Azərbaycanlılar Papanın "erməni soyqırımı" bəyanatından məyus olublar

Şəklin mənbəyi, Reuters

Azərbaycanın internet istifadəçiləri Roma papası Francisin ermənilərin 20-ci əsrdə Osmanlı İmperiyasındakı qətllərini "soyqırım" adlandırmasından hiddətləniblər.

Bir çox istifadəçilər Azərbaycan hökumətinin Vatikanla münasibətlər qurmasını və orada tarixi abidələrin bərpası layihələrini maliyyələşdirməsini tənqid edirlər. Onlar Vatikanı ermənilərdən Türkiyənin əleyhinə istifadə etməkdə günahlandırır və bildirirlər ki, ermənilərin 20-ci əsrdə baş vermiş qətlləri "soyqırım" miqyasında olmayıb.

Bakı və Vatikan arasında yaxşı əlaqələr mövcuddur və Azərbaycan prezidenti İlham Əliyev martın 5-də bu şəhərə rəsmi səfər edib. Bəzi xəbərlərə görə, Azərbaycanın Heydər Əliyev Fondu Vatikanda bir sıra tarixi abidələrin və kilsələrin bərpasını maliyyələşdirib.

İtaliyan mediasının məlumatlarına əsasən Azərbaycan Roma İmperator Forumunda qazıntı işlərinə 1 milyon avro və Roma Kapitoli Muzeyinin Filosoflar Salonunun bərpasına isə 100 min avro ianə edib.

"Nankor" Vatikan

Şəklin mənbəyi, AFP

"Bundan belə çıxır ki, ölkənin yüksək vəzifəli liderlərinin Vatikana səfərləri və bərpa işlərinə xərclədikləri pullar Papa üçün heç nədir" – yazır istifadəçi Suraya Vahidova hökumətpərəst 1news.az news agentliyinin Facebook səhifəsində.

"Qoy hələ bizim hökumət Vatikanın zirzəmilərinin bərpasına milyardlar səpələməkdə olsun" – yazıb Maharram Mammadov eyni səhifədə.

"Çox pisdir ki, biz onların abidələrini bərpa edirik, onlar isə bizi heç vecə də almırlar. Bu faydasız işdir" – deyir Irada Akhmedzade.

"Bəs nə gözləyirdiniz? Xristiana lap qızıldan heykəl qoysanız da, o, xristianı dəstəkləyəcək" – deyilir Maryam Fazili adlı istifadəçinin şərhində.

"Azərbaycan Vatikana nə qədər pul qoyub? İndi biz bunun əvəzini alırıq" – yazır bir anonim istifadəçi day.az saytına postunda.

Ermənilərdən "silah" kimi istifadə olunur

"Ey insanlar, niyə təəccüb edirsiniz? Ermənistanın bütün "tarixini" Vatikanda icad ediblər ki, o vaxtlar Xristian dünyasının tək rəqibi olan Osmanlı İmperiyasını məhv etmək üçün faydalansınlar" – yazır istifadəçi Asaf Balayev.

"Ermənilər həmişə avropalıların əlində silah olublar. Erməni xalqına qarşı heç vaxt soyqırım olmayıb. Errmənilər öz miskin ideyalarına görə Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasına qarşı təxribat törətmək naminə silaha sarıldıqları üçün ölüblər. Türk dünyasının Avropanın çirkin siyasətlərinə etiraz etməsinin zamanı gəlib" - əlavə edib istifadəçi.

Bir anonim istifadəçi yazır ki, "ermənilər Türkiyənin üstünə palçıq atan ucuz nökərlərdir".

"Bu Avropanın və dünyanın rüsvayçılığıdır ki, heç bir təhqiqat aparılmadan bütöv bir xalqı "soyqırım”da ittiham edirlər" – yazır Xayyam Aliyev.

"Ən birincisi, Papa əvvəlcə elementar hüquq təhsili almalıdır. Məhkəmə qərarı olmadan heç kəs özbaşına olaraq heç kəsi soyqırımda ittiham edə bilməz" – deyir Samir Baqirov adlı istifadəçi.

"Tarixlə tarixçilər məşğul olmalıdırlar, ruhani liderlər yox" – yazır bir başqası.

"Düzünü desək, bu türklərin öz səhvidir ki, İstanbul və Yerevan arasında uçuşlara başlayıblar və Davutoğlu özünə erməni müşavir götürüb" – yazır Azer Baydzhanli .

Papa "tərəfkeşlik" edir

Elvira Elvira adlı istifadəçi yazır ki, Papa Ermənistana tərəfkeşlik edir və Türkiyə ilə Ermənistanın arasında "münaqişəni qızışdırır".

İstifadəçi Ilkham Veliyev deyir ki, Papa Dağlıq Qarabağ müharibəsində dinc azərbaycanlıların qətllərini görməməzliyə vurur.

"Papa Francis, Allah kimin haqlı, kimin haqsız olduğunu görür. Sizi və erməniləri Allah mühakimə edəcək" – yazır istifadəçi Nidzhat Guseynov.

Dunal Gurbanov razılaşır və deyir: "Papa güclü erməni diasporasının olduğu Argentinadandır. Elə buna görə də onları dəstəkləyir".

Azadlıq Radiosunun saytına "ELCI BEY-eskeri" adı ilə post edən istifadəçi yazır ki, illər öncəsi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün yaradılmış Minsk qrupundakı vasitəçilər "qondarma erməni soyqırımı" məsələsini öz gündəliklərində saxlayan ölkələrdir.

Özəl moderator.az saytının verdiyi xəbərə görə, bu arada Birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Teyyub Qənioğlu Vatikanı "türklərə qarşı saxta və qərəzli mövqedən çəkinməyə" çağırıb.

Hər ikisi türkdilli olan Türkiyə və Azərbaycan özlərini qardaş ölkələr sayır. Hər iki ölkənin siyasətçiləri mərhum Azərbaycan prezidenti Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını zaman-zaman dilə gətirirlər. Bakı və Yerevan arasında Dağlıq Qarabağa görə münaqişədə Azərbaycanla həmrəylik əlaməti olaraq Türkiyə 1993-cü ildə Ermənistanla sərhədini bağlaylıb.