Prezident seçkilərindən 1 il sonra

Şəklin mənbəyi, AFP
- Müəllif, Seymur Kazımov
- Vəzifə, Jurnalist, BBC Azərbaycanca üçün
İlham Əliyev hələ ki, müstəqil Azərbaycan tarixinin ən uzunmüddətli dövlət başçısıdır. Bir il öncə, yəni oktyabrın 9-da o, üçüncü müddətə bu vəzifəyə seçildi. Bu gün İlham Əliyev hakimiyyətinin 11-ci ili tamam olur.
İlham Əliyevin üçüncü dəfə namizədliyi istər yerli, istərsə də beynəlxalq aləmdə kifayət qədər müzakirə mövzusu oldu.
Belə ki, həm 2003-cü ildə vəzifə səlahiyyətlərini icra etməyə başlayarkən, o cümlədən, 2008-ci ildə ikinci müddətə seçildikdən sonra and içdiyi Konstitusiya 2009-cü ildə dəyişdirildi.
Həmin il keçirilmiş referendum zamanı Ana Qanunun bir neçə maddəsinə əlavə və dəyişiklik nəzərdə tutulsa da, sirr deyil ki, əsas məsələ prezident seçilmək üçün müddətin iki dəfə yox, müddətsiz olması idi.
Beynəlxalq təşkilatlar Əliyevin 3-cü prezidentliyini tənqid etsələr də, nəticədə onun legitimliyini tanıdılar. ABŞ və Avropa dövlətlərinin rəhbərləri də seçkidən uzun müddət keçsə də köhnə-yeni dövlət başçısını təbrik edərək, onunla işləyəcəklərini dedilər.
İqtidar
Üçüncü müddətin bir ili artıq başa çatdı. Bu müddət ərzində ölkədə nə dəyişdi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadı və belə görünür ki, bu məsələnin tezliklə həllinə ümidlər böyük deyil.
Eyni zamanda Azərbaycan Avropa ilə Assosiasiya Sazişini də imzalamadı. Xırda istisnalar olmaqla, hökumətin tərkibi demək olar ki, dəyişdirilmədi.
Müdafiə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəyişiklik olsa da, bu sadə xalqın həyatında hansısa yeniliklə yadda qalmadı. Bu faktor onu göstərdi ki, sistem dəyişikliyi yoxdursa, xırda, lokal yerdəyişmələrin nəticələri də olmayacaq.
Ötən bir il ərzində əmək haqları və pensiyalarda da artım olmadı. Bunun da müəyyən səbəbləri vardır. Azərbaycanda hər il əmək haqqları yanvar ayında artırdı. Bu, İlham Əliyevin 10 illik hakimiyyəti illərində də belə oldu. Amma ilk dəfə ötən il seçkidən 1 ay öncə sentyabr ayında büdcədən maliyyələşən təşkilatlarda birdən-birə əmək haqları artırıldı. Təbii ki, bu da seçkiyə hesablanmış addım idi. Bu il də əmək haqlarında artım olmadı, çünki həm büdcənin azalması, həm də büdcə kəsirinin böyük olması əsas rol oynadı.
Belə ki, ölkə tarixində ilk dəfə 2014-cü ilin büdcəsi 4 faizlik azalma ilə qəbul olundu. Eyni zamanda, ilk dəfə büdcə kəsiri 6 dəfə artdı, yəni xərclər gəlirləri üstələdi.
Bunun da məntiqi nəticəsi olaraq, hökumət əmək haqqlarını artırmasa da, müəyyən məhsullar və ərzaqlarda qiymət artımının şahidi olduq.
Bu il neftin qiymətinin aşağı düşməsini nəzərə alsaq 2015-ci ilin büdcəsinin 2014-cü ildəkinə nisbətən daha pis durumda olacağını proqnozlaşdırmaq çətin deyil.
Dünya bazarında neftin qiymətinin aşağı düşməsi meylləri davam edir. Gələn ilin yanvarına kimi neftin qiymətinin 80-85 dollar aşağı düşməsi gözlənilir.
Nəzərə alsaq ki, gələn ildən Azərbaycan beynəlxalq maliyyə institutlarına 4 milyard dollar borc ödəməlidir, o zaman vəziyyətin nə qədər ciddi olduğunu təxmin etmək mümkündür.
Avropa Şurası Nazirlər Kabinetinin sədrliyi də ciddi siyasi proseslərlə müşayiət olunmadı. İstər ölkə daxilində, istərsə də, beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı siyasi məhbusların azad olunacağı, insan haqları sahəsində problemlərin həlli, təqiblərin və təzyiqlərin dayandırılması, demokratik mühitin bərqərar olmasına dair ümidlər puç oldu.
Azərbaycan sədrliyə başlayan kimi, ölkədəki jurnalistlər, ictimai fəallar, QHT təmsilçiləri, hüquq müdafiəçiləri arasında müxtəlif maddələrlə cinayət məsuliyyətinə cəlb olunanların sayı da artdı.
Hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov cari ilin aprel ayında Azərbaycandakı siyasi məhbuslar barədə hesabat təqdim etmişdi. 1 aprel, 2014-cü il tarixinədək olan məlumata görə, Azərbaycanda siyasi məhbusların sayı 90 nəfərdən çoxdur.
Hakimiyyət mənsubları çıxışları zamanı siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığını deyir. Amma AŞPA-nın 3 oktyabr 2012-cü ildə qəbul etdiyi 1900 nömrəli “siyasi məhbuslarla bağlı qətnaməsi"ndə bu meyarlar öz əksini tapıb.
İyunun 18-də isə hazırda həbsdə olan digər hüquq müdafiəçisi Leyla Yunusun açıqladığı rəqəmlərə görə, ölkədəki siyasi məhbusların sayı 130 nəfər olub.
Hakimiyyət, konkret olaraq prezident İlham Əliyev səviyyəsində birmənalı olaraq ölkədə siyasi məhbusların olmasını bu il də qəbul etmədi, “insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir.”
Ən son Rəsul Cəfərovla Leyla Yunusun hazırladığı siyahı birləşdirilərək 98 nəfərin üzərində dayanıldı. Bundan sonra siyahı müəllifləri və hüquqşünas İntiqam Əliyev də həbs olundu.
Media Hüquqi İnstitutunun hesablarına həbs qoyulması bu qurumun fəaliyyətinin dayandırılmasına səbəb oldu. Bu da öz növbəsində, siyasi təqiblərlə bağlı məhkəmə işləri olan jurnalistləri də yarıda qoydu.
Milli Məclis son il ərzində mövcud qanunlara qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran 50-dək düzəliş edib.QHT təmsilçilərinin etirazlarına baxmayaraq, dövlət başçısı bu dəyişikləri təsdiqləyib.
Bundan sonra Baş Prokurorluğun təqdimatına əsasən rayon məhkəmələrinin qərarları ilə 20-ə yaxın QHT-nin bank hesabına həbs qoyulub.
Prokurorluq QHT-lərin bank hesablarına köçürülmüş pulları cinayət predmeti hesab etdiyini və istintaq üçün onlara həbs qoyduğunu bildirən bəyanat yaydı.
Qısası, İlham Əliyev özünün də dediyi kimi, bu bir ildə də “Heydər Əliyev siyasi kursuna sadiq qaldı”.
Müxalifət
Bir il ərzində müxalifətdə hansı dəyişiklər oldu, onlar nə ilə yadda qaldı? Seçkilərdən sonra Milli Şuranın keçirdiyi mitinqlər kütləviliyi ilə seçilmədi.
Ölkədə əsas idarəçilik və inzibati resursların, əksər kütləvi informasiya vasitələrinin hakim partiyanın əlində cəmləşməsi, qeyri-bərabər təbliğat kampaniyasının aparılması, müxalif fəalların təqiblərə məruz qalması məsələləri prioritet olaraq qalır.
Yalnız elə məsələlər var ki, onların birbaşa həlli müxalif qüvvələrin özlərindən asılı olan məsələdir. Müxalifət partiyalarının daxilində köklü struktur dəyişiklər, islahatlar aparılmadı.
Partiyalar eyni liderlər, eyni şüarlarla 20 ildir ki, hakimiyyətə gəlməyə çalışırlar. Yəqin ki, hakimiyyətə də elə ölkədə belə bir müxalifətin mövcudluğu daha çox sərf edir, nəinki yeni siyasi qüvvələrin meydana çıxması. Seçkilər zamanı birləşir, seçki başa çatan kimi özlərinə məxsus media quruluşlarında bir-birini “vurmağa” başlayırlar. Analoji hal son 1 il ərzində də baş verdi. AXCP və Müsavat arasında “soyuq yellər” əsməyə başladı və bu gün də davam edir.
Ötən bir il ərzində müxalifət kütləvi nümayiş və mitinqlərlə də yadda qalmadı.
Müsavatda çoxdan gözlənilən başqan seçkiləri nəhayət keçirildi və köhnə qvardiyanın təmsilçisi yeni başqan seçildi. Bu seçkilərin nəticəsi hələ də birmənalı qarşılanmıır. Bu dəfə Müsavatın daxilində bir-birini ittiham meylləri güclənib. Arif Hacılı başqan seçilsə də, 2018-ci il prezident seçkisində partiyanı o yox, sabiq başqan İsa Qəmbər təmsil edəcək.
Cari ilin noyabrında bələdiyyə seçkiləri keçiriləcək. Amma ölkədə seçki ab-havası hiss olunmur. Nə iqtidarda, nə də müxalifətdə heç nə dəyişməyib. Bələdiyyə seçkilərinin ciddiyə alınmadığı təəssüratı yaranır. 2015-ci ildə isə parlament seçkiləri keçiriləcək.




