Dəmiryolu bələdçisi: "Əlimizdə nə pul qalıb vaqonların təmirinə qoymuşuq"

- Müəllif, Nailə Abdiyeva
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Çərşənbə günü “Azərbaycan Dəmir Yolları” binasının qarşına toplaşaraq əmək hüquqlarının pozulduğunu iddia edən otuza yaxın qatar bələdçisi idarənin sərnişindaşıma şöbəsinin rəisilə görüşməyə cəhd edib.
Lakin bələdçilər “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin şöbə rəisi Əliyar Muradovla söhbətə medianın buraxılmadığına görə görüşdən imtina ediblər.
BBC Azərbaycanca ilə danışanlardan biri son dərəcə məyus olduğunu deyərək intihar həddinə çatdırıldığını bildirib.
“Azərbaycan Dəmir Yolları”nın nümayəndəsi bələdçilərin iddialarını "əsassız" adlandırıb.
Kişi bələdçilər beynəlxalq qatar reyslərindən çıxarılaraq işə onların əvəzində qadınların götürülməsindən şikayət edir.
“Azərbaycan Dəmir Yolları” bu qərarını qadın bələdçilərə olan tələbatla izah edir.
Tələblər
30-a yaxın bələdçi medianın iştirakı olmadan görüşdən imtina etdiklərini deyərək narazılıqlarını izhar ediblər.
“Qatar reyslərində qrafiklərin dəyişməsinə qanunsuz olaraq qadağa qoyulub. Bizə yeni vaqonlarda işləməyə və xarici reyslərə getməyə icazə vermirlər. Uniformaların verilməsi və iş şəraitinin yaxşılaşdırılması üçün çalışanların işdən çıxarılmayacağına dair zəmanət və qeyri-qanuni işdən çıxarılanların işə bərpa olunmasını istəyirik”.
25 ildir qatar bələdçisi işlədiyini deyən Təranə Hümmətova əmək hüquqlarının pozulduğunu, ezamiyyət pullarının mənimsənildiyini və işçilər arasında iş bölgüsündə ayrı-seçkilik aparıldığını iddia edir.
“On ildir ezamiyyət pullarımızı vermirlər, hər sutkaya görə 5 manat ödənilməlidir, bunlar bütün reysə 5 manat verirlər. 1997-ci ildən qatarın bütün ehtiyaclarını öz cibimizdən ödəyib almışıq. Nə maaşımızı, nə də qanunla bizə düşən evi verirlər”.
“Haralara şikayət etməmişik, amma prezidentimizə bizim səsimiz çatmır”, Xanım Hümmətova deyib.
Mirsahib Sahibovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən müraciət məhkəməyə də təqdim edilib və ilkin baxış fevralın 5-ə təyin edilib.
“Hüquqları tapdalananların sayı 120 nəfərdir, illik biz maksimum 1200 pul alırıq, 100 manata adam necə dolana bilər axı? Həmkarlar İttifaqı qarşımıza çıxıb bizim problemlərimizlə maraqlanmır”, o deyir.
Bələdçi Cavanşir Qafarov Prezident Administrasiyasına, Nazirlər Kabinetinə göndərilən müraciətlərin yenidən idarəyə göndərilməsinə görə narazılığını bildirib.
“Bizi yalnız iki istiqamətdə və ölkə daxili qatarlarda işləməyə buraxırlar. Dörd yüz nəfəri Bakı-Böyükkəsik və Bakı-Horadiz qatarlarına yerləşdiriblər, hər vaqona da 8 nəfəri qeydiyyata alıblar. Daha çox işləmək istəyənlərə isə deyirlər ki, yeni işçilər götürmüşük. Ya bizi ixtisara salsınlar, ya da kompensasiya ödəsinlər”.
Əmək müqaviləsində aylıq maaşının 119 manat olduğunu deyən Qafarov məhkəmənin yardımı ilə 3 il fasilədən sonra 200 manat maaşla işə bərpa olunduğunu deyir.
“Bizi adamları biletsiz daşımağa məcbur ediblər, vaqonları yumaq üçün hər nə lazımdırsa illərlə öz cibimizdən almışıq. Əlimizdə nə pul qalıb vaqonların təmirinə qoymuşuq. İndi isə bu işləri qorxusundan səsini belə çıxara bilməyən qadınların boynuna qoyublar”.
Bələdçinin sözlərinə görə, yanvarın 25-də idarənin akt zalında aclıq etmək istəsələr də, zalın qapısı bağlı olub.
“Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək istəyirik ki, bizə aclıq etmək üçün yer ayırsın. Evimiz-eşiyimiz də yoxdur ki, gedək oturaq aclıq keçirək.”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma şöbəsinin rəhbəri Əlyar Muradlı BBC Azərbaycancaya deyib ki, “bələdçilərin maaşı iki yüz qırx manatdır və bələdçi “normal” işləyirsə bu məbləğə əlavə ödənişlərlə birgə üç yüz manata gəlir çıxır .
Qadın bələdçilər
“İdarəyə daxil olan şikayətlərdə bələdçilik kimi xidmət sahəsində kişilərdən qadınlara nisbətən daha çox narazılıq var. Ona görə indi boş qalan iş yerlərinə qadın bələdçiləri götürürük və bunların sayı artıq 400 nəfərdir”, Əlyar Muradlı deyir.
Narazı işçilərin xarici reyslərə buraxılmamaqla bağlı dediklərinə gəldikdə cənab Muradov deyib ki, bu “doğrudur”.
“Kişilərdən narazıdırlar ki, qatar sərhəddə uzun müddət dayanır, qanunla icazəsi olmayan yükləri aşkar edilir, saxta biletlərlə insanlar aparılır. Amma kişi bələdçilər təkcə daxili daşınmalarda yox, hərbi daşınmalarda da işləyir”.
İdarə rəsmisi işçilərin ezamiyyət pullarının ödənilmədiyi haqda iddialarla razılaşmır və deyir ki, bələdçilər yerli qatarlarda iş saatını doldurub, daha çox pul almağa çan atmır.
“Bizdə kişi bələdçilərin sayı 300 nəfərdir, amma narazılar 15-20 nəfərdən artıq deyil. Sərnişinlərə xidmətdən tutmuş təmizlənməsinə qədər qadınlar daha üstündür və qadınlar briqadasına bilet alanların sayı çoxdur”.
Cənab Muradov deyib ki, bələdçilər vaqon üçün lazım olan bütün avadanlıqlarla təchiz olunur.
“Burda əsas problem bu işçilərin normal saatını doldurmaq istəməməsidir. Onlara sərf edir ki, Xarkova ayda bir dəfə getsin və yerdə qalan saatları işləməsin. Demək belə çıxır ki, başqa işlərlə də məşğuldur, amma yerli reyslərə gedib maaş almaq istəmir”.
Şöbə rəisinin sözlərinə görə, idarənin narazı bələdçiləri digər işlə təmin etmək imkanı var.
“Hansısa səbəbdən işdən çıxanların yerinə bir yalnız qadınları qəbul edirik. Mən onlarla bundan öncəki görüşündə də demişəm ki, yüksək əmək haqqı ilə digər işlərlə təmin oluna bilərsiz. Amma görünür, onlar bunu istəmir”.




