Murad Ədilov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Şəklin mənbəyi, axcp

Narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunan AXCP üzvü Murad Ədilov barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkil Yalçın İmanov BBC Azərbaycancaya deyib ki, məhkəmə müdafiə tərəfinin iştirakı olmadan keçirilib.

"Avqustun 12-dən rəsmi olaraq onun vəkiliyəm. Amma indiyənə qədər istintaqa təqdim olunmamışam", o əlavə edib.

Murad Ədilov avqustun 11-də yaşadığı Sabiabad rayonunun Xəlfəli kəndində saxlanılıb.

Daxili İşlər Nazirliyi onun üzərindən və evindən "külli miqdarda narkotik" götürüldüyünü açıqlayıb.

"Dünən Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Xəlfəli kənd sakini Murad Ədilovdan üzərindən 114,2 qram həşiş, 7,4 qram marixuana, evinə baxış zamanı isə 685 qram marixuana götürülüb. Onun barəsində məhkəmə qərarı ilə istintaq getdiyi dövrdə həbs-qətimkan tədbiri seçilib", DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BBC Azərbaycancaya deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Murad Əliyevin qardaşı Natiq Ədilov BBC Azərbaycancaya deyib ki, qardaşı "şərlənib".

"Dünən saat 4 radələrində 20-30 nəfər silahlı dəstə ata evimə gəlib axtarış aparıblar. Adamları otaqdan çıxartdıqdan sonra bacımın yatdığı çarpayının altına bükülmüş halda nəsə qoyublar, sonra çıxardıblar. Qardaşım evdə olmayıb, onu ayrıca həbs ediblər və Bakıya gətiriblər", o qeyd edib.

DİN ictimai fəalın hansı maddə ilə ittiham olunduğunu açıqlamayıb və istintaq yekunlaşdıqdan sonra məlum olacağını bildirib.

AXCP-nin mətbuat katibi olan Natiq Ədilov qardaşının həbsini Azərbaycanda demokratik düşərgəyə qarşı "hücum kampaniyasının bir hissəsi" adlandırıb.

"Mən bunu təkcə özümə qarşı yox, son günlər hakimiyyətin onu tənqid edən insanlarla hesablaşmaq istəyi ilə əlaqələndirirəm. Qardaşım 10 gün öncə partiyanın Gənclər Təşkilatının rayon şöbəsinin açılmasında fəal iştirak edib və Facebook-da tənqidi şeylər yazırdı", o əlavə edib.

DİN sözçüsü Ehsan Zahidov həbsin siyasi motivli olması barədə iddiaları "böhtan" adlandırıb.

"Ortada konkret cinayət faktı var, hər şey qanuna uyğun olaraq aktlaşdırılıb. Cinayət işi qaldırılıb və istintaq aparılır. Ağır cinayətdir və ona görə də həbs-qətimkan tədbiri seçilib", cənab Zahidov bildirib.