-ayrıseçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur".

Təxminən bir həftə əvvəl Meydan TV-nin rəhbəri Emin Millinin qohumu Nazim Ağabəyovun narkotik maddə saxlamaqda ittiham olunaraq həbs olunduğu iddia edilir.

BBC Azərbaycancaya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ehsan Zahidov Nazim Ağabəyovun həbs olunduğunu təsdiqləməsə də, "Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə həbs olunmur. Bu iddialar böhtandır" deyib.