XİN sözcüsü: “Azərbaycan Ukraynada sabitlik, əmin-amanlıq, milli birliyin bərqarar olmasına çağırır”

Azərbaycan Ukraynadakı vəziyyətin ölkənin konstitusiyası əsasında tezliklə sabitləşdirilməsinin tərəfdarıdır.
Bunu Xarici İşlər Nazirliyinin sözçücü Elman Abdullayev çərşənbə axşamı Trend-ə müsahibəsində bildirib.
“Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır”, cənab Abdullayev deyib.
“Azərbaycan, eləcə də Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır”, o əlavə edib.
Bir çox Qərb dövlətləri Rusiyanı Ukraynada hərbi əməliyyatlar etmək fikrindən daşındırmağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukraynaya Rusiya qoşunları göndərməyə ehtiyac yoxdur, amma gücdən istifadə son çarə olaraq qalır.
Ukraynada müxalifət hakimiyyətin Avropa İttifaqı ilə müqavilələri rədd edərək Rusiyaya yaxınlaşmasına etiraz etdikdən sonra Viktor Yanukoviç hökuməti fevral ayında devrilib.
Rusiya Krımda rusdilli əhalini qorumaq məqsədi daşıdığını deyərək əraziyə qoşun yeridib və Krım hazırda Rusiya tərəfdarı olan qoşunların nəzarəti altındadır.




