Evdə qazınız varmı?

Şəklin mənbəyi, AFP
Son həftələr Azərbaycanda havanın soyuqlaşması ucbatından evində qaz yandırmaq istəyənlər problemlə üzləşib: bəzi rayonlarda və hətta Bakıda qazın verilməsində fasilələr yaranıb.
Sosial mediada yazılan şərhlərdə "qış rejiminin" hələ başlamaması və yaxud təmir işlərinin başlaması kimi səbəblər göstərilir.
Məsələn, Azəriqaz xəbərdarlıq etmişdi ki, Xocahəsən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Binəqədi rayonu Sulutəpə və Xocahəsən qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Amma təmir işlərinin yaya deyil, soyuqların düşdüyü vaxta təsadüf etməsinə istifadəçilərin çoxu qəzəbini bildirib.
Eyni zamanda bir neçə adam qazın verilişində heç bir problemlə üzləşmədiyini deyib.
BBC Azərbaycanca Facebook səhifəsində "külək və yağışlı hava şəraitində qaz verilişində fasilələrin sizə təsir edirmi" sualına bir çox adam reaksiya verib.
Nərimanov rayonunda yaşadığını bildirən Yikilmiw Hayeller adlı istifadəçi yazıb: "(Təsir) edir, qaz gəlmir 5 gündü. Belədə iş olar Azərbaycan qazı paylayir başqa ölkələrə, özündə evlərdə qaz yoxdu".
O, həmçinin aşağıdakı fotonu BBC Azərbaycancaya göndərib: "Hal hazırkı qaz. Bunla nə etmək olar? Hələ pitminutkada bunla isinməlidi guya. Elektirklə nəsə etməyə çalışırıq".

Şəklin mənbəyi, Courtesy photo
Ülviyyə M-Zadeh isə yazıb: "Bu soyuq bizə pis təsir edir, evdə qaz da yoxdu donuruq. Bizim binada qaz yoxdu umumiyyətlə balon qaz işlədir hamı. O da bildiyiniz kimi cox təhlukəlidi".
Amma bu istifadəçi şəkil göndərməyib: "Bu halima aid şəkil görməyinizi heç məsləhətli bilmirəm", o deyir.
"Hər il belədi"
"Donurammm atapleniyaları versinlərdə. Gərək kimsə Ebola olsun?" Illusive Man sual edib.
Ucardan Faiq Eyvazov: "Qaz varki fasiləsidə ola?"
Bashligsiz Setirler isə deyir ki, hər il belə olur. "Yenə keçən ilə kimi gecədən sonra azaldırdılar, indi kruqli sutka az verilir".
Xaricə satırlar...
Bəzi istifadəçilər Azərbaycan qazının xaricə satılmasını, ölkə daxilində isə qazın mütəmadi olaraq kəsilməsini şərh ediblər.
"Qazı satmirlar camaata ona görə ki, məmur balaları acından qırılar, yaxşısı budur ki, XARİCƏ satsınlar!", Yusifbeyli Elcin şərh yazıb.
Eli Abbas: "Bizə düşmən lazım gəlmirki, düşmənlərimiz bizə içimizdə zülm edirlər".
"Yox təsir etmir, biz öz şəxsi qaz mədənimizdən və Almaniyadan gətirdiyimiz qazçıxarma qurğularından istifadə edərək mətbəxin bir gözünü yandırırıq... Sizdə bu yoxdur ki..? Həm soyuq havada qaz nəyə lazım, kəssinlər xaricə satsınlar da...", Kenan Rzazade deyir.
Qaz "ən ucqar kəndlərdə də" çəkilib
Qazın verilişində heç bir problemlə üzləşmədiyini bildirənlər də olub. "Bizdə gəlir, göz dəyməsin", Rf Gulya yazıb.
2007-ci ildən Bakıda yaşadığını bildirən Robert Warner deyir ki, indiyə kimi işıq və qaza görə "problem olmayıb".
"Azərbaycanda Allaha şükür olsun, ən ucqar kəndlərdə belə qaz çəkilib. Sizin göndərdiyiniz o foto elə Avropanın orta göbəyindən deyilmi?" - yazıb Sefer Qeni.
Mingəçevirdən Melek Efendiyeva: "Bizdə qaz həmişə var. Sadəcə arada kəmərlərdə problem olarsa qazın verilişi dayandırılır".
#belesoyuqhavalarda
Son günlərdə Twitterdə istifadəçilər də #belesoyuqhavalarda həştəqindən istifadə edərək soyuqla necə mübarizə apardıqlarından yazıblar.
"#belesoyuqhavalarda ne etmeli? haştaqla yazaq görek neynirik", həştəqi başlayan @elmin_hasanli deyib.
"#belesoyuqhavalarda 35 dərəcə istisi olan Şri Lankada olmağın yeri var", @ayazabushov yazıb.
@Rustamzadeh adlı istifadəçi: "#belesoyuqhavalarda xəngəldən başqası yalandır".
Azərbaycanda qaz verilişində fasilələrin yaranması sizə və ya ailənizə təsir edirmi? Siz də şərhlərinizi, foto və videolarınızı bizimlə bölüşün:
<bold>azeri@bbc.co.uk</bold> ünvanına e-mail, və ya <link type="page"><caption> Facebook mesajı</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> göndərin.




