Azərbaycanda seçkilər: nə üçün Moskvaya Əliyev sərfəlidir

- Müəllif, Artyom Kreçetnikov
- Vəzifə, bbcrussian.com
Azərbaycanda keçirilən prezident seçkilərində nə gözlənilirdisə, o da baş verdi. Məhz buna görə də bir çox ekspertlər əmindirlər: bu ölkənin yaxın gələcəkdə xarici siyasətində də nə gözlənilirsə, o da olacaq.
Rusiya ilə münasibətlərdə də prinsip etibarilə heç nə dəyişməyəcək. Bakının xarici siyasəti müstəqil və çoxvektorlu qalacaqdır.
“Heç bir ciddi dəyişiklik olmayacaq. Rusiya-Azərbaycan münasibətləri hazırda olduğu səviyyədə saxlanılacaq”, - BBC Rus xidmətinə Müasir Aləmin Dini və Siyasətinin Strateji Təhqiqatları Mərkəzinin rəhbəri Maksim Şevçenko bildirib.
Ancaq eyni zamanda seçki kampaniyası gedişində Rusiya ilə bağlı müəyyən intriqa baş verib.
Heç nə ilə sona yetmiş intriqa
“El arasında “Milyarderlər İttifaqı” adlanan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) yaradıldıqdan və Rusiya elitası və yaradıcı ziyalıları ilə sıx bağlı olan, Moskvada yaşayan kino-ssenarist Rüstəm İbrahimbəyovun müxalifət namizədi kimi irəli sürülməsindən sonra belə bir fikir meydana gəldi ki, Rusiya öz qarşısına Azərbaycanda hakimiyyəti dəyişmək məqsədi qoyub”, - BBC Rus xidmətinə Azərbaycan politoloqu Rəşad Şirinov bildirib.
“Səfər ərəfəsində Azərbaycan millət vəkilləri və jurnalistləri, kimsə əndişə ilə, kimsə də ümidlə deyirdilər ki, İlham Əliyev Moskvanın dəstəyinə görə Avrasiya Birliyinə daxil olmaq vədi ilə əvəzini verə bilər, lakin, gördüyümüz kimi, bu baş vermədi”, - qeyd edir ekspert.
Təhlilçilər “Moskva namizədi” ətrafında hay-küyün heçdən meydana gəldiyini ehtimal edirlər.

“İbrahimbəyov maraqlı fiqur idi, əhalinin müəyyən təbəqələrini, xüsusən, Bakının rusdilli ziyalılarını cəlb edirdi, hakimiyyət daxilində də tərəfdarları var idi, lakin hazırkı məqamda heç bir partiya və heç bir şəxs mövcud sistemi ciddi sarsıda bilməz”, - Rəşad Şirinov deyir.
Yəqin Vladimir Putin vəziyyəti xəyala qapılmadan hesablayıb, onsuz da İbrahimbəyovun qələbəyə şansı olmadığını anlayıb və İlham Əliyevlə münasibətləri pozmamaq qərarına gəlib.
“Əliyev Putin üçün kifayət qədər münasib tərəfdaşdır: konstruktivdir, hərəkətləri qabaqcadan duyulan, Moskvada oxuyub, orada da qizi yaşayır, kin-ədavət üçün şəxsi və ya ideoloji səbəb də yoxdur. Moskva dəli deyil ki, heçdən konflikt yaratsın”, - Maksim Şevçenko hesab edir.
Ekspert İbrahimbəyovun irəli sürülməsi arxasında Moskva yox, Bakı dayandığını istisna etmir.
“Bu, müxalifəti yayındırmaq üçün PR gediş ola bilərdi, əsas namizədin son anda çıxarılması isə intizamsızlıq törətməli və onun əzmini məhv etməliydi”, - o deyir.
Məhdud imkanlar
Müşahidəçilər Rusiyanın və şəxsən Vladimir Putinin Azərbaycanda çox böyük təsiti haqqında fikirləri həddən çox şişirdilmiş hesab edirlər.
“Sovet nostalgiyası və onunla bağlı səmimiyyət Rusiyada əhalinin yaşlı hissəsinə xasdır. Gənclər, sahibkarlar və ziyalılar ya bitərəf, ya qərbmeyllidirlər. Ümumən, suverenlik və müstəqil xarici siyasət lehinə əhval-ruhiyyələr üstündür”, - Rəşad Şirinov israr edir.
“Bu cür nöqteyi-nəzər [Rusiyanın böyük təsirinə dair] Azərbaycan xalqı üçün təhqiredici və reallıqdan son dərəcə uzaqdır. Ümumiyyətlə Rusiyanın keçmiş sovet dövlətləri ilə bütün münasibətlər tarixi ərzində elə bir hal olmayıb ki, Kreml barmağı ilə göstərsin və haradasa kimisə seçsinlər”, - Maksim Şevçenko deyir.
Onun sözlərinə görə, Rusiya, əlbəttə, bir çox başqa postsovet dövlətlər kimi, Azərbaycan üzərinə də müəyyən təsir vasitələrinə malikdir, lakin özü də normal münasibətlərdə bilavasitə maraqlıdır.
“Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Onunla həmrəylik – Xəzərdə sülh və İrana tranzit dəhlizi deməkdir. Ən dövlətli azərbaycanlılar Moskvada yaşayır, onların pulları Rusiyada yatırdılır və Rusiyada xərclənir”, - politoloq xatırladır.
Həllolunmaz problem?
Bakı analitiklərinin, praktik olaraq, ümumi fikrincə, Azərbaycanın üzünü Rusiyaya sarı çevirməsi yalnız Rusiyanın Qarabağ üzrə mövqeyinin radikal surətdə dəyişməsi halda mümkündür.
“Möhkəm inam formalaşıb ki, Rusiyanın dəstəyi olmasaydı, 1990-cı illərdə Ermənistan müharibədə qalib gəlməzdi, və bu gün Qarabağ məsələsinin həllinin açarı Moskvanın əlindədir, lakin bu mənada ona heç bir ümid yoxdur”, - Rəşad Şirinov qeyd edir.
“Münasibətlərdə soyuqluq Yeltsin dövrünün, şəxsən mən səhv hesab etdiyim, siyasətinin mirasıdır, lakin olan olub, keçən keçib”, - Maksim Şevçenko deyir.
“Bu gün Rusiya Cənubi Qafqazda mövcud olan konfiqurasiyanın girovudur. İqtisadi və strateji baxımdan Azərbaycan daha vacibdir, lakin Ermənistan Gömrük İttifaqına daxil olmağa hazır olan KTMT üzvüdür, və Moskva onunla sıx əlaqələrdən heç vaxt imtina etməz”, - Maksim Şevçenko ehtimal edir.
Qaz və neft
Neft-qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri barədə danışarkən, iki əsas məqamı nəzərə almaq lazımdır.
Azərbaycan, digər postsovet dövlətlərinin əksəriyyətindən fərqli olaraq, karbohidrogenlərin idxalçısı yox, satıcısıdır. Eyni zamanda neft hasilatı, 2010-cu ildə zirvə nöqtəsinə çatdıqdan sonra, əksilməkdədir, və mütəxəssislər bu təmayülü geri qaytarılmaz hesab edirlər, odur ki, ön plana qaz layihələri çıxır.
“Rusiya ilə Azərbaycan burada tərəfdaş deyil, rəqibdirlər. Azərbaycanın strateji məqsədi qazın, necə deyərlər, “Cənub dəhlizi” ilə Türkiyə üzərindən Avropaya, “Qazpromun” da tuşlandığı eyni bazara, ixracatını təşkil etməkdir”, - BBC Rus xidmətinə neft-qaz üzrə təhlilçi Mixail Krutixin bildirib.
Öz qaz sahəsini inkişaf etdirmək üçün Bakının investisiyalara, texnologiyalara və tranzit boru kəmərlərinə ehtiyacı var.
“Azərbaycan öz resursları üzərində tam nəzarəti saxlamağa çalışır, bunun üçün isə, çox güman ki, həmişə Qərblə Rusiya arasında manevr edəcək”, - Rəşad Şirinov deyir.
Xüsusi münasibətlər
Moskva üçün postsovet dövlətləri, əsas etibarilə, dostlara və qeyri-dostlara bölünür. Yalnız Azərbaycanla və, olsun ki, Özbəkistanla, beynəlxalq icmalçıların təbirincə, mehriban qonşuluq münasibətləri qurulub: qucaqlaşmasız , lakin eyni zamanda aşkar problemlərsiz və iddialarsız.
Bəzi Rusiya müşahidəçiləri bu səviyyədə tərəfdaşlığı qeyri-məqbul hesab edir, digərləri - nümunəvi.
Təhlilçilər iki əsas səbəb görürlər.
Məsələn, Ukrayna daima mədəni və geosiyasi seçim edirsə, Azərbaycan, Rusiyanın inteqrasiya layihələrində iştirak etməyərək, Qərblə də xüsusən yaxınlaşmır.
Rusiya elitasının əhəmiyyətli bir hissəsi ürəyində Ukraynanın müstəqilliyini tarixi anomaliya hesab etməkdə davam edir: slavyan qardaşlar, ümumi din, “Kiyev rus şəhərlərinin anasıdır”. Azərbaycana dair anlaşma yaranıb ki, o, başqa dövlət və başqa sivilizasiyadır.
Fikir var ki, Rusiya Azərbaycana hörməti səbəbindən ondan öz təsir dairəsinə daxil olmağı, hər halda aşkar və israrla, tələb etmir. Özünü təmin edən bir ölkədir, düşmənçilik etmək sərfəsizdir, sıxmaq isə faydasız.
“Biz anlamalıyıq ki, Azərbaycan öz həyatı ilə yaşayır”, - Ali İqtisadiyyat Məktəbinin Dünya Siyasəti Fakültəsinin dekan müavini Andrey Suzdaltsev deyir.




