Papaninin son günləri
- Müəllif, Əziz Kərimov
- Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün
Papanin. Bu adı uşaq vaxtı tez-tez eşidirdim. Ən çox da narkomanların yaşadığı qəsəbə kimi. Uşaqlıqda, dostum köçməmişdən qabaq ora tez-tez gedib gəlirdik. O, gedəndən sonra Papaninə artıq yolum düşmədi.

Şəklin mənbəyi, Aziz Karimov
20 ildən sonra yenidən Papanində oldum. Fotoqraf dostlarımla söhbət edə-edə Papanini çəkməyə başladıq.
Dalan, küçə, uşaqlar, evlər və s. Bizi kim görürdüsə ilk sualı bu olurdu ki, "oğul buranı da sökəcəklər?"
İnsanlara yalan danışmaq olmazdı; "hə, sıra Papaninə də gələcək" deyib, yolumuza davam edirdik.
Yaxşı "mal"ın yeri...

Şəklin mənbəyi, Aziz Karimov
Papanində ən çox istədiyim oranın yaşlı insanları ilə söhbət etmək idi. Danışa biləcək birini tapa bilmirdim. Hətta yerli sakinlərdən yaşlı insanların yerini soruşdum, dedi - "ay qardaş, yaşlı insanı nə edirsən? Ondansa bizdən soruş ki, yaxşı "mal" harada var? - bizdə sənə deyək"

Şəklin mənbəyi, Aziz Karimov
Açığı bu cavabı heç birimz gözləmirdik. Hamımız güldük. Öz-özümə dedim ki, deyəsən Papaninin ən "zirvə" nöqtəsindəyik.
Papaninin tarixi
Artıq Papanindən getməyə hazırlaşırdıq ki, bir yaşlı kişi məni görüb digərlərinin verdiyi sualı verdi: "oğul buranı nə vaxt sökəcəklər" deyə soruşdu. Mən də digərlərinə verdiyim eyni cavabı verdim.
Ağsaqqal dözməyib dedi ki, oğul buranı yaxşı-yaxşı çək, bura Sovetin dövründə ən aparıcı qəsəbələrindən olub.
Səbəbini soruşanda, ağsaqqal mənə bunları danışdı:
"Oğul, mən 40 ildir burda yaşayıram. Bu qəsəbənin sakinləri kimi qayğıkeş, mehriban insanları heç yerdə tapa bilməzsən. Hamımız bir-birimizi tanıyırıq, doğma ailəyik.

Şəklin mənbəyi, Aziz Karimov
Bu Papanin də Sovetin dövründə ən çox narkotik satılan bir yer kimi tanınıb. Əvvəl buralarda evlər yox idi, bazar kimi fəaliyyət göstərirdi.
Həmin dövrdə "papa" ləqəbli bir kişi var idi, ən təmiz narkotik də onda olurdu. Kim ki, narkotik almaq istəyirdi, deyirdi "papa gəlib, onlara qonaq gedirəm".

Şəklin mənbəyi, Aziz Karimov
Elə o vaxtdan buranın adı Papanin deyə qalıb. Hər yerin bir tarixi olan kimi buranın da tarixi var. İndi də buranı söküb park edəcəklər.

Şəklin mənbəyi, Aziz Karimov
Heç olmasa sizlər buraları çəkin ki, gələcək nəsil bilsin ki, Bakıda Papanin deyilən bir qəsəbə olub", - deyə Papanin sakini sözlərini başa vurdu.




