Xədicə İsmayılın həbs müddəti 1 ay 19 gün artırılır

Xədicə İsmayılova

Şəklin mənbəyi, Aziz Karimov

Jurnalist Xədicə İsmayılın (İsmayılova) həbs müddəti 1 ay 19 gün artırılıb.

Vəkil Yalçın İmanov BBC Azərbaycancaya bildirib ki, fevralın 5-də jurnalist barədə seçilmiş iki aylıq həbs-qətimkan tədbiri bitməli idi.

Bununla bağlı çərşənbə axşamı Səbayıl rayon Məhkəməsində Bakı şəhər Prokurorluğunun təqdimatı ilə həbs müddətinin iki aylıq uzadılması barədə vəsatətə baxılıb və hakim vəsatəti "qismən" təmin edib.

"Jurnalisti ittiham edən Tural Mustafayevin məhkəməyə çağrılması barədə də vəsatət qaldırdıq, lakin təmin edilmədi", vəkil İmanov əlavə edib.

Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevin ittihamı ilə "özünü öldürmə həddinə çatdırma" maddəsilə saxlanılıb.

Həbsi beynəlxalq tənqidlə qarşılanan jurnalist, baş verənlərə prezident ailəsinin ailə biznesi barədə araşdırmalarının səbəb olduğunu deyir. Azərbaycan höküməti isə tənqidləri rədd edir.