AXCP Şəki şöbəsinin rəisi həbs edilib

Şəklin mənbəyi, Gozel Bayramli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki şöbəsinin rəhbəri Rauf Əbdürrəhmanlı 20 gün müddətinə inzibati həbs cəzası alıb.
Partiya onun həbsini siyasi məhbusların azadlığa buraxılması ilə bağlı apardığı kampaniya ilə əlaqələndirir.
AXCP sədr müavini Gözəl Bayramlı BBC Azərbaycancaya bildirib ki, Əbdürrəhmanlı ötən gün Gürcüstana tibbi müayinəyə gedərkən Balakən sərhəddində "Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyduğu"nu öyrənib.
"Rauf Şəki şəhər polisinə gedib və orada saxlayaraq, məhkəməyə aparıblar və haqqında 20 sutka inzibati həbs cəzası verilib", xanım Bayramlı deyib.
AXCP iddia edir ki, fəalların saxlanılması Şəki şəhərində inzibati binaların, dirəklərə üzərində “Xədicə İsmayılovaya azadlıq!" və "Seymur Həziyə azadlıq" şüarlarının yapışdırılması ilə əlaqədardır.
Daxili İşlər Nazirlyindən bu barədə şərh almaq hələlik mümkün olmayıb.
Rauf Əbdürəhmanlı yanvarın 16-da partiyanın digər fəallarının "polisə müqavimət" və "xırda xuliqanlıq" maddələri ilə saxlanılması zamanı sərbəst buraxılıb.
O həmin vaxt şüarları "yaydığını boynuna alsa" da, polisdən səbəbin bu olmadığı bildirilib və onu sərbəst buraxıb.
Hər biri 30sutka inzibati həbs cəzası alan digər iki fəal - Əli Abdullayev və Mübariz Əbdülkərimovun cəzası Apellsiya məhkəməsi tərəfindən iki sutka artırılıb.
Partiya yanvarın 13-dən siyasi məhbuslarla bağlı kampaniyaya başlayıb, indiyə qədər "#FreeKhadija", "#Xediceniazadet" və "Seymur Həziyə azadlıq" şüarları ilə sosial şəbəkələrdə paylaşımlar edilir.




