Arif Yunus 3 aylıq həbs edilib

Şəklin mənbəyi, BBC

"Dövlətə xəyanət" və "dələduzluq" maddələri ilə ittiham olunan konfliktoloq Arif Yunus barədə həbs qətimkan tədbiri seçilib, Baş Prokurorluq bildirir.

Arif Yunus 3 aylıq həbs edilib, vəkil Xalid Bağırov məlumat verib.

Cənab Yunus barədə iyulun 30-da həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Baş Prokurorluq iddia edir ki, Arif Yunusov "qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verdiyi üçün" çərşənbə axşamı həbs edilib.

Prokurorluğun bəyanatına görə, Arif Yunusov yaşadığı rayonun ərazisini "müvafiq icazə olmadan dəfələrlə tərk edib", cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək "maraqlı şəxslərlə" görüşüb.

Digər ittihamlarda onun polis orqanına gəlmə qrafikinə əməl etməyərək "çağırışlara vaxtında gəlmədiyi" deyilir.

Arif Yunus çərşənbə axşamı səhəri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən Nəsimi rayon Məhkəməsinə aparılıb.

Vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyib ki, Arif Yunusa qarşı yeni ittiham irəli sürülməyib.

Bundan əvvəl Arif Yunus polisə aparılıb. Sonradan vəkil onun Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranskinin yanında olduğunu öyrənib.

İyulun 30-da Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində dindirildikdən sonra onlara qarşı ittiham irəli sürülüb.

Leyla Yunus dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılıb və məhkəmənin hökmü ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Arif Yunusdan isə, səhhəti ilə əlaqədar olaraq, başqa yerə getməməklə bağlı iltizam alıb.

Leyla Yunus mayın 2-də"dövlətə xəyanətdə" ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib".

Hüquq müdafiəçisi bildirib ki, evində və ofisində aparılan axtarışlar zamanı onların pasportları və evinin sənədləri müsadirə edilib. Bu səbəbdən Yunuslar ailəsi sonrakı dindirilmələrə getməyib.