Azərbaycanda İslam bankçılığı üzrə qanun ola bilər

Azərbaycanda islam bankçılığı barədə yeni qanun layihəsi 2014-cü ilin sonu-2015-ci ilin birinci yarısında parlamentin müzakirəsinə çıxarıla bilər.
Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı üzrə direktoru Bəhnam Qurbanzadə BBC Azərbaycancaya deyib ki, yeni layihəyə əsasən “Bank haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub.
“Hazırda layihənin hazırlanması üzrə işlər gedir və yanvarın sonunda Azərbaycana xaricdən gələn missiya ilə mütəxəssislər və hüquq şirkətləri qanun layihəsini müzakirəyə edəcəklər. Bundan sonra Nazirlər Kabineti daxilində yaradılmış xüsusi işçi qrup yeni qanun layihəsini hazırlayacaq”, cənab Qurbanzadə bildirib.
Qanun layihəsinə İqtisadi İnkişaf Nazirliyinin rəy verəcəyini bildirən direktorun sözlərinə görə, layihə bir neçə hissədən ibarətdir.
“İslam bankçılığının qanuniləşdirilməsindən sonra bundan həm kommersiya bankları, həm də müştərilərimiz faydalana biləcək. Xaricdən gələn investisiyalar və fərdi şəxslərin sahib olduğu böyük şirkətlərin bu layihəyə dəstək verəcəyini gözləyirik”, o əlavə edib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov BBC Azərbaycancaya Azərbaycanda islam bankçılığının inkişafı üçün “problem olmadığını” bildirib.
O hesab edir ki, yerli banklar lisenziya əsasında belə bank əməliyyatları apara bilərlər.
"İnanclılar kənarda qalıb"
İqtisadçı Samir Əliyev hesab edir ki, Azərbaycanda islam bankçılığını inkişaf etdirmək üçün qanunvericiliyin yenilənməsinə ehtiyac var.
“Azərbaycanda qanunvericilik bankların ticarətlə məşğul olmasını qadağan edir. Daha çox müəyyən kəsim insanlar, yəni inanclılar bank sektorundan kənarda qalıb. Çünki islam bankçılığında hər iki tərəf tərəfdaş olur və sahibkarlıqla məşğul ola bilir”, o deyir.
Bununla belə iqtisadçının sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı banklar əhalinin inanclı kəsimi üçün “pəncərə” açsa da, çox az insanların həmin vəsaitlərindən istifadə etmək imkanı var.
İslam bankçılığında risklərin hər iki tərəfin üzərinə düşdüyü deyən cənab Əliyevin sözlərinə görə, bu tip bankçılığın inkişafı Azərbaycanda bank faizlərinin aşağı düşməsinə təsir edə bilər.
“Qanunvericiliyə dəyişiklik edildikdən sonra bankların daxilində ayrıca bir bölmə açıla bilər və bu, əhaliyə verilən kreditlərin faizlərinin aşağı düşməsinə xidmət edə bilər”, ekspert əlavə edib.
İslam bankçılığının inkişaf etmiş Avropa ölkələrində geniş yayıldığını deyən cənab Əliyevin fikrincə, 2008-ci il qlobal iqtisadi böhrandan ənənəvi bankçılıq daha çox zərər gördüyünə görə, bu tip bankçılıq gündəmə gəlməyə başlayıb və bir trilyondan artıq dövriyyəyə malikdir.
İslam bank əməliyyatları şəriət qanunlarına sadiq olaraq faizsiz kredit kimi bank xidmətlərindən ibarətdir. Bu isə baha başa gəlir və onun həyata keçirilməsi üçün vergi barədə tənzimləmələr gərəkdir.




