PA yüksək vəzifəlisi Elnur Aslanov işdən çıxarılıb

Elnur Aslanov

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Elnur Aslanov PA şöbə müdiri vəzifəsinə 2007-ci ildə təyin olunmuşdu.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad olunub.

Prezident.az saytının məlumatına görə, bu haqda sərəncamı ölkə başçısı İlham Əliyev bazar ertəsi imzalayıb.

Sərəncamda cənab Aslanovun hansı səbəbə işdən çıxarıldığı göstərilməyib.

Bir neçə gün əvvəl yerli mediada Pensilvaniyada yaşayan imam, "Hizmet" adlandırılan hərəkatın lideri Fetullah Gulene yazılmış və elnur_aslanov ünvanlı emaildan göndərildiyi iddia olunan məktubu yayılıb.

Məktubda Fetullah Gulenin səhhəti ilə bağlı narahatlıq ifadə olunub və məktub müəllifinin hərəkata "sadiq" olduğu qeyd olunub. Hərəkatın Azərbaycandakı üzvləri üçün yardım olunduğu iddia olunur.

"Hizmet Herekatına könül vermiş dostlarımızın dövlət qurumlarında, dövlətə aid müəssisələrdə vəzifəyə alınması üçün hərc cür dəstəyi verirəm", - Azadlıq qəzetinin saytında fotoşəkli yayılmış məktubda oxunur.

BBC Azərbaycancanın məktubun Elnur Aslanova məxsus olduğu deyilən email ünvanından göndərilməsinə dair iddialarla bağlı cənab Aslanovdan reaksiya almaq cəhdləri baş tutmayıb.

Məktubda müəllif anası "Rəbiyyət xanımın salamları və hörmətləri"ni də izhar edib.

Cənab Aslanov son vəzifəsinə 2007-ci ildə təyin olunmuşdu.