Quba fermerləri bağları suvara bilmir

Şəklin mənbəyi, BBC
- Müəllif, Xanım Cavadova
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Qubalı fermerlər meyvə bağlarını suvara bilməməklərindən şikayətlənir, İcra Hakimiyyəti isə rayonda suvarma ilə bağlı probleminin olmadığı deyir.
Rayonun şərqində yerləşən Zərdabi qəsəbəsi, 2-ci Sovxoz kəndinin fermerlərindən biri Məmmədrza Məlikov BBC Azərbaycancaya bildirib ki, onlarla fermer Qudyalçaya gedən yolun aşağı yanına su verilməsini istəyir.
"Son dəfə iyun ayında suvarmışıq bağları. Müəyyən adamlar var ki, onlar 5-6 dəfə suvarıb, adamlar da var ki, 2 dəfə suvara bilməyib".
Kəndin Qudyalçaydan çəkilmiş və kəndin şimalında yerləşən "Beton kanal"a uzaq olan və sakinlərin "aşağı tərəf" deyə istinad etdiyi cənubi ərazi təxminən iki ay əvvəl kanalda aparılan təmir-bərpa işlərindən sonra su problemi ilə üzləşib.
Quba rayonunun icra hakimiyyətindən isə bildiriblər ki, sel suları əsas kanalın qarşısını lilləndirdiyindən bağlara suyun verilməsində problem yaranıb.
Ağaclar quruyur
Fermerin sözlərinə görə, kəndin şimal hissəsində yerləşən bağlar kanal mənbəyinə daha yaxın yerləşdiyındən onların suvarılması aşağılardakı hissələrə su gəlməsinə imkan vermir. Nəticədə kanala uzaq hissədə ayrı-ayrı fermerlərə məxsus, təxminən 170 hektar sahənin təkcə 10 hektarı suvarılıb.
Təxminən 1 hektar alma bağına sahib olan Şıxbaba Kiçibəyov da suvarma problemi yaşayır. O şikayətini rayon bələdiyyəsinə və kənd şurasına bildirdiyini deyir.
"Deyirlər ki, su gələndə verəcəyik. Ağaclar quruyur, fəsil bitir, iyun ayında verilən sudur. Su az gəlir, onu da 1-2 nəfər suvara bilir".
Kiçibəyov deyir ki, suvarmaya görə bələdiyyəyə il ərzində dörd dəfə suvarma üçün bir hektara 32 manat hesabı ilə su haqqı da ödəyirlər.
Quba İcra Hakimiyyətinin mətbuat katibi Arif Yusifov suvarma ilə bağlı hər hansı problemi təkzib edib və fermerlərin bağlarını "suyun içində" saxlamaq istədiklərini deyib.
"Kəndlərə su saatladır, onu da bələdiyyələr həftələrə uyğun kəndlər arasında bölür. Hamısına gedib çatır. Necə çatmaya bilər ki? Yoxsa bağlar quruyardı, elə bir şey yoxdur".
Lakin cənab Yusifov onu da güman edib ki, suvarılma problemi olan ərazi "müəyyən məsafədə və ya yoxuşda yerləşir".
Yeganə gəlir yeri meyvə bağları olan fermerlər suvarma problemi meyvələrin yetişmə zamanına təsadüf edib.
"İl boyu əlləşib gözümüzü ora dikmişik, ağaclar da quruyur", fermer Məlikov deyir.
Rüşvət
50 sot torpağı olan Paşa Sadıqov isə suyun verilməsi müqabilində ondan rüşvət istənildiyini iddia edir.
"Son dəfə iyunun 21-22-də suvarmışam. Əslində su var, amma kanalın başında duranlar rüşvət istəyir- hər dəfə üçün 50 manat".
Quba İcra Hakimiyyətinin rəsmisi rüşvət iddialarını da təkzib edir.
"Boş söhbətlərdir. Yeni icra başçısı gələndən Qubada rüşvət söhbəti yığışdırılıb. Dünən də bələdiyyə rəhbərləri, kənd sovetləri ilə iclas olub və bildirilib ki, camaata su verilsin. Su da saatlarla- bir saat-saat ayrılır, amma sakinlər sutkalıq su istəyir", cənab Yusifov bildirib.
Arif Yusifov əlavə edir ki, İcra Hakimiyyətinə də hər gün onlarla insan suvarma ilə bağlı şikayət edir.
"İcra hakimiyyətində şikayətlərlə bağlı çağrılan şikayətlərdə bələdiyyə nümayəndələri də iştirak edir, onlar suyun hamıya çatdığını deyir", cənab Yusifov qeyd edib.
İcra nümayəndəsi onu da bildirib ki, son 3-4 gün ərzində Qubanın mərkəzində də su problemi yaranıb, səbəb isə, sel suyunun kanalın qarşısını lilləndirməsi olub - "onu təmizləyirlər indi", Arif Yusifov qeyd edib.
161,4 min əhalisi olan Quba rayonu əsasən kənd təsərrüfatı ilə tanınır, Quba RİH saytında yazılıb.
Fermerlər deyir ki, meyvə bağları adətən ildə dörd dəfə suvarılmalıdır, ancaq rayondakı su problemləri onların buna nail olmasına imkan vermir.




