İlham Əliyevin ad günü tortu kəsilməyib: qonaqlar dağılışıb, sakinlər məyusdur

Azərbaycan prezidenti İlham Əliyevin doğum günü bəzi İnternet istifadəçilərinin 24 dekabr üçün gündəmini məşğul edib.

İnternetdə istifadəçilərin ən çox müzakirə etdiyi isə doğum günü münasibətilə Sumqayıt şəhərində uzunluğu 52 metr olan tortun bişirilməsidir.

Hər il uzunluğu bir metr artan tort şəhərin icra başçısı Eldar Əzizovun təşəbbüsü ilə bişirilir və bu il tort dekabrın 29-da kəsiləcək.

Eldar Əzizovun Gəncə şəhərinin icra başçısı olarkən başlatdığı bu ənənəyə uyğun olaraq, ötən ilki tort 51 metr olub.

Tort çadırını polis qoruyur

BBC Azərbaycanca müxbiri Nailə Abdiyeva Sumqayıtdan xəbər verir ki, tort bişirilən çadır hər iki tərəfdən polis əməkdaşlarının qoruması altındadır.

Müxbirin sözlərinə görə, polis çadıra yaxınlaşmağa və tortun fotosunu yaxından çəkməyə izn vermir.

Sumqayıt şəhər icra başçısının müavini Elgin Həbibullayev BBC Azərbaycancaya deyib ki, tort iş adamlarının vəsaiti hesabına bişirilib və dekabrın 29-da kəsiləcək. O tortun əvvəldən məhz bu tarixdə kəsiləcəyinin nəzərdə tutulduğunu deyib.

Tortun şəklini yaxından çəkilməməsinə icazə verilməməsinin səbəbini işçilərin kadra düşmək istəməməsi ilə əlaqələndirən cənab Həbibullayevin sözlərinə görə, dekabrın 29-da xüsusi olaraq Parisdən məşhur "Dj"lərdən biri dəvət olunub və həmin gün o, gənclər üçün çıxış edəcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda sakinlərdən gəlib-keçənlərin hamısı tortun kəsiləcəyi tarixi öyrənməyə çalışıb. Ahıl şəhər sakini tortun hazırlanmasını görmək üçün tort yerləşdirilən çadıra daxil olmaq istəyərkən hüquq-mühafizə orqanları onu ərazidən uzaqlaşdırıblar. Hətta Sumqayıta məhz tortdan dadmaq üçün gələn qonaqlar da olub.

Tortun bu gün kəsilməyəcəyini öyrənən şəhər sakinləri meydanı tərk etməyə başlayıb. BBC Azərbaycanya bir şəhər sakini deyib ki, tortun bu gün kəsiləcəyini eşidib və işsiz olduğundan “qarnını doydurmaq” istəyib, amma tortun kəsilməyəcəyini eşidib "məyus olub".

Sumqayıtın ən böyük parklarından olan Heydər Əliyev adına parkda milli simfonik orkestr şəhər sakinləri qarşısında konsertlə çıxış edib. BBC Azərbaycancanın müxbiri tədbirdə heç bir rəsminin olmadığını müşahidə edib.

Şəhər sakinlərinin dediyinə görə, simfonik orkest yalnız bayram günlərində və xüsusi əlamətdar günlərdə konsert proqramı ilə çıxış edir. Orkestrın ifasında yerli və eləcə də, xarici musiqilər səsləndirilib.

Jurnalist Şahvələd Çobanoğlu Facebook şəbəkəsindəki statusunda yazıb ki, "ola da bilsin, İlham müəllimi ad gününü qaçqınlarla keçirən təvazökar insan kimi göstərmək üçün tortu təqvimdə sağa sürüşdürüblər".

Bundan əvvəlki çıxışlarında, İlham Əliyev bir neçə dəfə rəsmilərin, nazirlərin və dövlət qulluqçularının təvazökar olmasını məsləhət görüb.

Prezident Əliyev isə, çərşənbə günü xanımı Mehriban Əliyeva ilə Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib, AzərTac xəbər verir.

O İlham Əliyevin ki..

"Bu gün prezidentimiz cənab İlham Əliyevin doğum günüdür. Ona ailəsi ilə birlikdə can sağlığı, mutluluq, ölkəmiz və millətimizin daha da inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıram!", deputat Qənirə Paşayeva Facebook statusunda yazıb.

@AsanXidmat, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi Twitter hesabında bu gün "ölkə Prezidenti İlham Əliyev 52 yaşını qeyd edir" cümləsini paylaşıb.

@niyazaliyev12h, "Bu gün Gənclərin dostu olan Cənab prezident İlham Əliyevin ad günüdür! Doğum gününüz mübarək!"

@elvincanturan doğum günü ilə əlaqədar paylaşıb ki, "...O İlham Əliyevin ki, onun prezidenti olduğu ölkəni səngərdə qardaşlarımız qoruyur və müharibə olmadan belə ürəyimiz qara xəbərdən dolayı narahatdı. O İlham Əliyevin ki, onun rəhbərlik elədiyi ölkədə rüşvət boğaza dirənib, vicdan topuğa yönəlib, səbəbsiz həbslər cibdən narkotik çıxarmaq qədər asanlaşıb. Siyahını uzatmaq da olar, ancaq qısa təbriklə yekunlaşdırmaq istəyirəm fikrimi. Yaşatdıqlarını yaşa, cənab prezident!".

Aztwi, yerli trend saytına görə, bu gün Azərbaycandan qeydiyyatdan keçənlərin ən çox danışdığı mövzular #ilham, #cənab, #doğum və digərdir.

Doğum günü münasiətilə İlham Əliyevə, Rusiya və Türkiyə prezidentləri təbrik məktubu göndərib.

1961-ci ildə Bakıda doğulan İlham Əliyev 2003-cü ildən, Azərbaycanın üçüncü prezidenti, atası Heydər Əliyevin vəfatından sonra prezident vəzifəsindədir.

Hazırda üçüncü dönəm bu vəzifədə olan cənab Əliyev, on il əvvəl qısa müddət üçün baş nazir də təyin edilib. Həmin dövrə qədər 1995-ci ildə deputat seçilib.