Rəşad Şirinin bloqu: Danışır Moskva

Moskvanın Sokolniki parkında rəqs

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Moskvanın Sokolniki parkında rəqs

Artıq bir həftədir ki Moskvadayam. Azərbaycanlılar irili-kiçikli Moskva haqqında çox şey bilirlər, ona görə söyləyəcəyim şeylər yeni olmaya bilər.

Amma yenə də düşünürəm ki, Sovet İttifaqında doğulmuş və Moskvada heç vaxt olmamış, amma qərbli-şərqli dünyanın bir çox yerində yaşamış bir insanın Moskvanı nəhayət ki görməyi maraqlı hadisədir.

İmperiya şəhəri

Burada insan dövlətlə müqayisədə hər zaman çox kiçikdir sanki. Bir çox imperiya şəhərlərinə xasdır bu. Amma nəzərə alsaq ki İkinci Dünya Müharibəsindən sonra yalnız iki imperiya qaldı - ABŞ və SSRİ – o zaman bunu daha yaxşı anlamış olarıq.

Sovet İmperiyası 20-ci əsrdə Avrasiya qitəsində böyüyən, genişlənən, qurulan və sonradan süqut edən yeganə nəhəng dövlət, imperiya idi.

Yeni gənc sinif formalaşır ki, onlar Moskvanı fərqli görmək istəyir və bununla bağlı işlər görürlər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Yeni gənc sinif formalaşır ki, onlar Moskvanı fərqli görmək istəyir və bununla bağlı işlər görürlər.

SSRİ ilk növbədə Rus dövləti idi və Rus realism siyasətinin davamı idi.

İmperiya olsa belə, Ruslar klassik Avropa müstəmləkəçilərindəndən fərqlidi. Bunun ən gözəl sübutu odur ki, müstəmləkəçi millətlər adətən rifahlı olur, insanları daha zəngin, daha pulludur, Rusiyadan fərqli olaraq. Rusiyada yoxsulluq insanın dərhal diqqətini çəkir. Hətta ən varlı şəhər olan Moskvada belə. Bu isə kommunist keçmişinin nəticəsidir. SSRİ dağılandan sonra belə bir zarafat vardı: Sovet İttifaqında hamı yoxsulluqda bərabərdir.

Moskvada, bir çox digər paytaxtlarda olduğu kimi şəhər və dövlət həm bir yerdədi həm də ziddiyyət təşkil edir. Dövlət şəhəri əzir sanki.

Şəklin mənbəyi, Getty

Stalin göydələnlərindən, Kremldən tutmuş çox enli, uzun küçələr və nəhəng binalara qədər hər yerdə vətəndaş xanədan qarşısında titrəməlidir.

Kiev, Oxford və Londondan sonra Moskva mənə sanki ucsuz bucaqsiz, həm üfüqi həm də şaquli olaraq daha böyük, nəhəng, ölçüyə gəlməz göründü.

Küçələr çox geniş, binalar əzəmətli, eninə uzununa məkanın içində açılır. Teatrlar, univermaqlar, dövlət binaları – hər şey imperiyanın, derjavanın gücünü nümayiş etdirir.

Lubyanka küçəsindəki keçmiş KQB binaları Dzerzhinskinin, Stalinin, Beriyanın dönəmindən qalma zəhmin simvoludur. Moskvanın memarlıq strukturu bu planın çox vacib tərkib hissəsi olub tarixən.

Hətta uşaq mallarını satan məşhur “Detskiy Mir” dükanı o qədər nəhəngdir ki, dünyada bir çox dövlət binası onun kölgəsində qalar.

“Sovok” şəhəri

Moskvanın rəngləri bozdur. Kievdə, Bakıda, Tiflisdə olan rəngarənglik sanki yoxdur burda. Moskvalılar qaş-qabaqlı və kobud ola bilərlər və ya sadəcə belə görünə bilərlər.

Şəklin mənbəyi, Getty

Halbuki, şəxsi ünsiyyət zamanı aşkar edirsən ki, əslində səmimi və istiqanlı da ola bilərlər. Qərbdəki ictimai güvən yoxdu burda. İnsanlar tanımadığı adama güvənmir.

90-cı illərin ağır vəziyyəti: kriminal, reket, ağır həyat da öz sözünü deyib sanki. Şərqdəki diplomatiya, şirindillik (saxta olsa da bəzən) və mehribançılıq da yoxdu burda. Moskvalılar sözü çox qeyri-diplomatik və birbaşa deyir adama.

60-70-ci illərdə tikilmiş “xruşovkalar” şəhərə boz, soyuq, qeyri-insani görkəm verir. Bu binaların çoxunun istifadə müddəti keçib deyirlər.

Bunun özü biraz absurd kimi səslənsə də - binanın istifadə müddəti - əslində bu reallıqdır. Binalar 25 və 50 illik müddətə tikilirdi, mənzil probleminin müvəqqəti həlli kimi.

Sonradan bu evlər uçurulmalı və yerində yeni evlər tikilməli idi. Lakin, necə deyərlər, əcəl imkan vermədi : onları dağıtmalı olan dövlət özü 80-lərin sonunda dağılmağa başladı.

Məkan və insanlar

Məkanla bağlı bir maraqlı fikir var ki, əslində məkanlar boş sahələr, yerlər deyil. Məkanın siyasi, sosial, tarixi və ya iqtisadi xarakteri var.

Məkan sanki sancaqlar batırılmış kiçik bir yastıqdır. Bu sancaqlar insan hekayələridir. Məkan hər zaman insanlarla bağlıdır, onların həyatı və hekayələri ilə.

Bunun ən gözəl nümunəsi Moskvada yaşadığım Vavilov küçəsidir. Vavilovun kim olduğu məni düşündürdü. O qədər də tanınmış ad kimi səslənmir. Araşdırdım. Mütəxəssislər yəqin ki daha yaxşı tanıyırlar bu adamı.

Vavilov 1887-ci ildə Rusiyada doğulub, dünyanın ən nəhəng bioloq və genetiklərindən olub. Bitkilərin imuniteti nəzəriyyəsini ilk dəfə ortaya qoyub.

Lakin Stalin repressiyaları başlayanda qəddar ədalətsizliyə tuş gəlib və çox ağır şərtlər altında 1943-cü ildə Saratov həbsxanasında dünyasını dəyişib.

Ona saxta ittihamlarla cinayət işi açıb, işgəncə verib hər şeyi boynuna qoyublar. 1955-ci ildə SSRİ Ali Məhkəməsi Vavilova bəraət verib. Oxuduqca bu insanın dahiliyi və Stalin rejiminin acımasızlığı insanı çox düşündürür.

Düşünürsən ki, əslində insanlığı bu qədər aşağılayan rejimin daha sonra dağılması məntiqlıdır...

Dəyişiklik

Digər bir tərəfdən şəhəri paytaxtın, dövlətin, kapitalın əlindən almaq istəyən şəhərlilər yetişir. İnsan üçün şəhər tələb edən gənc qruplar formalaşır. Strelka adlı vətəndaş təşəbbüsü bunların içində ən nüfuzlulardandı.

Həftə sonu təsadüfən dostların dəvəti ilə Bauman bağında açıq havada bir tədbirə qatıldım. Bağı necə dəyişmək olar sualı qoymuşdu təşkilatçılar və yerli insanlardan fikirlər toplayırdılar.

Düzdü yerli insanlardan daha çox ordan burden gələn aktivist iştirak edirdi tədbirdə, ki bu da post-Sovet vətəndaş cəmiyyətinin çox maraqlı tendensiyasıdır.

Amma yeni gənc sinif formalaşır ki, onlar Moskvanı fərqli görmək istəyir və bununla bağlı işlər görürlər.

Təbii ki, zaman göstərəcək ki, dəyişiklik nə qədər fundamental olacaq. Hələlik isə Moskvada köhnə ilə yeni arasında ciddi mübarizə gedir. Hər sahədə.