QHT-lər haqqında qanuna əlavələr mübahisələrə səbəb olub

Parlamentdə qeyri-hökümət təşkilatları (QHT) haqda qanuna qəbul edilən dəyişikliklərə görə, bundan sonra Azərbaycanda QHT yaratmaq istəyən əcnəbi vətəndaşlar və ya xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təşkilatların filial və nümayəndəliklərinin rəhbəri mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşını götürməlidir.
Çərşənbə günü parlamentdə müzakirəyə çıxarılan yeni qanun layihəsində həmçinin qeyd olunur ki, QHT yaradan və ya xarici təşkilatın nümayəndəliyini təsis edən əcnəbi vətəndaşın səlahiyyəti müddətli olmalıdır, APA yazır.
Əlavələrə əsasən, qeydiyyatı ləğv olunan QHT-lər əmlaklarını hansı məqsədlər üçün sərf etdikləri barədə rəsmi olaraq Ədliyyə Nazirliyinə təqdim etməli və bu məlumatlar dövlət reyestrinə daxil edilməlidir.
Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev BBC Azərbaycancaya deyib ki, yeni dəyişikliklər QHT-lərin fəaliyyəti üçün təhlükəlidir.
“Bu dəyişikliklərlə qeyri-hökümət təşkilatlarının vəziyyəti ağırlaşacaq. Halbuki kommersiya firmalarında müavinlərin Azərbaycan vətəndaşı olması nəzərdə tutulmayıb”, o qeyd edib.
"Mürtəce" dəyişikliklər
Cənab Əliyevin sözlərinə görə, "mürtəce" dəyişikliklərdən biri QHT-lərlə bağlı mübahisəli məqamlarda istənilən üzvə məhkəməyə müraciət etmək hüququ verilməsidir.
“Belə çıxır ki, kimsə gəlib qeyri-hökümət təşkilarına üzv ola bilər və sonradan onu məhkəməyə verib fəaliyyətini dayandıra bilər. Bu çox qorxulu haldır və istənilən QHT-nin qapadılmasına yönəlmiş addımdır”, o bildirib.
Əcnəbi vətəndaşların QHT rəhbəri olması ilə bağlı əlavələri isə birlik rəhbəri "normal" hesab etmir.
Onun sözlərinə görə, hökümət beynəlxalq təşkilatların öz nümayəndəliklərini açmasına çalışmalıdır.
“Beynəlxalq QHT-lər var ki, onların Bakıdan başqa bir neçə şəhərdə nümayəndəliyi var və orada 5-10 nəfər vətəndaşımız işləyir. Yeni dəyişikliklərdə isə xarici QHT-nin bir filialı və nümayəndəliyinin olması nəzərdə tutulur”.
QHT sədr müavininin Azərbaycan vətəndaşı olmasının məcburi norma kimi qəbul olunmasına gəldikdə, cənab Əliyev deyir ki, bu dəyişikliklərlə ayrı-seçkiliyə yol verilir və əcnəbi vətəndaşın səlahiyyəti müddətinin konkret göstərilməsi “doğru deyil”.
Parlament bu ilin fevralında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanunlara və eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib.
Bu əlavə və dəyişikliklərə görə, qrant müqavilələrinin təqdim edilməməsi 8 mindən 15 minə qədər cəriməni nəzərdə tutub. Həmçinin, İnzibati xətalar məcəlləsinə “Qrant haqqında qanunvericiliyin pozulması” maddəsi əlavə olunub.
Qərargahsız partiyalar
Parlamentin bu gün müzakirəyə çıxardığı və qəbul etdiyi qanun layihələrindən biri ölkədə siyasi partiyalardan baş qərargahları ilə bağlı sənədin olmasını tələb edən dəyişiklərlə bağlıdır. Belə ki, qərargahsız partiyalar qeydiyyata alınmayacaq, ya da fəaliyyəti qadağan olunacaq.
APA yazır ki, deputat Fazil Mustafa siyasi partiyaların baş qərargahı ilə bağlı dəyişikliyə etiraz edib və deyib ki, “ bu, siyasi partiyalar üçün problemlər yaradacaq”.
İqtidaryönümlü deputat Siyavuş Novruzov cənab Mustafaya cavabında “bu dəyişikliklər sadəcə şəffaflıq tələb edir, heç bir QHT və siyasi partiya təzyiqə məruz qalmır” deyə bildirib.
Hüquqşünas İntiqam Əliyev BBC Azərbaycancaya deyib ki, siyasi partiyalar haqda qanuna edilən dəyişikliklər hansısa ictimai zərurətdən doğmayıb.
“Siyasi partiyalar maddi yardımdan məhrum edilib və hökümət onların sıradan çıxarılması üçün yeni təzyiq üsulları axtarır. Qanuna edilən bu dəyişikliklərin arxasında təzyiqlər, təqiblər dayanır”, cənab Əliyev bildirib.
Etiraz
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Seymur Həzi isə yeni qəbul olunmuş dəyişiklikləri “absurd qərar” adlandırıb və bunu hakimiyyətin siyasi partiyalara “növbəti maneəsi” kimi qiymətləndirib.
“Bu o deməkdir ki, partiya qeydiyyata alınmadıqdan sonra hansısa destruktiv və nizamsız qüvvələr ortaya çıxacaq. Ona görə bu qərar siyasi cəhətdən düşünülməmiş qərardır və biz bu qərarın qüvvəyə minməməsi üçün çalışacağıq”, cənab Həziyev əlavə edib.
Milli Məclisin bu günki iclasında parlament sədrinin, komitə sədrlərinin və parlament üzvlərinin aylıq vəzifə maaşının artırılması məsələsi də müzakirəyə çıxarılıb. Qəbul olunan qərara əsasən, parlament üzvlərinin maaşları 15,3 faiz artıb.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, “bəzi qüvvələr bundan ajiotaj yaratmaq istəyir ki, bunun da əsası yoxdur, çünki Azərbaycanda digər sahələrə də dövlətin xüsusi qayğısı var”.




