Xədicə İsmayıl “gümrahdır və pozitivdir”

Xədicə İsmayıl

Şəklin mənbəyi, Revan Seyfulla

Şəklin alt yazısı, Amnesty İnternational Xədicə İsmayılı "vicdan məhbusu" hesab edir.

Öldürmə həddinə çatdırma maddəsi ilə məhkəməyə qədər həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın vəkili onub barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldıracaq.

“Xədicə xanımın vəziyyəti yaxşıdır, gümrahdır, pozitivdir. Dostlara salamı var və saxlanma şəraitindən narazılığı yoxdur”, çərşənbə günü jurnalistlə görüşən vəkil Fariz Namazlı BBC Azərbaycancaya deyib.

Bu arada Amnesty İnternational araşdırmaçı jurnalist Xədicə İsmayılın siyasi motivlə həbs olunduğunu açıqlayıb və hakimiyyəti onu dərhal azad etməyə çağırıb.

Amnesty “öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham olunan araşdırmaçı jurnalisti vicdan məhbusu kimi tanıyıb.

Amnesty İnternationalın dekabrın 15-də, saytında yaydığı bəyanatda deyilir ki, İsmayıl dekabrın 5-də “siyasi motivli iş üzrə” məhkəməyə qədər həbs olunub.

“Hakimiyyət Xədicə İsmayılı keçmiş həmkarı ilə münasibətləri pozulandan sonra sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etməkdə ittiham edir. Eyni zamanda İsmayılın həmin şəxsin jurnalist kimi çalışdığı media qurumlarından işdən çıxarılmasına nail olduğu iddia edilir”, bəyanatda deyilir.

Məlumata görə, Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın qəsdən onu özünü öldürmə həddinə çatdırdığını sübut edən dəlillər açıqlamayıb.

“Onun jurnalist işini susdurmağa məcbur etməklə bağlı son cəhd onun uzunmüddətli izlənməsindən sonra baş verib. Xədicə İsmayıl əvvəllər də jurnalist araşdırması ilə bağlı təhdidlər alıb və diffamasiya ittihamı ilə bağlı cinayət işinə cəlb olunub”, bəyanatda qeyd olunub.

Təşkilat bəyanatında hakimiyyəti Xədicə İsmayılın vicdan məhbusu olaraq ifadə azadlığı hüququna görə saxlanıldığını bildirib və onun dərhal və qeyri-şərtsiz azad etməyə çağırıb.

Jurnalistin hakimiyyəti açıq tənqid etdiyini bildirən Aİ onun adının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində “hökümətə qarşı işləyən jurnalistlərə ən yaxşı nümunə” adlandırmasını yada salıb.

Amnesty International bu günə qədər Azərbaycanda 23 nəfəri vicdan məhbusu kimi tanıyıb və onların ifadə azadlığına görə təqib olunduğunu açıqlayıb.

Hakimiyyət siyasi məhbusların olmadığını və həbs olunanların konkret cinayət işi üzrə saxlanıldığını bildirir.