Avropa Məhkəməsi İlqar Məmmədovun işinə növbədən kənar baxacaq

İlqar Məmmədov

Avropa Məhkəməsi prezidentliyə namizəd və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı müraciətə növbədən kənar baxacaq.

Bu haqda Turan agentliyinə danışan Məmmədovun vəkili Fuad Ağayev aprelin 9-dan Avropa Məhkəməsi ilə təmasların olduğunu bildirib.

"Hansı ölkədə prosessual hüquqlar pozulursa və məhkəmə müttəhimin əleyhinə qərar çıxarırsa, bu zaman həmin şəxsin ciddi haqqını axtarmaq problem olduğu görüntüsü yaranır. Bu zaman o şəxsin daha uzun müddət həbsdə qalmaması üçün Avropa Məhkəməsi həmin işə növbədənkənar baxa bilər".

Bunu BBC Azərbaycancaya hüquqşünas Ələsgər Məmmədli deyib.

Məmmədovun işində prokurorluq, istintaq orqanı, daxili işlər nazirliyi və yerli məhkəmələrlə əlaqədar çoxsaylı qanun pozuntuları ilə bağlı şikayət məhkəməyə fevral ayında göndərilib:

"Şikayətdə 5 qanun pozuntusundan söhbət gedir: İnsan Hüquqları və əsas azadlıqlarla bağlı Avropa Konvensiyasına uyğun olaraq azadlıq hüququ, günahsızlıq prezumpsiyası, keyfiyyətli müdafiə hüququ və hüquq haqda məhdudiyyətlərin sərhədləri ".

Presedent

Məmmədli deyib ki, Avropa Məhkəməsinin praktikasında növbədən kənar işə baxılma məsələsi ilə bağlı presedent var:

"Azadlıq çox önəmlidir, buna görə Avropa Məhkəməsi Ali Məhkəmənin qərarını gözləmədən öz məhkəmə istintaqını aparmağa qərar verib. Təxmin edirəm ki, Məmmədovun azadlığının məhdudlaşdırılması, xüsusilə ittihamların əsassız olması bu işlə bağlı qərarın verilməsini çox sürətləndirəcək".

Vəkil presedent kimi, "Gündəlik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru Eynulla Fətullayevin işini göstərdi:

"Xatırlayırsınızsa, o cəzaçəkmə müəssisəsində olarkən cibindən narkotik tapmışdılar və bununla bağlı yeni istintaq başladı. Lakin Avropa Məhkəməsi bu işin sonlanmasını gözləməyərək qərar verdi və 1-ci iş üzrə cəzaçəkmə müddəti başa çatdıqdan sonra Fətullayev azadlığa çıxdı".

Qeyd edək ki, İlqar Məmmədov və Tofiq Yaqublu fevralın 4-də həbs olunub.

Onlar yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliy pozmaqda ittiham olunublar.

Yeni ittiham

Bu arada Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb.

Bu haqda mediaforum saytına danışan vəkil Akif Əlizadə deyib:

"Aprelin 26-da müstəntiqlə birlikdə Bakı İstintaq Təcridxanasına getdik. Müstəntiq dedi ki, əlavə ittiham irəli sürüləcək. Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürüldü. Bu, daha ağır ittihamdır".

Vəkil deyib ki, Yaqublu yeni ittiham üzrə artıq dindirilib və ittihamların saxta olduğunu deyib.