İlham Əliyev: 10 illik prezidentliyin siyasəti

İlham Əliyev
Şəklin alt yazısı, İlham Əliyev həm Rusiya ilə, həm də Aİ ilə əlaqələri balanslaşdırılmış saxlamağa çalışıb, Konrad Zasztowt yazır

Polşa Beynəlxalq Əlaqələr İnstitutunun (PISM) "Bulletin" nəşrinin 92-ci sayı, gələn ay Azərbaycanda keçiriləcək seçkilərə həsr olunub.

"Prezident İlham Əliyevin onillik rəhbərliyindən sonrakı Azərbaycan" adlı məqalə, seçki prosesinin necə keçə biləcəyini və beynəlxalq arenada nə ilə nəticələnə biləcəyini müzakirə edir.

PISM-da Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ekspert olan təhlilçi Konrad Zasztowt yazır ki, seçki prosesi - rəsmi Bakının Avropa İttifaqı ilə əməkdaşlıq etməyə davam etmək istəyinə işarə edəcək.

"Amma Azərbaycan bunu seçsə, qanun aliliyi və demokratiya üzrə Aİ standartlarını qəbul etməyə məcbur olacaq. Alternativ isə Aİ və Rusiyadan eyni məsafədə durmaq və daxili siyasətdə status kvonu qorumaqdır. Bu, iqtisadiyyatının durğunluğunda nəticələnə bilər."

Əliyevlərlə iki onillik

Prezident Heydər Əliyevin neft və qaz üzrə siyasətinin nəticələri, İlham Əliyevin prezidentliyi dövründə hiss olunur, Konrad Zasztowt neft bumu sayəsində maaşların artdığını yazır.

"Amma Azərbaycan mədən sektorundan asılı olan ölkələr üçün tipik olan çətinliklərlə üzləşir. Neft və qaz qiymətlərində dəyişkənlik pisləşən iqtisadi şəraitlərlə və azalan yaşayış standatrlarının azalması ilə nəticələnə bilər".

Keçən ildən bəri neft istehsalı aşağı düşsə də, 2018-ci ildə Azərbaycan Şah Dənizdən Avropaya qaz ixrac edəcək.

Beləliklə gələn onillik ərzində iqtisadi artım dövrü bitməyəcək, təhlildə deyilir.

"Hökümətin qeyri-şəffaf xərcləri, onun (neft gəlirlərindən) effektiv istifadə etməsinə mane olur. Mətbuat azadlığının və vətəndaş cəmiyyətinin sıxılması, hökümət rəsmilərinin fəaliyyətinin müstəqil nəzarətinə çətinlik yaradır."

Azərbaycan və Avropa İttifaqı

İlham Əliyev həm Rusiya ilə, həm də Aİ ilə əlaqələri balanslaşdırılmış saxlamağa çalışıb və beləliklə atasının "çoxvektorlu" xarici siyasətini davam etdirir, cənab Zasztowt deyir.

Azərbaycan höküməti Rusiyadan asılı deyil, müəllif yazır və Gürcüstanla Rusiya arasında müharibə olanda Azərbaycanın Gürcüstana iqtisadi dəstək göstərməyə davam etməsini misal kimi gətirir.

Ekspertin sözlərinə görə, İlham Əliyevin xarici siyasətinin ən böyük uğursuzluğu - Qarabağ münaqişəsinin həll olunmamasıdır.

Seçkilər

İndiyədək Azərbaycanda keçirilən seçkilərdən heç biri ATƏT və Avropa Şurası tərəfindən demokratik standartlara cavab verən kimi tanınmayıb.

"Rəsmi Bakının bu ilin seçkilərindən əvvəl hərəkətləri onu göstərir ki, burada heç bir dəyişiklik əlaməti yoxdur."

Konrad Zasztowt bu ilin böyük anti-hökümət etirazlarını qeyd etsə də vurğulayır ki, seçkilərə bir ay qalmış müxalif seçicilərin heç əhəmiyyətli fəallığı nəzərə çarpmır.