Prezident seçkilərinə görə Azərbaycan büdcəsində kəsir

Azərbaycan son onillikdə özünün ilk büdcə kəsirini yaşayır. Bu qənaətə Amerikanın nüfuzlu maliyyə xidməti şirkəti olan “Standard & Poor’s” gəlib.
Həm də maliyyə təhlilləri ilə məşğul olan şirkət bildirib ki, Azərbaycanın ilk defisiti hökumətin qarşıdan gələn prezident seçkilərilə bağlı dövlət xərclərini artırması ilə əlaqədardır, Bloomberg xəbər verir.
Azərbaycanın həmçinin investisya dərəcəsi də aşağı-orta BBB indeksi səviyyəsinə düşüb.
Xəbər verilir ki, büdcə kəsiri 3,8 faiz civarındadır.
S&P bildirir ki, neft qiymətlərinin düşəcəyi təqdirdə kəsir daha da böyüyə bilər.
Ancaq məlumatda Azərbaycanda qeyri-neft sektorunun bu ilin ilk yarısında 11 faiz artdığı və bunun əsasən tikinti və turizm sahələrinə aid olduğu da qeyd edilib.
Bununla belə, S&P əlavə edir ki, neft istehsalı 2017-ci ilədək durğunlaşsa da, gələcək perspektivdə iri qaz yataqlarının istismarı ölkəyə iqtisadi yüksəlişi saxlamaq imkanı verə bilər.
Azərbaycanın kredit reytinqinə Dağlıq Qarabağ münaqişəsinin bərpa olunma ehtimalı da təsir göstərib.




