Gənc fəal Elsevər Mürsəllinin apellyasiya məhkəməsi başlayıb

Elsevər Mürsəlli

Şəklin mənbəyi, Nesireddin Murselov

"Külli miqdarda narkotik saxlama, daşıma, satma" maddəsi ilə 5 il həbs cəzasına məhkum edilən gənc fəal Elsevər Mürsəllinin məhkəməsində şahid ifadələri dinlənilib.

Bir müddət əvvəl "N!DA" Vətəndaş Hərəkatına üzv olan gənc fəal aprelin 3-də Bağı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs cəzası alıb. Vəkillərin apellyasiya şikayətinə cümə axşamı Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

"Məhkəmədə Elsevər özü dedi ki, ötən il oktyabrın 3-də onu zorla Xaçmaz polis idarəsinə aparılıb. Guya üstündən narkotik tapıblar. Sabahısı gün isə Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib", fəalın atası Nəsirəddin Mürsəlli BBC Azərbaycancaya deyib.

Məhkəmədə şahid qismində Mürsəllinin atası, anası və qonşusu dindirilib.

Fəalın atasının fikrincə oğlunun həbs olunmasının səbəbi onun sosial şəbəkələrdə prezident seçkiləri zamanı Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləməsi olub.

Proses iyunun 24-də vəkillərin və prokurorun çıxışı ilə davam edəcək.

BBC Azərbaycanca Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı şərh ala bilməyib.