Azərbaycan Cənub Qaz Dəhlizi üçün Avropadan nə istəyir? - Müsahibə

Şəklin mənbəyi, maqsud

Bu həftə Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk Məşvərət Şurasının çağrılmasından sonra TANAP layihəsinin xarici əlaqlər şöbəsinin direktoru Maqsud Məmmədov BBC Azərbaycancaya müsahibə verib.

Müxbirimiz Xanım Cavadova ilə söhbətində layihənin qarşısında duran əngəllər və Azərbaycanın Avropa İttifaqından gözləntiləri barədə danışıb.

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən demişdi ki, CQD layihəsinin qarşısında bəzi bürokratik əngəllər var. Layihənin qarşısında hazırda hansı əngəllər var? Həmin əngəllər Məşvərət Şurasında müzakirə edildimi?

- Müzakirə edildi. Bürokratik əngəl dedikdə, bir növ bu, TAP hissəsi ilə əlaqədar idi. Avropanın yeni bəzi enerji qaydaları var ki, bu da TAP-ın vaxtın başa çatması üçün bəzi problemlər yaradır. Məsələn, Yunanıstanda boru kəmərinin keçdiyi ərazilərdə torpaqların alınması kimi proseslərin tezlənməsi. Cənab Prezident bu məsələləri vurğuladı.

Bir də Avropa İttifaqının Üçüncü Enerji Paketi deyilən hüquqlar toplusu var ki, nəqliyyatçı ilə istehsalçının ayrı qurumlar olmasını tələb edir. Elə indi Rusiya ilə problem odur, Rusiya qazı çıxarır, həm də özü nəqliyyatçıdır. Aİ rəqabətlilik qanunları bu baxımdan CQD-nı da nəzərdən keçirir, araşdırmalar aparır ki, bu bizə aiddirmi? Amma biz rahatıq ki, bizə aid deyil. Çünki Şahdənizdə 100 faizlik sahibkar deyilik və bütün kəmərin də tək sahibi biz deyilik. Amma Azərbaycanın hər layihə üzrə payları var- TAP-da 20, TANAP-da 58, Cənubi Qafqaz Kəmərində 20 faiz. Sadəcə Avropa yeni alternativ enerji gətirmək istəyir ki, buzim layihə bunun üçün əlacdir. Eyni zamanda da, Avropa əmin olmaq istəyir ki, gətirdikləri alternativ enerjinin özü təksahibli deyil.

Prezident həm də demişdi ki, CQD layihəsinə ən çox yatırımı Azərbaycan, Türkiyə edib və ona görə Avropadan dəstək istəmişdi. Bu hansı dəstək idi?

- Bu, həm Azərbaycan, həm region, həm də Avropa üçün çox siyasi bir layihədir. Onun üçün bizə hər zaman dəstək lazımdır. Bu dəstək də adətən Brüssel və Vaşinqtondan istənilir. Biz Brüsseldən çox yaxşı dəstək alırıq. Aİ Enerji Komitəsi bizim layihəyə çox dəstək verir. Siyasi dəstək lazımdır.

Maliyyələşdirməyə gəldikdə isə, dörd hissədən ibarət olan CQD-nın hər birində Azərbaycan iştirak edir. Türkiyədən də çox böyük dəstək alırıq. Adətən belə layihələrdə kəmərin keçdiyi ölkə daha çox paya sahib olur, amma 2012-ci ildə Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanmasından sonra Azərbaycanın bu layihədə - TANAP-da payı çoxalaraq 58 faizə çatıb.

Bəs onun əvəzində Türkiyə nə qazanır?

- Türkiyə üçün bir investisiyadır. Türkiyə iqtisadiyyatına birbaşa və dolayı olmaqla 50 milyarda yaxın yatırım olur. Təbii ki, kəmərin özünün işçilərinin çoxu türklərdir, çoxlu türk şirkətləri cəlb olunub. Kəmər çəkimində boru alacağımız yeddi şirkətin altısı Türkiyənindir. Tikinti işlərində də türk şirkətləri iştirak edir. Bütün bunılr ancaq Türkiyə hissəsinə aiddir.

Amma ekspertlər deyir ki, Azərbaycan bütün yatırımları özü etsə də, getdikcə bu, azala bilər. Ona görə də, Avropadan maliyyə dəstəyi istəyir. Belədirmi?

- İlk olaraq deyim ki, Azərbaycan nə olmasından asılı olmayaraq, bu layihənin tikilməsində çox maraqlıdır. Çünki, bu həm siyasi, həm də iqtisadi layihə olmaqla Azərbaycan üçün çox xeyirlidir. Buna görə də, maliyyə cəhətdən çətinlik yoxdur.

Buna baxmayaraq, Avropa Enerji Komitəsi hər il böyük məbləğdə Avropada enerji proyektləri üçün pul ayırır. Bu məsələ də ordan irəli gəlir. Məsələn, Aİ Nabucco proyekti üçün 400 milyard pul ayırmışdı və bilirik ki, Nabucco proyekti baş vermədi. O pul hələ də ordadır.

Eyni zamanda, həm də Avropada başqa cür daxili enerji layihələri var - Aİ ayrı mərkəzlər şəklində olan boru xətlərini birləşdirmək üçün pul ayırıb. Biz də həmin pullardan yola çıxaraq faydalanmaq istəyirik. Çünki, CQD Avropanın enerji təhlükəsizliyi üçün çox önəmlidir. Yəni, biz sizin qapıya qaz gətiririk, siz də bizə əvəzini verin və ya maliyyə dəstəyinin bir hissəsi olun. Biz sadəcə onları dəvət edirik, olmasa da, problem deyil. Çünki biz artıq planlıyıq.

Belə fikir də var ki, Avropa ona görə bu layihəyə az maraqlıdır ki, Azərbaycan CQD ilə Avropaya ildə cəmi 10-12 milyard kub həcmində qaz ötürəcək ki, bu da kiçik rəqəmdir. Doğrudurmu?

- İlkin olaraq, TANAP-la 16 milyard kub həcmində qaz ötürüləcək ki, bunun da 6 mlyd kubu Türkiyəyə, 10-u isə Avropaya gedəcək. Yəni ilkin mərhələdə ötürüləcək qaz Avropanın cəmi 3 faizini qazlaşdıracaq. Lakin bu, 2016-cı il üçün planlaşdırılıb. 2023-cü ildə bu rəqəm 26, 2026-cı ildə isə 31 mlyd kuba qalxacaq.

Nəyin hesabına? Yəni Azərbaycanda bu qədər qaz ehtiyatı varmı?

- Bəli var, Azərbaycanda hazırda da yeni qaz yataqları istiqamətində araşdırmalar gedir.

Ümumiyyətlə, ən azı TANAP-ın adından deyə bilərəm ki, infrastruktur elə tikilir ki, burdan kənar ölkələrin də qazı nəql edilə bilər. Məsələn, Türkmənistan qazı, İraq qazı və ya Orta Şərqdəki yeni tapıntılar var- İsrailin sulu hövzələri qazı. Bu həcm 31 milyard kub-metrdən də yuxarı çıxa bilər.

Biz sadəcə, ilkin olaraq gələcəkdə böyüyəcək layihənin ilk xəttini çəkirik. Biz nəqli gələcəkdə başqa layihələrin qoşulması hesabına bunu artırmaq istəyirik. Bu, Avropanın özü üçün də maraqlıdır ki, yeganə qazlaşdırıcı Rusiyaya alternativ mənbə yaranır.

Bəs İrana qarşı Avropa sanksiyalarının götürülməsi barədə söhbətlər gəzir. Bu baş tutarsa, dediyiniz genişlənməyə maneə olmayacaqmı? Və ya İraq, Kipr, İsrail və ABŞ kimi oyunçuların qaz bazarına daxil olmaq istəyi də var.

- Xeyr, reallığa baxsaq, məncə, elə də real deyil. Sanksiyalardır və onların bir günün içində götürülməsi uzun prosesdir. Bütün hallarda bizim üçün heç bir problem deyil.

Layihələrə baxsaq, Avropanın qaz tələbi getdikcə artır. CQD Avropanın hazırda və gələcəkdə əldə edəcək hansısa mənbələrinə rəqib deyil, tamamlayıcıdır.

Layihə nə vaxt başa çatacaq və Avropaya ilk qazı nə vaxt daşıya biləcək?

- TANAP 2019-cü ildə bitəcəkdir. 2018-ci ildə artıq borumuzu hazır edəcəyik, 2019-cu ildə isə boru Avropaya nəql üçün hazır olacaq. 2020-ci ildə TAP da tamamlandıqdan sonra bütün işlər yekunlaşacaq.

Dünya bazarlarında neft və qaz qiymətlərinin enməsi CQD-ya necə təsir göstərir?

- Hələlik bunun bizim layihələrə təsiri yoxdur. Bunlar artıq öncədən aparılmış danışıqlara əsasən nizamlanır. Amma qazın qiymətini deyirsinizsə, qazın qiyməti də alıcı tərəfindən öncədən razılaşdırılır.

Yəni dünya bazarında qazın qiymət düşsə də, heç bir fərqi olmayacaq?

- Təbii, həmin vaxtdakı qiymətin təsiri vardır. Amma formulaya baxdığımızda, qaz qiyməti 50 faiz həmin vaxta uyğun qiymətə, əlli faizsə öncədən danışılan qiymətə əsaslanır. Amma hələlik bunun bizə aidiyyatı yoxdur.

Hazırda bu layihənin işə düşməsində maraqlı tərəflər kimlərdir?

- Avropa. Avropa üçün çox önəmli layihədir. Çünki Rusiya olmayan alternativ mənbədir. Azərbaycan üçün də bu çox uğurlu layihədir. Buna görə də, bizim artıq 11-ə yaxın alıcı şirkətlərimiz də bəllidir.

Yaxın gələcəkdə hansı yenilik gözlənilir?

- TANAP layihəsinin bu ilin aprelində tikintisi başlayacaaq və bununla bağlı Kars şəhərində prezidentlərin iştirak ilə açılıq mərasimi keçiriləcək. Yəni biz artıq kağızlardakı fikri reallığa çevirə bilirik.