Seçkilərə bir ay qalmış maaşların qaldırılması və YAP-a digər suallar

Aydın Mirzəzadə
Şəklin alt yazısı, Aydın Mirzəzadə İlham Əliyevin MSK-da nümayəndəsidir.

BBC Azərbaycancanın suallarını YAP-çı millət vəkili, prezidentliyə namizəd İlham Əliyevin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Aydın Mirzəzadə cavablandırır. Onunla müsahibəni BBC Azərbaycanca üçün Bakıda jurnalist Natiq Cavadlı aparıb.

- Aydın müəllim, dövlət başçısı və YAP-nin namizədi İlham Əliyevin seçkilərə bir ay qalmış maaş və təqaüdləri artırması seçki kampaniyasının bir hissəsidirmi və kampaniyanın qeyri-rəsmi başlamasıdırmı?

- Bu, dövlət başçısının birbaşa öhdəsində olan məsələdir və maaşların, müavinətlərin qaldırılması bir qayda olaraq vaxtaşırı həyata keçirilir. Əgər biz ötən 5 ilin tarixçəsinə baxsaq, bu dövrdə dəfələrlə cənab prezidentin sərəncamlarıyla maaşlar, pensiyalar qaldırılıb. Əksinə, onun seçki dövründə də maaşları qaldırması göstərir ki, cənab İlham Əliyevin 5 il ərzindəki fəaliyyəti də müsbət olub, büdcəni artırmaq, iqtisadi artımı təmin etmək mümkün olub ki, bu gün dövlətdən əməkhaqqı alan insanların maaşları artırılıb.

- İqtisadçılar iddia edir ki, Azərbaycan MDB-də yeganə ölkədir ki, 2013-cü ildə minimum əməkhaqqı artırılmamışdı, yəni niyə məhz seçkilərə 1 ay qalmış bu barədə sərəncam verildi?

- Mümkün ola bilər. Onu da nəzərə alın ki, Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, əhalisinin 15 faizi məcburi köçkün vəziyyətindədir, büdcəmizin təqribən 30 faizə yaxını onların şəraitinin yaxşılaşdırılmasına yönəlir. Əgər Azərbaycan müharibənin doğurduğu fəsadları yaşamasaydı, bu gün minimum əməkhaqqımız kifayət qədər yüksək olardı.

İlham Əliyev
Şəklin alt yazısı, Prezident Əliyev son həftələrdə maaş və təqaüdlərin artırılmasına dair sərəncamlar imzalayıb.

- Avqustun 20-dən 27-ə qədər maaşların, müavinətlərin, təqaüdlərin artırılması haqqında 18 sərəncam imzalanıb, olmazdımı bu sərəncamlar yanvarda imzalansın? Yəni bu mənada sərəncamlar seçkilərə hesablanmayıbmı?

- Bu, dövlət başçısının öz vəzifəsini yüksək səviyyədə yerinə yetirməsinin təzahürüdür. İstənilən halda nə vaxt artırılmasından asılı olmayaraq cəmiyyət bundan qazanır, əhalinin böyük bir hissəsinin maddi durumu yaxşılaşır.

- Əhalinin böyük hissəsinin maddi durumunun yaxşılaşdırıldığını dediniz, gəlin müqayisə edək, iqtisadçıların məlumatına görə, Litvada minimum maaş 380, MDB ölkələri olan Rusiyada 157, Belarusda 155, Ukraynada 150, Türkmənistanda 144 dollar olduğu halda Azərbaycanda 134 dollardır. Bu mənada əhalinin yüksək səviyyədə maddi durumunun yaxşılaşdırılmasından danışmaq olarmı?

- Mən yenə də əvvəl gətirdiyim arqumenti təkrarlamağa məcburam ki, torpaqlarımızın 20 faizi işğaldadır, büdcənin 30 faizi müharibədən doğan fəsadların aradan qaldırılmasına yönəlir, Azərbaycan hər il büdcəsinin 10-12 faizini hərbi sahəyə yönəltməyə məcburdur. Bunlar Azərbaycanın sosial sahəyə istənilən qədər vəsait ayırmasına mane olan məsələlərdir. Azərbaycan iki yoldan birini seçməlidir, ya büdcəni sosial tərəfə yönəltməli, bununla aqressiv Ermənistan qarşısında özünü müdafiə etməlidir, yaxud da həm hərbisini gücləndirməli, həm də sosial vəziyyəti yaxşılaşdırmalıdır.

- Sizin dediklərinizin qarşılığında iqtisadçılar da büdcədə investisiya xərclərinin üstünlük təşkil etdiyini söyləyir, bu mənada nə deyə bilərsiniz?

- İş burasındadır ki, Azərbaycan vaxtilə vahid SSRİ iqtisadiyyatının bir hissəsi olub, 100 illərlə formalaşmış iqtisadi sistemdə Azərbaycanın ancaq emal sahəsi inkişaf edib. Buna görə müstəqillik illərində qeyri-neft sektorunun inkişafı üçün investisiyaların cəlb edilməsi daha sürətlə olub. Həmin iqtisadçılar 1993-cü illə 2013-cü ili müqayisə etsələr, fərqin olduğunu hiss edərlər.

- Sizcə, investisiya xərclərinin artırılması korrupsiya hallarına şərait yaratmırmı?

- İstənilən halda kimlərinsə əlində korrupsiya ilə bağlı dəlillər və şübhələr varsa, bunu açıqlaya, mətbuata bildirə və ya bunun əsasında siyasi mübarizə apara bilər.

- Fakt budur ki, mətbuat dəfələrlə bu barədə araşdırmalar ortalığa qoysa da, rəsmi qurumlardan reaksiya yoxdur...

- İş burasındadır ki, mətbuatın yazdıqları sadəcə olaraq şübhələrdir, faktlarla təsdiq edilmir, sadəcə, gümanlar ortalığa qoyulur. Çox maraqlıdır ki, belə faktların əksəriyyəti mütəxəssis olmayan insanlar tərəfindən yayılır. Əgər doğrudan da həmin faktlar, məsələlər ciddi araşdırılıb müvafiq orqanlara təqdim olunarsa, bununla bağlı araşdırma aparıla bilər. Hansısa bir obyekti sadəcə “bu qiymətə tikilir” deyib sual vermək hələ orada korrupsiyanın olduğunu iddia etmək deyil. İstənilən obyektin ortalığa gəlməsi, torpaq xərcləri, kommunikasiyalar, artan inşaat materiallarının qiyməti, avadanlıqlar, yəni bunlar nəzərə alınmadan suallar verilir. Biz istərdik bu məsələləri ilk növbədə mütəxəssislər araşdırsın və sonra rəsmi orqanlara verilsin.

- Siz də, o cümlədən, rəsmi şəxslər dəfələrlə Azərbaycanda yüksək inkişafın olduğunu deyirsiniz. Bəs korrupsiyanın inkişafından danışmağın vaxtı deyilmi?

- Hər halda istənilən iddia nəyləsə təsdiq olunmalıdır.

- Paytaxtda və şimal rayonlarında dəbdəbəli villalar tikilir, əksəriyyətinin də məmurlara məxsus olduğu barədə yazılıb, qarşı tərəf də məhkəməyə müraciət etməyib ki, yalandır. Müvafiq orqanlar həmin villaların hansı məvacib hesabına inşa olunduğunu araşdıra bilməzmi?

- Unutmayaq ki, bizdə sovet hakimiyyəti deyil ki, dövlət orqanları hansısa vətəndaşın işinə qarışaraq nəyin necə olduğunu ondan partiya orqanları vasitəsilə sorğu-sual etsinlər. Hər bir olay barəsində əldə dəlillər olduqda məsələ qaldırmaq olar. Hesab edirəm ki, hər bir vətəndaşa “bu evi nəylə tikibsən” sualı versək, hansısa inkişafdan söhbət gedə bilməz. Digər tərəfdən, nəyə görə düşünülür ki, villalar yalnız məmurlarındır? Mən də məmuram, hanı mənim villam?

- Siz məmur yox, deputatsınız.

- Elə isə sual edirəm, hanı mənim deputat kimi villam? Mətbuatda deputatların da imkanları barədə yazılır. Hesab edirəm ki, villaların, maşınların ancaq məmurlara məxsus olması anlayışı kökündən yanlışdır.

- Nə üçün?

- İstənilən məsələ üzrə ancaq araşdırma və dəqiqlik olmalıdır. Sadəcə, küçəylə düzülən evləri bir-bir “bunu hansı yolla tikibsən” sualı sovet hakimiyyətinə məxsus məsələdir.

- O zaman hansısa müxalifətçi kiçik çayxana işlətməyə cəhd edirsə, niyə vergi orqanları onun “başının üstünü kəsdirir”?

- Vergi orqanları istənilən təsərrüfat obyektinin vergi ödənişi məsələsiylə maraqlanır. Buna görə də iddianız ümumi sözlərdən başqa bir şey deyil.

- Aydın müəllim, İlham Əliyevin bütün sərəncamlarının yerinə yetirildiyini hesab edirsinizmi?

- Hesab edirəm ki, cənab prezidentin bütün fəaliyyəti konstitusiyaya uyğundur.

- Adi bir fakt, 2011-ci ilin 27 iyunun cənab prezidentin sərəncamıyla qanunsuz evlərin sənədləşdirilməsiylə bağlı Ramiz Mehdiyevin rəhbərliyi altında komissiya yaradılıb. Hətta 2008-ci ildə isə Dünya Bankı bu iş üçün 30 milyon dollar ayırıb, ancaq 2 il ötməsinə baxmayaraq sərəncamın necə yerinə yetirilməsi barədə məlumat verilməməsi suallar doğurmurmu?

- Sualınız həmin komissiyaya ünvanlamalıdır.

- Siz YAP-nin namizədi İlham Əliyevin vəkili deyilsinizmi?

- Mən vəkil olaraq seçki prosesinə cavabdehəm. Sizin sual isə birbaşa komissiyaya ünvanlanır.

- O zaman seçki kampaniyası dövründə vəkil olaraq sənədsiz evləri olan seçicilər bu barədə sual versə, nə cavab verəcəksiniz?

- Mən eyni cavabı seçicilərə də verəcəm. Şübhəsiz ki, müvafiq orqanlara müraciət edib qanuna uyğun hərəkət etmələrini tövsiyə edəcəm.

- Artıq media vasitəsilə müvafiq orqanlara dəfələrlə müraciət ediblər, amma reaksiya yoxdur...

- Dəfələrlə bu məsələ haqqında mənə müraciət olub, araşdırdıqda üzə çıxıb ki, ya müraciətləri olmayıb, ya da mövcud qanunvericilikdə sənədlərin hamısını toplamayıblar, yaxud üzərində ev tikdikləri torpağın sənədi yoxdur. Bu baxımdan məsələnin yalnız bürokratiyayla bağlı olduğunu düşünmək düzgün deyil.

- Ancaq cənab prezident 2 il əvvəl sərəncam imzalayıb, ötən dövrdən isə heç bir məlumat verilmir...

- Yenə də təkrar edirəm, bu məsələylə bağlı müvafiq komissiyaya müraciət edilməlidir.

- Yenidən qayıdaq iqtisadi problemlərə, tanınmış iqtisadçıların bildirdiyinə görə neft gəlirləri düzgün idarə olunmadığından ölkə iqtisadiyyatı “Holland sindromu”ndan əziyyət çəkir. Bu barədə nə deyə bilərsiniz?

- Bu iddianı edənlərin “Holland sindromu”nun nədən ibarət olduğundan məlumatları yoxdur.

- Nədən ibarətdir “Holland sindromu”?

- Ondan ibarətdir ki, ölkəyə hansısa təbii sərvətdən əldə olunan gəlir birbaşa büdcəyə yönəlir və həmin sahədən olan gəlirin artıb-azalmasıyla bağlı büdcədə gizli çaxnaşmalar olur, gəlir azaldıqda isə cəmiyyət həmin gəlirin azalması nəticəsində böyük inflyasiyayla üzləşir. Azərbaycanda bunun qarşısını alınması üçün 1999-cu ildə Neft Fondu yaradıldı və neftdən gələn gəlirlər fondda akkumulyasiya olunur, ondan yalnız konkret layihələr üçün istifadə olunur. Bu baxımdan Azərbaycan iqtisadiyyatında “holland sindromu”nun baş verməsi qeyri-mümkündür.

- “Holland sindromu”nun olub-olmadığına dair hökumətin iqtisadi təhqiqatları varmı?

- Məhz iqtisadi araşdırmalar nəticəsində Azərbaycanda inflyasiya ikirəqəməli müstəviyə keçmir, büdcə artır və manatın məzənnəsi sabitdir.

- Ancaq iqtisadi nəzəriyyələrdə “Holland sindromu”nun əlamətləri bunlar göstərilir: birinci: ixraacatda hər hansı məhsulun aşkar üstünlüyü, ikinci: “Holland sindromu”ndan əziyyət çəkən ölkələrdə tikinti və iaşə biznesi sürətlə yüksəlir, üçüncü, daxili istehsal daxili bazara hesablanır. Bu əlamətlərin hamısı hazırda Azərbaycanda yoxdurmu?

- Dedikləriniz hansısa iqtisadçının subyektiv fikri ola bilər. Hər halda “Holland sindromu”yla bağlı deyilənlərin əsas faktoru ondan ibarətdir ki, təbii sərvətlərin satışından gələn gəlir birbaşa büdcəyə yönəlir. Həmin gəlir azaldıqda isə artıq güclü iqtisadi böhran baş verir.

- Büdcənin 76 faizi neft gəlirləri üzərində köklənibsə, bu, gələcək üçün problem yaratmayacaqmı?

- 1993-cü ildə bu rəqəm 95 faiz idi və heç kəs neft sektorunun aparıcı rol tutduğunu inkar etmir. Azərbaycan iqtisadiyyatının formalaşması yalnız xalqın istəyiylə olmayıb, vaxtilə çar, sonradan sovet imperiyasının iqtisadiyyatının bir hissəsi kimi formalaşıb. Bu mirası tədricən dəyişmək indiki iqtidarla mümkün ola bilir. 95 faizdən 76 faizə endirim məhz iqtisadi siyasətin düzgünlüyüdür. Gələcəkdə bunun daha da azalması gözləniləndir.

- 20 ildə 20 faizə yaxın endirim və qarşılıqlı olaraq tikinti-iaşə biznesi çiçəklənibsə, bu, “Holland sindromu”nun əlaməti deyilmi?

- Əksinə, tikintinin artması iqtisadi inkişafın göstəricisidir.

- Məgər, bu, korrupsiyaya yol açmırmı?

- Bir dəqiqə, sözümü kəsməyin, mən bilirəm ki, Siz Şahvələd Çobanoğludan müsahibi daim küncə çıxmaq tövsiyələri alıbsınız, amma çox xahiş edirəm, mən fikrimi sona yetirim.

- Buyurun!

- Məhz tikinti olmasa yeni sahələr yaratmaq mümkün olmazdı, insanların sosial vəziyyəti yaxşılaşmazdı, infrastruktur yenilənməzdi. Bu baxımdan tikintinin olması indiki dövrdə təbiidir və hətta arzuolunandır.

- Tikilən binalarda kasıb təbəqə yaşayırmı, mən insanların kredit almaq imkanının olmaması baxımından bu sualı verirəm...?

- Əlbəttə ki, bir hissəsinin imkanları yoxdur. Amma proses ona doğru gedir ki, cəmiyyətin bütün üzvləri mənzil almaq imkanında olsun.

- Aydın müəllim, İlham Əliyevin seçki kampaniyası üçün YAP nələri planlaşdırır və hansı vədlər veriləcək?

- Bununla bağlı yaxın günlərdə YAP-ın məlumatı olacaq.

- Siz vəkil olaraq hansı sosial narazılıqlardan xəbərdarsınız və onları necə həll etməyi düşünürsünüz?

- Cəmiyyətdə gedən bütün proseslərdən deputat və adi vətəndaş kimi xəbərdaram, sualınıza isə kampaniya başlayanda cavab verəcəm.

- Seçkiyə bir ay zaman qalır, amma beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər, gənc fəallar hələ də həbsdədir. Məsələn, prezidentliyə namizədliyini irəli sürmüş ReAL sədri İlqar Məmmədov...

- Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə həbsdə olan insanlar var, onların hər biri qanun qarşısında müvafiq məsuliyyət daşıyırlar. Adını çəkdiyiniz Məmmədov İlqar isə bu ilin fevralında İsmayıllı rayonunda kütləvi iğtişaşlar törətməyə cəhd etdiyinə görə saxlanılıb. Bu barədə üzərində cinayət məsuliyyəti var.

- Ancaq İlqar Məmmədov dediyiniz kütləvi iğtişaşlardan bir gün sonra İsmayıllı rayonunda olub...

- Hər halda bütün bu suallara istintaq aydınlıq gətirər.

- Siz “Human Rights Watch”ın son hesabatını necə dəyərləndirirsiniz?

- Əgər Azərbaycanda müxalif fikrə qarşı total hücum varsa, o zaman müxalifət qəzetləri necə çıxır? O zaman iqtidara qarşı ittihamlar haradan səslənir? Yaxud müəyyən müxalif gənclər öz fikirlərini nə cür bildirirlər? Hesab edirəm ki, “Human Rights Watch” ya Azərbaycan barəsində yazmır, ya da qərəzli fikir yürüdür.

- Aydın müəllim, dəfələrlə Siz də, partiyadaşlarınız da deyib ki, müxalifətin sosial bazası yoxdur. O zaman hakimiyyət yönümlü qəzetlərin satışı və internetdə oxunaqlıq səviyyəsinin çox az olmasını necə izah edərdiniz? İnsanlar nə üçün müxalifət qəzetlərini daha çox oxuyur?

- Mən ixtisasca politoloqam. Siyasətin bir xüsusiyyəti var, həmişə azlığın gücündən və zəifliyindən asılı olmayaraq müxalifət qəzetləri daha çox oxunur. Bu, bir tərəfdən onun tərəfdarlarının, digər tərəfdən isə iqtidar nümayəndələrinin qarşı tərəfin nə yazdığını öyrənməsindən irəli gəlir. Mən gündəlik müxalif mətbuatını diqqətlə izləyən insanlardanam. Amma bu onların fikirlərini bölüşmək deyil. Yəni bu baxımdan hansısa qəzetin çox satılması hələ onun yürütdüyü fikrin aparıcı olması anlamına gəlməməlidir. Avropa ölkələrində “sarı mətbuat”a aid edilən qəzetlərin milyonlarla tirajı var. Ancaq bu həmin qəzetlərdəki məlumatların daha önəmli olmasına əsas vermir.

- O cümlədən, siyasi qəzetlərin milyonlarla tirajı var...

- Bəli, Avropada qəzetlərin hər min nəfərinə düşən tiraja görə Azərbaycandan qat-qat üstündür. Bu, təkcə müxalif yox, iqtidar qəzetlərinə də aiddir. Hesab edirəm ki, biz orta sıradayıq. Məncə, media araşdırmaları nədən belə olmasına daha düzgün cavab verə bilər.

- Media araşdırmaları ortalığa fakt qoyub ki, son 10 ildə rayonlarda köşklərin sayı sürətlə azalıb, bu, mediaya münasibətin təzahürü deyilmi?

- Hər halda kimin qəzet alıb-almayacağını hakimiyyət yox, insanın özü müəyyənləşdirir. Bu, başqa bir araşdırmanın mövzusudur ki, nəyə görə Azərbaycanda insanlar qəzet oxumağa az meylidirlər?

- Siz özünüz suala necə cavab verərdiniz?

- Mən özümə cavab verirəm ki, gündəlik qəzet oxumağı həyatımın bir hissəsi sayıram.

- Əgər hakimiyyət özünə arxayındırsa, nə üçün televiziyalarda müxalif simaların görünməsinə imkan yaratmır?

- Birincisi, telekanallarda vaxtaşırı müxalif yönümlü insanları görürük. Başqa tərəfdən, Azərbaycanda bir dövlət televiziyası var, o biriləri müstəqildir. Yəni onların niyə görünüb-görünməməsini təsisçisi və kollektivi müəyyənləşdirir.

- Siz dövlət televiziyasında sonuncu dəfə hansı müxalif simanı görmüsünüz?

- Mən hər halda bunun statistikasını aparan insanlardan deyiləm.

- Seçki kampaniyasında müxalifət namizədlərlə iqtidar namizəd arasında dialoq keçirilməsini mümkün sayırsınızmı?

- Hər halda nəzərdə tutulub və bunun belə olacağı gözləniləndir.

- Məsələn, YAP-ın namizədi İlham Əliyev müxalifət namizədlərlə debatda olacaqmı?

- Mən onun vəkili olmadığıma görə bir söz deyə bilmərəm.

- Ancaq MSK-da nümayəndəsiniz...

- Bəli, mən MSK-da nümayəndəsiyəm, seçki prosesində yox.

- Necə düşünürsünüz, İlham Əliyev kampaniya dövründə müxalifət namizədlərlə üz-üzə oturub müzakirələr aparmalıdırmı, onların suallarını, iradlarını dinləməlidirmi?

- Mən onun yerinə cavab verə bilmərəm. Amma hər halda cənab İlham Əliyevin Seçki Qərargahı daha yaxşı hazırlığı ortalığa qoya biləcək.

- Rusiya prezidenti Vladimir Putini Qərb analitikləri avtoritar lider hesab etsə də, o, ildə iki dəfə mətbuat konfransı keçirir. Ancaq İlham Əliyev prezident olduğu 10 ildə bir dəfə də olsun mətbuat konfransı keçirməyib. Bunu necə qiymətləndirirsiniz?

- Birincisi, Azərbaycan prezidenti özünün demokratikliyi və açıqlığı ilə cəmiyyətə tanınır. Bu baxımdan bir çoxlarına nümunə ola bilər. Başqa tərəfdən, cənab prezident yalnız mətbuata deyil, gündəlik fəaliyyətlə bütün Azərbaycan xalqına hesabatını verir. Onun ayrı-ayrı görüşləri, çıxışları, regionlara səfərlərinin reportajları istənilən məsələylə bağlı mətbuatda geniş məlumat yarada bilir.

- Ancaq Heydər Əliyevin dövründən fərqli indiki prezidentin səfərlərinin çəkilişlərinə yalnız dövlət televiziyası buraxılır...

- Bununla bağlı faktlarınız varsa, prezidentin mətbuat xidmətinə müraciət edə bilərsiniz.