Dondurulmuş münaqişələr və Kreml

Avqust ayında Vladimir Putin İlham Əliyev və Serj Sarkisyanla Soçidə görüşüb.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Avqust ayında Vladimir Putin İlham Əliyev və Serj Sarkisyanla Soçidə görüşüb.
    • Müəllif, Patrick Jackson
    • Vəzifə, BBC News

NATO-nun rəhbəri Anders Fogh Rasmussen alyansın Uelsdə keçirilən son sammitində BBC-yə deyib ki, Rusiya prezidenti Vladimir Putin bir vaxtlar Moskvanın nüfuz dairəsində olmuş ölkələrin Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dayandırmaq məqsədilə öz qonşuluğunda “uzanmış və dondurulmuş münaqişələrin” olmasını istəyir.

O deyib ki, məhz buna görə də Rusiya Krımı ilhaq edib və Ukraynanın şərqini qarışdırıb.

Fənd bundan ibarətdir ki, qanlı ərazi münaqişələri gözə görünən həlli olmadan asılı vəziyyətdə saxlanır və Rusiyanın hər dəfə öz şərtləri ilə sülh təklif etməsinə imkan yaranır.

Moldovadan qopmuş Dnestryanı regionu və Gürcüstanın üsyançı regionları olan Cənubi Osetiya və Abxaziya bu siyasətə misal olaraq göstərilə bilər.

Təhlilçilər bura Dağlıq Qarabağı da əlavə edə bilərlər, hərçənd burada ilk baxışdan ermənilər və azərbaycanlılar arasında uzanmış mübahisədə Rusiyanın rolu dərhal görünməyə də bilər.

Bu da deyilməlidir ki, “dondurulmuş münaqişə” zonalarında yaşayanlar çox vaxt Rusiyaya həm xeyirxahları, həm də müdafiəçiləri kimi baxırlar. Bu da var ki, bir çox ruslar keçmiş Sovet İttifaqı üzrə həmvətənləri qarşısında məsuliyyət daşıdıqlarını düşünürlər.

Müdaxilə modeli

Elə isə Rusiyanın öz maraqlarına görə hər hansı münaqişəni dondurmaq istəməsinin əlamətləri varmı?

“Rusiyanın öz ucqarlarında vəziyyəti qarışdırmasının təkrar olunan modeli nəzərə çarpır – deyir Filadelfiyada mənzillənmiş Xarici Siyasət Araşdırmaları İnstitutunun (Foreign Policy Research Institute in Philadelphia ) region üzrə eksperti Michael Cecire.

"Moskva bir məsələdə, onun müdafiəsinə tələb yaradan yumşaq nüfuz əməliyyatından istifadə etmək məsələsində çox səriştəlidir”.

Şəklin mənbəyi, BBC World Service

Michael Cecire düşünür ki, Rusiya Şərqi Ukraynada istifadə etdiyi və indi “çarpaz metod” adlandırılan qeyri-ənənəvi və müxtəlif metodlardan əvvəllər də öz ucqarları boyunca istifadə edib.

“Moskva Gürcüstan, Moldova və hətta Azərbaycanda əhali arasında, Şərqi Ukraynada rəy sorğularının göstərdiyi kimi konsensus olmayanda, separatçılıq meylli narazılıq şəraitininin yaranmasında rol oynayıb” – deyir təhlilçi.

“Elə ki, separatçılıq silahlı münaqişəyə doğru meylləndi, Moskva silahların, sursatın və “könüllülərin” ötürülməsində" çox səriştəli olur” – deyir Michael Cecire.

Royal United Services İnstitutunda ABŞ-Rusiya münasibətləri üzrə ekspert İqor Sutyaginin fikrincə, Dnestryanı respublika və Dağlıq Qarabağ Kremlin “dondiurlmuş” münaqişələr siyasətinə parlaq misaldır.

“Əvvəlcə bu, bir fürsətçi siyasət idi, lakin sonradan çox səmərəli alət olduğu müəyyənləşdi və beləliklə, Rusiya siyasətinin standart vasitəsinə çevrildi” – deyir Sutyagin.

Onun qənaətinə görə “dondurulmuş münaqişələr müvafiq ölkələrin ümumi siyasətlərini təsirləndirmək üçün Kremlin alətidir”.

Bu meyl həmçinin münaqişələrə cəlb olunmuş fərdlərin şəxsiyyətindən də görünür.

Məsələn, iyul ayında Vladimir Antyufeyev Şərqi Ukraynadakı üsyançı Donetsk hökumətində baş nazirin müavini oldu.

Latviyadakı seçmə polis alayının keçmiş komandiri Antyufeyev həm də Dnestrayanıda əsasən rusddilli əhali 1990-cı illərdə yüksələn Moldova millətçiliyinə qarşı üsyan qaldıranda separatçıların tərəfində mühüm rol oynamışdı.

Bəs görəsən, Rusiya bu daimi qeyri-stabillik zonalarını yetişdirməkdən nə qazanır?

Bu, bir tərəfdən NATO-nun genişlənməsini önləyən strateji məqsəddir. Çünki hər hansı qonşu ölkədə həll olunmamış ərazi mübahisəsi həmin ölkənin alyansa üzv olmasına maneçilik törədir.

Sutyagindən soruşanda ki, “Ukrayna NATO-ya qoşula bilərmi”, o, “qətiyyən yox” cavabını verir: “Çünki NATO-nun nizamnaməsinə görə heç bir ölkə öz qonşusu ilə ərazi mübahisəsini həll etməmiş alyansa qoşula bilməz”.

Rusiya məsələləri üzrə şərhçi Andrei Piontkovsky prezident Putinin kəskin tənqidçilərindəndir. O düşünür ki, üç müddətdir ölkəyə başçılıq edən Putinin Avropaya meylli Ukraynada sabitsizliyi saxlamaqda şəxsi maraqları var.

İyul ayında Vladimir Antyufeyev Şərqi Ukraynadakı üsyançı Donetsk hökumətində baş nazirin müavini oldu.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İyul ayında Vladimir Antyufeyev Şərqi Ukraynadakı üsyançı Donetsk hökumətində baş nazirin müavini oldu.

“Onun son məqsədi ömürlük prezident olmaqdır” – deyib təhlilçi BBC-yə.

“Beləliklə, Ukraynanın demokratik, iqtisadi baxımdan açıq ölkə olmaq ixtiyarı yoxdur. Çünki Putinin nöqteyi-nəzərindən bu, Rusiya üçün pis nümunə göstərə bilər” – deyir şərhçi.

Ukraynanın şərqindəki qiyamçılar deyə bilərlər ki, təqsir ilk növbədə “onlara doğma” Rusiya yönlü və seçilmiş prezident Viktor Yanukoviçi devirməklə və hakimiyyəti zəbt etməklə münaqişənin alovlanmasına səbəb olmuş Ukrayna millətçilərinin özündədir.

Beləliklə, münaqişənin yaranması səbəbi mübahisə doğurursa, Kremlin iddia olunan sabitsizləşdirmə siyasətinin uğuru da mübahisəli olmalıdır.

Sınaqdan çıxmış və etibarlı üsul

“Krımda ilkin vasitə müstəqillik yox, yarımmüstəqil vahid kimi daha geniş muxtariyyət idi” – deyir Sutyagin.

“Kreml Krımı ilhaq etmək iştahasından keçə bilməyəndə, başqa bir yerdə, ölkənin şərqində yeni bir münaqişə yaratmaq lazım gəldi. Əslində hər hansı ərazini ilhaq etmək Kremlin maraqlarında deyil, çünki bu ərazi həll olunmamış mübahisə obyekti kimi əhəmiyyətini itirir”.

Buna baxmayaraq, Rusiyanın Ukraynadan Krımı ilhaq etməsi NATO nizamnaməsində üzvlüyə mane olan “beynəlxalq münaqişə” müddəasına daha çox uyğun gəlir.

Sutyaginə görə 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyanı silah gücünə qaytarmaq istəməsi ilə başlanmış müharibə Rusiya üçün uğursuzluqla başa çatdı, çünki Abxaziya və Cənubi Osetiya müstəqilliklərini elan etdilər və Rusiya onları tanımalı və müdafiə etməli oldu.

“Gürcütsan de facto qəbul etdi ki, onları itirib və Kreml də bununla Tbilisini istədiyi istiqamətə yönəltmək vasitəsini itirmiş oldu” – deyir şərhçi.

Əgər Kremlin öz yaxınlığında donmuş münaqişələr saxlamaq siyasəti həqiqətən də vardırsa, deməli bu, Rusiya liderinin hikkəsindən də asılı ola bilər.

Necə olursa olsun, bu siyasətin tezliklə yoxa çıxacağını gözləmək olmaz.

Raul Xacimba (mərkəzdə) dinc çevrilişdən sonra keçən prezident seçkilərində qələbə çalıb.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Raul Xacimba (mərkəzdə) dinc çevrilişdən sonra keçən prezident seçkilərində qələbə çalıb.

“Rusiyanın özünə kənar müttəfiqlər axtarması və onların problemlərindən “casus belli” kimi istifadə etməsi cənub istiqamətində genişlənmək məqsədilə aparılan çar müharibələrinin əks-sədası olan köhnə strategiyadır” – deyir Cecire.

“Gürcüstan cənubdakı müsəlman dövlətlərinin təzyiqi ilə üzləşəndə Rusiya dini təəssübkeşlikdən istifadə etdi və çar imperiyası İkinci İraklinin hökmdarlığında olan Gürcüstanı öz ərazilərinə qatdı. Hətta Krım müharibəsi də pravoslav xrisianların Osmanlı İmperiyası tərəfindən Müqəddəs Torpaqda incidilməsinə rusların etirazından başlamışdı. Bu, Rusiya üçün yeni bir strategiya deyil” – deyir Cecire.

BBC News Rusiyanın “dondurlmuş münaqişələr”dən siyasət aləti kimi istifadə etməsi iddiaları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə şərh üçün müraciət etsə də, hələlik heç bir reaksiya almayıb.

Dnestryanı Modlovadan ayrılmanın 24-cü ildönümünü qeyd edib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Dnestryanı Modlovadan ayrılmanın 24-cü ildönümünü qeyd edib.

Dnestrayanı bölgəyə dair təhlil

ı

Rusiya Dnestryanı bölgədə eyni vatxda həm təcavüzkar, həm qarant, həm də sülhyaradıcı kimi çıxış edir. 1992-ci ilin “elan edilməmiş müharibəsində” Rusiya qüvvələri separatçıların tərəfində vuruşdular, separatçılar hərbi uğur qazandılar və bölgədə Rusiya “sülhyaradıcıları” tərəfindən təmin olunan sülh bərqərar edildi.

Dnestryanı əhali özlərini Rusiyanın həmvətənləri qismində görməyə həvəsləndirilirlər. Bu isə Rusiyaya gələcəkdə potensial olaraq humanitar və ya hərbi müdaxilə imkanı yaradır. Hazırda Rusiya bu bölgəyə iqtisadi subsidiyalar buraxır, infrastrukturu maliyyələşdirir və hətta bütün pensiyaçılara ayda əlavə olaraq 15 dollar verir. Bu, heç nəyi olmayan adamlar üçün böyük puldur.

Burada Avropanın ən yoxsul ölkəsinin vətəndaşı olmaqdansa, “rus” olmağın ideoloji faydası var, hərçənd çoxları həm də Moldova pasportlarını saxlayırlar. Çünki Moldova pasportu indi Avropaya vizasız səfər imkanı verir.

Bu “donmuş münaqişə” ilə Rusiya "de facto" olaraq Moldova siyasəti üzərində vetoya malikdir.

Şəklin mənbəyi, YULIA ZHUKOVA

"Donmuş" Dnestryanıda həyat

Yulia Jukova, 25 yaşında əczaçılıq tələbəsi

Onun haqqında yaradılmış stereotiplərə baxmayaraq, Dnestryanı hələlik tanınmasa da, sakit, mədəni və sülhsevər ölkədir. Status barədə qeyri-müəyyənlik sənədlərlə, pulla bağlı problemlər yaradır. Xaricə səfər etmək üçün Dnestryanı vətəndaşı başqa bir ölkənin, çox hallarda Rusiya, Moldova və ya Ukraynanın vətəndaşlığını qəbul etməlidir.

Tanınmamaq iqtisadiyyata da ziyan vurur. Cavanlar burada heç bir perspektiv görmədikləri üçün çox vaxt daha yaxşı iş və maaş üçün kənara gedirlər.

Mənim ölkəm Rusiyadır və buna görə də mən doğulduğum Dnestryanıdan başqa, həm də Rusiya vətəndaşıyam. Rusiya bizə çox şeydə kömək edir. Pulsuz qaz verir, uşaq bağçaları və məktəblər tikir.

Əlbəttə, Ukrayna hadisələri bizə təsir edib. Məsələn, Ukrayna bizlərdən Rusiya pasportları olanları öz ərazisinə buraxmır. Əgər Moldova olmasaydı, biz tamamilə təcrid olunardıq. Burada vətəndaşların Moldova ilə yaxşı münasibətləri var.

Cənubi Osetiya və Abxaziyaya dair təhlil

Michael Cecire, Filadelfiyadakı Xarici Siyasət Araşdırmaları İnstitutu

Rusiyanın Cənubi Osetiyada və Abxaziyadakı rolu qismən Gürcüstanı sabitsizləşdirməkdən və Avroatlantika alyansının genişlənməsinin qarşısını almaqdan ibarətdir. Lakin bu, heç də hamısı deyil. Bu həmçninin Moskvanın əlində Gürcüstan hökuməti ilə münasibətlərini formalaşdırmaqda alətdir.

Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması özünüməğlubetmə aktı idi. Belə bir ehtimal var ki, məhz bu səhvi düzəltmək üçün Moskva Krımın müstəqilliyini tanımaqdandsa, onu birbaşa ilhaq etməyə üstünlük verib.

Hazırda Cənubi Osetiyada Şimali Osetiya ilə birləşmə gündəlikdə olan məsələdir. Abxaziyaya gəlincə isə, burada vəziyyət bir qədər mürəkkəbdir. Özünün guya müstəqilliyinə baxmayaraq Abxaziya müdafiə, ticarət və büdcə məsələlərində Rusiyadan tam asılı vəziyyətdədir. Lakin yerli abxaz əhali burada Rusiyanın hər hansı ilhaq cəhdlərinə qarşı çıxa bilər.

Dağlıq Qarabağa dair təhlil

Bu yay təmas xəttində kəskin qarşıdurma halları müşahidə olunmuşdur.

Şəklin mənbəyi, ap

Şəklin alt yazısı, Bu yay təmas xəttində kəskin qarşıdurma halları müşahidə olunmuşdur.

Richard Giragosian, Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru

Rusiya bu münaqişədə uzun müddətdir ki, hər iki tərəfə oynayır və Ermənistanla Azərbaycan arasında dərin ixtilaf da bununla şərtlənir. Rusiya bütün tərəflərə əsas silah satıcısıdır və onun “vasitəçiliyi” həll olunmamış münaqişənin status kvo-da saxlanmasına xidmət edir.

Lakin son vatxlar Qarabağ donmuş münaqişədən çox qaynar münaqişəyə çevrildikcə, Rusiya da özünün vasitəçi əbasını geyinməli olur.

Avqust ayında yenilənmiş toqquşmalarla bağlı prezident Putin Ermənistan və Azərbaycan liderlərinə sərt “mühazirə” oxuyub.

Bu münaqişədə “Putinin növbəti gedişi” yəqin ki, daha təhlükəli, yeganə arbitr rolunda çıxış etmək olacaq.