Azərbaycan dünyanın "ikinci ən böyük jurnalist məhbəsidir"

Məhbəs

Ötən həftəsonu Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists - CPJ) dünya boyunca və hər ölkə üzrə həbs edilmiş jurnalistlər barədə illik hesabatını açıqlayıb.

Bu hesabat haqqında yayılan xəbər və reportajlarda statistikaya görə Çinin dünyada jurnalistlər üçün ən böyük məhbəs olduğu vurğulanır.

Bu xəbərlərdə jurnalistləri ən çox həbs edən ölkələrin ilk onluğuna 9 jurnalisti məhbus etmiş Azərbaycanın da daxil olduğu bildirilir.

Lakin indi, qlobal reytinq və maliyyə aşkarlığı barədə informasiyaları toplayan Transparify qrupundan Till Bruckner həmin indeksə bir də, başqa bucaqdan nəzər salıb və bəlli olub ki, Azərbaycan nəinki ən çox jurnalist həbs edən ölkələrin ilk onluğuna daxildir, bu ölkə həm də həmin reytinqdə Eritreyadan sonra ikinci yerdə olmalıdır.

Çin dünyada ən çox jurnalist həbs etmiş ölkə sayılır. Niyə? Çünki bu ölkədə 44 jurnalist həbsxanadadır.

Statistikanı necə oxumalı?

“Lakin jurnalistlərin ən çox təqib olunduğu ölkə hansıdır?” – sual edir Bruckner.

Onun fikrincə, cədvəldəki mütləq rəqəmlər bu suala tam cavab verə bilmir.

Məsələn, buna diqqət yetirilmir ki, əhalisi 1 milyard yarım olan Çində 44 jurnalist həbsxanadadırsa, əhalisi 9 milyon olan Azərbaycanda 10 jurnalist azadlıqdan məhrum edilib.

“Beləliklə, Çin əhalisinin hər 30, 8 milyon nəfəri üçün bir jurnalisti “içəri salıb”, - qeyd edir Bruckner, - Qalanları azadlıqdadırlar. Bəs bu baxımdam CPJ-in cədvəlindəki başqa 9 ölkənin vəziyyəti necədir?”

Eritreyada jurnalist qalıbmı?

Eritrea əhilisinin hər 260 min nəfərinə bir jurnalisti həbsxanaya salıb. Bu mənada ölkə dünyanın ən pis jurnalist məhbəsidir.

Bruckner güman edir ki, yəqin Eritreyada daha jurnalist qalmayıb.

“Eritreya onsuz da dünyanın müflis olmuş ölkəsidir. Orada heç kəs beynəlxalq mahnı yarışı və ya idman turniri təşkil etmək fikrində deyil. Bəs dünyanın ikinci jurnalist həbsxanası olan Azərbaycana nə olub?” – deyə sual olunur məqalədə.

Daha sonra Azərbaycanda jurnalistlərin vəziyyəti ilə bağlı başqa məlumatlar verilir.

Azərbaycan hakimiyyəti adambaşına düşən saya görə İrandan iki dəfə artıq jurnalisti məhbus edib. Bu isə üsyançılarla qanlı döyüşlərdə olan Suriya, Birma və Efiopiya kimi yerlərdən qat-qat pis göstəricidir.

Azərbaycan jurnalistləri Çindən 28 dəfə çox məhbus edib

Bu meyarla yanaşanda, Azərbaycanda Çindəkindən 28 dəfə çox jurnalist həbs edilib.

“Əgər Çin İran qədər irticaçı olsaydı, gərək 44 yox, 1232 jurnalisti dəmir barmaqlıqlar arxasında saxlayaydı” – yazır Till Bruckner.

Bruckner qeyd edir ki, Azərbaycan regional konteksdə də pis göstəricilərə malikdir.

“Adı zülmkarlığın sinoniminə çevrilmiş Özbəkistanda 4 jurnalist həbsxanadadır. Yəni əhalinin hər 7 milyonuna bir jurnalist. Kədərli hesablama şkalasında Azərbaycan Özbəkistanı 6 bal geridə qoyur” – deyilir məqalədə.

Brucknerin hesablamasına görə əgər dünyada hər bir ölkə jurnalistləri Azərbaycan hakimiyyəti kimi təqib etsəydi, gərək dünya boyunca həbsxanalarda hesabatdakı kimi 220 yox, 6 milyon yarım jurnalist olaydı.

Sonda bu da qeyd olunur ki, jurnalist Xədicə İsmayılovanın həbsi lap bu yaxınlarda baş verdiyi üçün onun adı CPJ-nin hesabatına düşməyib.