İlqar Məmmədova həbsxanada "hücum olub"

REAL Hərəkatının sədri İlqar Məmmədova həbsxanada hücum olub. Bunu BBC Azərbaycancaya onun vəkili Fuad Ağayev deyib.
Vəkilin sözlərinə görə, bu son iki həftədə ikinci belə haldır.
"İlqar Məmmədov son bir ildir 2 sayılı cəzaçəkmə müəssəsində saxlanılır. Son iki həftəyədək belə bir hal baş verməmişdi. O şəxslər İlqar Məmmədovun boynunun arxasına əl ilə 3 zərbə endirib. Amma İlqar bəy müqavimət göstərməyib. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülmür", vəkil deyir.
Hadisə ilə bağlı Penitensiar Xidmət İlqar Məmmədova qarşı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərin olması ilə bağlı xəbərə münasibət bildirərək onun fiziki hücuma məruz qalaraq xəsarət alması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Avropa Məhkəməsi
Cənab Ağayev onu da deyir ki, İlqar Məmmədov bu "hücumları" Avropa Məhkəməsinin onunla bağlı verdiyi qərarlar və qətnaməyə reaksiya hesab edir.
"İlqar Məmmədovun şikayətinə əsasən Avropa məhkəməsi ötən ilin dekabrında və bu ilin martında iki qərar çıxarıb. İyun ayında isə aralıq qətnamə qəbul edilib. Bu 3 qərarda Avropa Məhkəməsi Azərbaycan hakimiyyəti və Azərbaycan Ali hakimiyyətinə İlqar Məmmədovun dərhal azad olunmasına çağırış edir. Amma nəticə yoxdur", o bildirir.
Vəkil deyir ki, bu ilin yanvar ayında Ali məhkəmə İlqar Məmmədovun kasasiya şikayəti üzrə ilk iclası keçirib. Amma növbəti iclas hələ də təyin edilməyib. O, bu halı " görünməmiş hadisə" adlandırır.
Real
Respublikaçı Alternativ Hərəkatı da bu halla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, qanunvericiliyin hərfinə və ruhuna uyğun olaraq, dövlətin tam himayəsində olan məhbusların başına gələn, ya da gələ biləcək hər bir işə görə müstəsna məsuliyyəti Azərbaycan hökuməti daşıyır.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
O və Tofiq Yaqublu 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunublar.
2014-cü ildə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi onunla bağlı Avropa Məhkəməsinin qərarlarını "qəbuledilməz" adlandırıb.




