Nənənin şəklinin gücü və Mamikon kişinin əhvalatı

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Sizə iki hadisəni nəql edəcəm bugün. Biraz bundan əvvəl Facebook-da bir nənə rəsmi qoydum. Və yanında da bir mətn əlavə etdim.

Foto: Ömürtay Şükürlü

Şəklin mənbəyi, Omurtay Shukurlu

Şəklin alt yazısı, Foto: Ömürtay Şükürlü

Nənə ilk baxışdan qeyri-adi nənə deyil, amma onu qeyri-adi edən bir neçə məqam var.

Birincisi, o, əlində bel Sumqayıt küçəsində qar təmizləyir. Ahıl yaşına baxmayaraq. İkincisi, o, hökumətə aid olan hansısa xidmətin işçisidir, çünki əynində qırmızı uniforma var.

Üçüncü və məncə daha təsirli olan – nənənin fonunda çoxlu gənc insan var, tələbələrə də oxşayırlar. Və sonunda nənənin gözündəki eynək: yəni gözləri də zəifdi nənənin.

Bu fotonu gənc fotoqraf Ömürtay Şükürlü çəkib. Açığı heç eşitməmişdim bu fotoqraf haqqında.

Amma bu fotoya baxıb biganə qalmaq mümkün deyil. Hər birimizin ailəsində yaşlı valideyn, nənə, baba var. 70-80 yaşında bir insanın küçə süpürməsi, qar təmizləməsi hər birimizin ürəyini ağrıdan bir səhnədir.

Dünən bu şəklin yaratdığı müzakirələr başladı. Deputatlar Zahid Oruc və Asim Mollazadə qadınlar üçün təqaüd yaşının endirilməsindən danışdı.

Onlar həm də dedi ki, yaşlı insanları küçələrdə qar təmizləməyə məcbur edən səbəblər var və təqaüdləri artırmaq haqda düşünmək lazımdı.

Dolayısıyla, sadə bir foto belə bir müzakirə açdı. Deputatlar özləri də qeyd etdilər ki, internetdə dolaşan o fotoya istinadən deyirlər bunları.

İkinci əhvalat Mamikon kişinin əhvalatıdır. Mamikon kişinin 77 yaşı var, o, ruhi xəstədir, Ermənistanda öz rayonunda psixi-əsəb dispanserinin xəstəsidir, bir az dispanserdə, bir az evdə olur. Vəziyyəti kəskinləşəndə dispanserə aparır onu ailəsi. Həmin gün Mamikon kişi əlində vedrə gedirmiş üzüm yığmağa.

Şəklin mənbəyi, azvision.az

Həmkəndliləri soruşanda elə deyib. Onlar da təəccübləniblər ki, qışın oğlan çağında nə üzüm? Amma təbii ki Mamikonun ruhi durumundan xəbərdar olduqları üçün çox dərinə getməyiblər.

Mamikonun kəndi ilə Azərbaycan-Ermənistan sərhədi arasında 2 kilometr olduğundan qısa bir zamanda “üzüm yığan” Mamikonu Azərbaycan hərbçiləri yaxalayıb.

Onu saxladıqdan sonra bir nəfər onu cib telefonu ilə çəkib: çaşmış vəziyyətdədir, şokda olduğu hiss olunur. Daha sonra hərbçilərə üzümdən çəkdiyi araqdan danışır. Bu an əslində fiziki baxımdan sap-sağlamdır. Növbəti görüntülər isə qəribədir.

Mamikonun növbəti görüntülərində onun qolu sarğılı, sol gözünün altı isə gömgöydü. Azərbaycanın müdafiə nazirliyi deyir ki, Mamikon kişi diversiya qrupunun bələdçisi olub (amma necə olub bələdçi qrupdan aralı düşüb?) və atışmada qolundan yaralanıb.

Yumşaq desək qeyri-səhih məlumatdır, çünki Mamikonun heç bir güllə yarasız, gözü göyərməmiş şəkillərini bütün dünya az öncə izləmişdi.

Hər iki olayın işiqlandırılması çox ibrətamizdir. Hər iki hadisə (birinci halda bu sadəcə bir nənənin şəklidir) göstərir ki, internetdə yayılan məlumatlar vətəndaşlara hökumətləri sorğulamağa daha böyük imkanlar yaradır.

Hökumətlər, deputatlar, söz sahibləri, siyasətçilər sosial mediada yayılan məsələlərə münasibət bildirməyi artıq özlərinə borc bilir.

Xüsusilə vizual (foto və videolar) materiallar ictimai fikirə daha çox təsir edir.

Əsgər ölümləri, özünü yandıran Qarabağ qazisi, hətta iti döyüb öldürən kənd uşaqları və bir sıra digər hadisələrin ictimai fikrə daha çox təsir etməsinin səbəbi internetdir və ya daha dəqiq olsaq sosial şəbəkələrdir.

Sosial şəbəkələrin bir anilik, sürətlilik effekti var. Düzdür bəzən dezinformasiya da sürətlə yayıla bilir. Məsəl üçün, dünən bir qrup Azərbaycan media və vətəndaş cəmiyyətindən olan dostlarla belə bir zarafat etdik, yeni bir partiya yaratdığımız haqqda xəbər yaydıq. Və bir sıra, bəzilərinin ciddi qəbul etmədiyi xəbər saytları bundan xəbər düzəltdi.

Lakin buna baxmayaraq, sosial şəbəkələr hökumətlərin yalan danışmasını xeyli çətinləşdirir. Çünki plüralistik məkanda, yəni bir çox fikirlərin ifadə edilə bildiyi məkanda yalanın ifşa olunma ehtimalı çox yüksəkdir.

Sosial media həm də ona görə güclüdür ki, bunu quran, bununla məşğul olan insanlar aktivistdilər, vətəndaş mövqeyi güclü olan insanlardır.

Yəni sosiallıq bu insanların qanındadır, onlar paylaşmağı və xəbər almağı, şərh etməyi, bu haqda düşünməyi sevən insanlardı. Sanki bir bərabərləşdirmə cəhəti də var sosial medianın. Burada partiya rəhbəri, dövlət məmuru, qəzet redaktoru və s. insanlar status olaraq sadə vətəndaşdan seçilmir – hamı istifadəçidi.

Yadıma bir söz düşdü: “Allah insanları yaratdı, polkovnik Kolt isə onları bərabər etdi” (Eyni adlı tapancanı icad edən polkovnikdən gedir söhbət). Burada da sanki bənzər bir şey oldu. Mark Zuckerberg sanki insanları bərabərləşdirdi, birləşdirdi.

Təbii ki, sosial medianın özünə məxsus problemləri və çatışmazlıqları var. O haqda da bir gün danışarıq. Amma hal-hazırda onun həyatımızı demək olar ki, transformasiya etməsinin şahidiyik və bu tendensiya yüksələn xəttlə artaraq gedir.