Bakı qrossmeyster Vüqar Həşimovla vidalaşıb

Fide

Şəklin mənbəyi, WCF

Şəklin alt yazısı, FİDE saytında Azərbaycanın Şahmat Federasiyası, mərhumun ailə və yaxınlarına başsağlığı bildirilir.

Ötən həftə Almaniya klinikasında vəfat etmiş azərbaycanlı şahmatçı ilə vidalaşma mərasimi keçirilib.

Vüqar Həşimov çərşənbə axşamı Bakıda dəfn olunub.

Vida mərasimində mərhumun yaxınları, yoldaşları və rəsmilər iştirak ediblər, APA bildirir.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) “böyük şahmat oyunçusunun” vəfatı ilə bağlı xəbərdən kədərləndiyini bildirib.

FİDE saytında Azərbaycanın Şahmat Federasiyası, mərhumun ailə və yaxınlarına başsağlığı bildirilir.

27 yaşlı şahmatçının nəşi müalicə olunduğu Almaniyadan gətirilərərək Bakıda, 3-cü Fəxri xiyabanda dəfn edilib.

Qələbə

Qrossmeyster Şəhriyar Məmmədyarov 2009-cu ildə Azərbaycanın Avropa Çempionatındakı komanda qələbəsində Vüqar Həşimovun rolundan danışıb.

"Məhz onun qələbəsi ilə biz Avropa çempionu olduq. Bununla da komanda şəklində ilk birinciliyimizin tarixini Vüqar yazdı. Çünki bu qalibiyyətlərdə təməli qoyan insan məhz o idi", o APA-ya deyib.

Həşimovun vəfatı ilə bağlı xəbər bloqosferada fəal şərh olunub.

“Son dərəcə yaradıcı və maraqlı oyunçudur ki, xüsusilə də onun Benoni müdafiəsi kimi partiyaları unudulmayacaq”, dünya reytinqinə görə sayca 3-cü şahmatçı sayılan Hikaru Nakamuranın Twitter hesabında deyilir.

"Riskə gedən" oyunçu

Dylan Loeb McClain New York Times qəzetindəki məqaləsində Həşimovun keyfiyyətlərindən yazıb.

"Bir oyunçu kimi cənab Həşimov tez-tez agressiv və riskə gedən, bəzən onun partnyorları tərəfindən zəif tanınan Benoni müdafiəsi kimi açılışları seçib".

Almaniyada müalicə olunan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi.

Qrossmeyster üçqat Azərbaycan çempionu olub.

1986-ci ildə anadan olan şahmatçı ilk dəfə çempion adını 1995-ci ildə qazanıb.