Avropa məhkəməsi Azərbaycan hökümətini İlqar Məmmədova görə cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı qərarını açıqlayıb.
Avropa Məhkəməsi REAL hərəkətinin lideri İlqar Məmmədovun ötən ilin İsmayıllı hadisələrilə bağlı ittiham edilib həbs olunmasına görə Azərbaycan hökümətini 22 min dollar məbləğində cərimələyib.
Avropa Məhkəməsinin qərarında cərimənin İlqar Məmmədova 3 ay ərzində ödənilməsi şərti müəyyən edilib.
Qərara görə pul ödənişinin 20 min avrosu mənəvi ziyanın kompensasiyası, 2 min avro isə hüquqi prosedurlara çəkilən xərcin kompensasiyası kimi müəyyən edilib.
Məhkəmə hesab edib ki, höküməti tənqid edən İlqar Məmmədov ittiham olunan maddə çərçivəsində sübut-dəlilsiz həbs edilib.
Ona qarşı iğtişaşlar təşkil etmək ittihamı irəli sürülmüşdü.
Məhkəmənin gəldiyi qərara görə, cənab Məmmədovun həbs edilməsi qərarının əsas məqsədi onu susdurmaq və ya cəzalandırmaq olub.
Azadlıq və təhlükəsizlik haqqına istinad edən Məmmədov cinayət törətməkdə əsassız ittiham edilərək həbs olunduğundan, ölkə məhkəmələrinin onun uzun müddətə həbsə alınması üçün əsaslı səbəb gətirmədiklərindən, onun məhkəmə işinin adekvat yoxlanılmadığından şikayət edib.
Məmmədov təqsirsizlik prezumpsiyası haqqının yerli əhaliyə iğtişaş törətmək çağırışları ilə müraciət etməsi barədə Baş prokurorluq və DİN tərəfindən verilən bəyanatlarla pozulduğundan şikayətlənərək, onun prezident seçkilərində ciddi rəqib və hökümətin tənqidçisi kimi susdurulması üçün həbs olunduğunu bildirir.
Avropa Məhkəməsi hesab edib ki, cənab Məmmədova qarşı ittihamlar "əsaslı şübhələrə" söykənməyib və rəsmilərin hərəkəti xoşməramlı olmayıb.
Məhkəmə Məmmədovun hökümətin uzun tarixli tənqidçisi olduğunu və İsmayıllıda 2013-cü il, 23 yanvar hadisələrilə əlaqəsi olmadığını qeyd edib.
Məhkəmə Məmmədovun həbsinin onun bloqu, xüsusən də 2013-cü il 23 yanvar yazıları ilə əlaqəli olduğunu qeyd edərək, ona qarşı görülən tədbirlərin cənab Məmmədovu susdurmaq və hökümətin gizlətməyə çalışdığı məlumatların yayılmasının qarşısını almaq məqsədilə edildiyini bildirib.
Ötən il Avropa parlamenti Azərbaycan hökümətini REAL hərəkatının həbs edilmiş rəhbəri İlqar Məmmədovu tez bir zamanda azad etməyə çağırmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi qətnamə ilə bağlı <link type="page"><caption> bəyanat </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130614_european_parliament_call.shtml" platform="highweb"/></link>verərək onu "qəbuledilməz" adlandırmışdı.




