Əbülfəz Elçibəy haqqında: "Onun dövründə mətbuat olduqca sərbəst idi"

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür.
Elçibəyin siyasi portreti haqqında müsbətli-mənfili müxtəlif fikirlər səslənsə də, istər tərəfdarları, istərsə də opponentləri tərəfindən o, xarizmatik və güclü lider kimi qəbul olunub.
Professor Ədalət Tahirzadə uzun illərdir, Elçibəy irsinin tədqiqatçısı kimi silsilə elmi fəaliyyətlər göstərir. Onun haqqında 7 kitabın, o cümlədən "Elçi Bəy", "Prezident Elçibəy", "Elçibəylə 13 saat üz-üzə", "Bütövlük və qurtuluş yolu" adlı kitabların müəllifidir.
BBC Azərbaycancaya müsahibəsində Ədalət Tahirzadə Əbülfəz Elçibəyin siyasi fəaliyyəti ilə bağı fikirlərini bölüşüb. Onunla jurnalist İlhamə Qasımlı söhbət edib.
- Elçibəylə nə vaxtdan tanıyırdınız bir-birinizi?
- 1973-cü ildən.
- Sizi Elçibəylə onun hansı keyfiyyətləri yaxınlaşdırmışdı?
- Biz 1987-ci ildən Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda birgə çalışmağa başladıq. Yaxınlığımız 1988-ci ildə Azərbaycan Xalq hərəkatının canlanması ilə başladı. Mən onun hədsiz yurdsevər, elsevər, insansevər, haqsevər bir insan olduğunu görüb yaxınlaşdım, dostlaşdıq. 1989-cu ildə adını onun verdiyi “Azadlıq” qəzeti işə başladı və mən onun tövsiyəsi ilə burada redaktor Nəcəf bəy Nəcəfovun müavini oldum. Prezidentliyi dönəmində mənə təhsil nazirinin müavini vəzifəsini etibar etdi. 1997-ci ildə Kələkidən dönəndən sonra isə onun özəl mətbuat katibi işlədim. Bütün bu müddət ərzində onun saydığım müsbət keyfiyyətlərinin şahidi oldum və sevdim.
- Elçibəy hər nə qədər tənqid olunsa da, hələ də ona milyonların rəğbəti itməyib. Ona bu qədər sevginin səbəbi nədir?
- Xalq Elçibəyi təmənnasız sevir, çünki o da xalqını təmənnasız sevirdi. Xalqı uğrunda hər şeyini qurban verdi. Elçibəy Azərbaycanda qardaş qanı axıdılmasın deyə, hakimiyyətini və xalq içərisində olan hörmətini qurban verdi.
- Elçibəylə sonuncu dəfə nə zaman görüşmüşdünüz?
- 1999-cu il iyun ayının 22-də “Yeni nəsil” mətbuat klubunda.
- Onun xəstəliyinin sürətlə irəliləməsi ortaya sui-qəsd ehtimallarını çıxardı. Bu ehtimallar nə qədər həqiqətə yaxındır?
- Sui-qəsdin olub-olmadığını yalnız dəqiq ekspertiza təsdiqləyə bilər, ona görə də bu haqda deyilən hər söz ehtimal olaraq qalacaq. Ancaq burası da var ki, Elçibəyin sağ qalması bir çox dövlətlərin, beynəlxalq qurumların və şəxslərin planlarını pozurdu. Məncə, sui-qəsd olubsa, bunu təşkil edənlər onu hakimiyyətdən devirən beynəlxalq qüvvələrdi.

Şəklin mənbəyi, VT Freeze Frame
- Onun hakimiyyətdən könüllü getməsinin səbəbləri barədə fikirləriniz nədir?
- O, hakimiyyətdən könüllü getməyib və prezidentlik müddəti bitincəyədək özünü prezident sayıb. Doğulduğu Kələki kəndinə isə müvəqqəti getmişdi və az müddətdən sonra qayıtmaq niyyətində idi. Gedişində məqsəd Azərbaycanda da Tacikistanda və Gürcüstanda olduğu kimi vətəndaş qarşıdurmasına, qardaş qırğınına yol verməmək idi.
- Ona demokrat deyirlər, amma hakimiyyəti dövründə müxalifərin mitinqləri yasaq idi, üstəlik jurnalistlərə qarşı fiziki güc tətbiq etmə kimi neqariv faktlar da vardı...
- Onun demokratlığını şübhə altına almağınızı əsla qəbul etmirəm. Niyə? Çünki “Mətbuat haqqında qanun” onun dövründə qəbul olunmuşdu.
Jurnalistlərə qarşı zorakılıq hallarını daxili işlər naziri İsgəndər Həmidov törətmişdi, (bunun Elçibəy hakimiyyətini gözdən salmaq üçün qəsdən edildiyini düşünürəm) amma hər dəfəsində prezident Elçibəy onun hərəkətlərinə görə üzr istəmişdi.
Elçibəy qəzetlərə və jurnalistlərə prezident fondundan yardımlar ayırmışdı.
Onun dövründə mətbuat olduqca sərbəst idi, hətta Milli Məclisin orqanı “Azərbaycan” qəzeti onu tənqid edirdi.
O, jurnalistlərə deyirdi ki, mənim karikaturalarımı verin. Onun dönəmindəki qəzet və jurnallarda çoxlu karikaturaları vardı və bunun üstündə kimsəyə gözün üstündə qaşın var deyən olmayıb.
“Hakimiyyəti dövründə müxalifətin mitinqləri yasaq idi” hökmünü ədalətsiz sayıram, çünki müxalifət televiziyada da canlı efirdə öz sözünü deyə bilirdi və meydanlarda at oynadırdı.
- 1993-cü ilin aprelində o, Heydər Əliyevi Bakıya dəvət etdi. Sizcə niyə məhz Əliyev?
- Çünki Azərbaycanda hərc-mərclik yaratmaq istəyən, hakimiyyəti devirmək istəyən başqa qüvvələrlə yalnız Əliyev bacara bilərdi. Mütəllibov və Surət Hüseynov birbaşa Rusiyanın adamları idi. Elçibəy Heydər Əliyevin qanuni şəkildə - parlament yolu ilə hakimiyyətə gəlməsinə imkan verməklə ona tam müstəqil adam kimi hərəkət etməyə şərait yaratdı. Məncə, Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi.
- Sizcə, Elçibəyin xatirəsi eks-prezident kimi Azərbaycanda yetərincə əbədiləşdiribmi?
- Eks-prezident Elçibəyin ailəsinə təqaüd verilməsindən başqa, onun xatirəsini əbədiləşdirmək üçün hansısa işin görüldüyünü xatırlamıram.
- Onun prezident kimi uğur və səhvlərini necə sıralayarsınız?
Bu sualın cavabını özü mənimlə müsahibələrində, mən isə “Prezident Elçibəy” kitabımda vermişəm.
Başlıca uğurları:
1) Müstəqil Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoydu – ilk dəfə müstəqil dövlət nazirlik və komitələrini yaratdı.
2) Ölkənin müstəqilliyinin qarantı olan nizami ordunu yaradaraq onun paradını keçirdi, rus ordusunu ölkədən təmizlədi.
3) Milli valyutanı tətbiq etdi.
4) Azərbaycan orta məktəbləri üçün milli ideya əsasında yeni proqram və dərsliklər yaratdı və bununla milli təhsilin möhkəm özülünü qoydu.
5) Ölkəni iqtisadi baxımdan inkişaf etdirdi. O gedərkən Ləl-Cəvahirat Fondunda 1 tondan artıq qızıl və ləl-cəvahirat vardı. Və sairə.
Yeganə səhvi – təbliğatın əhəmiyyətini yetərincə dəyərləndirmədi və Qərbin Azərbaycanda demokratiya istədiyinə inandı.




