Charlie Hebdo: Azərbaycan ictimaiyyəti başsağlığı verir

Fransanın Bakıdakı səfirliyinin əməkdaşları bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad edib

Şəklin mənbəyi, charlie

Şəklin alt yazısı, Fransanın Bakıdakı səfirliyinin əməkdaşları bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad edib

Fransada "Charlie Hebdo" satirik jurnalın əməkdaşlarının öldürülməsi ilə bağlı matəm mərasimləri davam edərkən Azərbaycan ictimaiyəti hadisəni tənqid edib.

Bakı vaxtilə saat 3-də Fransanın Bakıdakı səfirliyinin əməkdaşları bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad edib, bayraqlar endirilib.

Ötən gün redaksiyaya silahlı hücum nəticəsində 12 nəfər öldürülüb. Fransa polisi şübhəli qismində Cherif və Said Kouachi adlı qardaşların adını çəkərək onları "silahlı və təhlükəli" adlandırıb və onlarla əlaqəli yeddi nəfəri saxlayıb.

Hadisə günü Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Francois Hollande-a baş-sağlığı göndərib.

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik"

İlham Əliyev faciə ilə əlaqədar cənab Hollande-a, həlak olanların ailələrinə və yaxınlarına, "bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə" başsağlığı verdiyini bəyan edib, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib, prezidentin rəsmi saytında deyilir.

Hakim Yeni Azərbaycan Partiyasının saytında yaydığı bəyanatda deyilir ki, “səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik".

Bəyanatda o da qeyd edilir ki, "müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir", lakin "bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz".

"Terror hadisəsinin jurnalın redaksiyasında jurnalistlərə qarşı törədildiyinə görə söz və mətbuat azadlığına qarşı yönəlsə də, əsas məqsədin konfensiyalar arasında ziddiyyət yaratmaq olduğu ehtimalı da böyükdür", deyə Musavat partiyası baş verənləri pisləyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, "bu anti–insani əməlin əsas zərərçəkəni ilk növbədə İslam dini və bütün dünyada yaşayan müsəlmanlardır".

"Həm bugünkü qanlı terror, həm də İslam dini adına törədildiyi iddia olunan bu qəbildən digər terror əməlləri hamılıqla, xüsusilə müsəlmanlar tərəfindən pislənilməlidir".

"Terror İslamın istəyi deyil"

Qafqaz Müsəlmanları İdarəsi ransada baş verən son terror hadisəsini "ciddi" qınadığını bildirib.

"Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyil", bəyanatda deyilir.

Şəklin mənbəyi, Getty

QMİ sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Turan agentliyinə bildirib ki, bütün peyğəmbərlər müqəddəs olduğu üçün onların şəxsiyyətinə münasibətdə “qırmızı xətləri” keçmək olmaz və bu da yolverilməzdir.

O həm də qeyd edib ki, "peyğəmbəri müdafiə adı altında insan qətlinin özünü yolverilməzdir. Terror, insan qətli ilə peyğəmbər müdafiə etmək nə deməkdir? Peyğəmbəri müdafiə üçün ən böyük dəyər vaxtilə peyğəmbərin təbliğ etdiyi insani dəyərləri zamanımızda təbliğ etməyimiz, bəşərə sevgi və xeyirxahlığımız olar."

Millət vəkili Qənirə Paşayeva həm hadisəni, həm də İslam dinini hədəfə alanları qınayıb.

"Bir qrup cahil terrorçunun törətdiyi cinayətə görə bütün müsəlmanları təhqir edən, hədəf alan, terrorçu adlandıranları, bütün media qurumlarını İslam Peyğəmbərinin karikaturasını yaymağa çağıranları, vəziyyəti daha da gərginləşdirmək istəyən bir sıra siyasətçilər, partiya və mətbuat və media qurumlarını da dinindən asılı olmayaraq hər kəs qınamalıdır", xanım Paşayeva moderator.az saytına deyib.

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu qeyd edib ki, baş verən terror aktı müqəddəs İslam dini ilə daban-dabana zidd olan bir cinayətdir.

"Biz bunu təkfirçi İŞİD-çilərin son dövrlərdə həyata keçirdiyi ant-İslami davranışın bir halqası kimi də dəyərləndiririk".

Onun sözlərinə görə, söz azadlığı və özünüifadə kimi mühüm bəşəri dəyərlər, bir sıra hallarda müqəddəs dəyərlərə təhqir kimi rəzil əməllərlə deformasiyaya uğradılır və gözdən salınır. O, bunu müsəlman dünyasına qarşı "mənəvi terror" adlandırıb.