Vətəndaş cəmiyyəti hökumətlə insan haqlarını müzakirə edir

Milli Məclis

Şəklin mənbəyi, Getty

Milli Məclisdə hökümət və vətəndaş cəmiyyəti arasında Azərbaycanda insan hüquqları və siyasi məhbuslarla bağlı İşçi qrupunun iclası "anlaşma şəraitində" keçib.

İclasda iştirak edən hüquq müdafiəçiləri BBC Azərbaycancaya deyib ki, İşçi qrup Azərbaycanda ümumilikdə insan hüquqlarının durumu ilə bağlı müxtəlif istiqamətdə müzakirələr aparıb.

Bu il avqustun 12-də Avropa Şurasının baş katibi Thorbjorn Jagland Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığından sonra İşçi qrupun fəaliyyətini bərpa edəcəyi barədə bəyanat yayılıb.

"Gərgin dialoq"

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva BBC Azərbaycancaya deyib ki, iclasda hansısa məsələyə müxtəlif baxışı olan iki tərəfin dialoqu "gərgin" keçib.

“Amma iclas anlaşma şəraitində keçdi. Hər iki tərəfin əməkdaşlıq etmək istədiyini hiss elədik. Ümumi qərar o oldu ki, birigün Hilal Məmmədovun qızının toyudur və biz onun 3 günlüyə azadlığa buraxılması ilə bağlı müraciət elədik və onun əfvi məsələsinə baxılmasını istədik”, o bildirib.

"Müdaxilə də, müzakirə də edəcəyik"

Abdullayevanın sözlərinə görə, İşçi qrupun formatı “dəyişməyib” və ilk iclasda qrupun necə işləyəcəyi barədə məsələlər də müzakirəyə çıxarılıb".

“Bizim hədəfmiz ümumi insan haqları məsələlərdir. Bu daha geniş imkanlar verir və məqsədimiz hüquqları pozulanlara yardım etməkdir. Müdaxilə edəcəyik, müzakirə edəcəyik”, hüquq müdafiəçisi qeyd edib.

Onun sözlərinə görə, qrupun işinin bərpası birbaşa hakimiyyətə həbsdə olanlarla bağlı “birbaşa müraciət etməyə” imkan yaradıb.

“İmkan yaranır ki, biz öz arqumentlərimizi gətirək ki, nə üçün o adamları günahsız hesab edirik. Biz hər şey edəcəyik ki, onlar azadlığa çıxsın”, o əlavə edib.

Xədicə İsmayıl siyahıdan çıxarılıb?

İşçi qrupun iclasında iştirak etmək üçün parlamentə gələn araşdırmaçı jurnalist Xədicə İsmayıl içəri buraxılmayıb. Facebook səhifəsində jurnalist yazıb ki, ona iclasa buraxılmamasının qrupun üzvlərinin buna etiraz etməsi ilə izah edilib.

Arzu Abdullayeva deyib ki, Xədicə İsmayılın iclasda iştirakına hər iki tərəf razı olub.

"Xədicə İsmayılovanın İşçi qrupla bağlı dünən Facebookda yerləşdirdiyi rəy bizə çox pis təsir elədi və buna görə də təmsil olunmur. Mən eşitdim ki, o gəlibmiş, amma biz içəridə bunu bilməmişik. Ola bilər ki, siyahıdan bilavasitə çıxarılıb", hüquq müdafiəçisi bildirib.

Xədicə İsmayıl çərşənbə axşamı günü Facebook səhifəsində İşçi qrupu ilə bağlı "riskli" hesab etdiyi məqamları paylaşmışdı.

Tədqiqatçı jurnalistin fikrincə, İşçi qrupun tərkibi artıq etimad doğurmur, qrup "sadəcə vaxt sərfiyyatı üçün istifadə oluna bilər" və işçi qrupda olmalı olan hüquq müdafiəçiləri həbsdədir. "Onlarsız proses necə gedə bilər" deyə Xədicə İsmayıl sual edib.

"İşçi qrupunda yeni üzvlər"

İclasda iştirak edən hüquq müdafiəçisi Səidə Qocamanlı BBC Azərbaycancaya iclasda İşçi qrupa yeni üzvlərin daxil olduğunu və əsasən təşkilatı məsələlərin müzakirə olunduğunu deyib.

"İclas üçtərəfli formatda keçirildi:dövlət strukturları, vətəndaş cəmiyyəti Avropa Şurası baş katibinin təyin etdiyi siyasi işlər üzrə elektoratının rəhbəri Aleksandr Gers. İşçi qrupun adı İnsan Hüquqları üzrə Birləşmiş qrup oldu. Yeni üzvlər Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı və millət vəkili Əli Hüseynlidir".

Onun sözlərinə görə, gələn ay keçiriləcək iclasa konkret təkliflərlə çıxış edəcək.

"Biz məhkəmə qərarı çıxarılmış şəxslərin, barəsində Avropa Məhkəməsinin qərarı çıxarılan şəxslərin məhkumluğunun böyük hissəsini çəkmiş, əfv haqda müraciət yazanların işinə baxmalıyıq", o bildirib.

"Problemin ölkə daxilində həlli"

Müzakirələrin "konstruktiv və obyektiv" qiymətləndirən hüquq müdafiəçisi sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı problem ölkə daxilində həll edilməlidir.

"Qıraqdan gələn heç bir şəxs bu problemi həll edə bilməz. Problemin həlli ölkə daxilindədir. Biz 2005-2008-ci ildə 3 il ərzində 77 nəfərin azadlığa buraxılmasına nail olduq və bu böyük rəqəmdir", Qocamanlı əlavə edib.

Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi qrup ilk dəfə 2003-cü ildə təsis edilib və 2008-ci ilə qədər fəaliyyət göstərib. Sonradan Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi Christofer Strasser təyin olunub və İşçi qrupun fəaliyyəti dayanıb.