Bolşoy teatrın dərdli günləri

Bolşoy teatrı
Şəklin alt yazısı, Bolşoy teatrı bir neçə qalmaqalla üzləşib.

Rusiyanın məşhur “Bolşoy” teatrının yeni direktoru etiraf edib ki, bu sənət ocağı “böyük çətinliklərlə üz-üzə qalıb”.

Son aylarda tearın bədii rəhbərinə kimyəvi turşu hücumu da daxil olmaqla, bir sıra qalmaqallar yaşanıb.

Yeni direktor Vladimir Yurin bu vəzifəyə Rusiyanın Mədəniyyət Nazirliyi tərəfindən teatrı “yeniləşdirmək” tapşırığı ilə təyin edilib.

London qastrolu, Kanada mühacirəti…

“Bolşoy” teatrı özünün 50 illik yubileyini Londonun “Royal Opera House” teatrında üç həftəlik qastrolu ilə qeyd edəcək.

Bununla belə, teatrın divarları arasında şəxsi xarakterli çəkişmələrin hələ də davam etdiyi bildirilir.

Bir neçə ay bundan əvvəl teatrın bədii rəhbəri Sergey Filinin üzərinə kimyəvi turşu ilə hücum da yaddan çıxmayıb.

Veteran baleron Nikolay Siskaridze bu hücumdan bəri teatrla açıq qarşıdurmada idi və iyun ayında işdən getməli oldu.

Teatrın aparıcı solisti Svetlana Lunkina bir Rusiya qəzetinə bildirib ki, ərinə qarşı hücum təhlükəsi olduğuna görə Kanadaya köçüb.

Teatr da adam kimidir

Yeni direktor BBC-ə bildirib ki, hər bir teatrın tarixindıə çətin dövr olur.

“İnsanların da taleyində şanlı günlər kimi, faciəli vaxtlar da olur, - deyir cənab Yurin, - mən əminəm ki, “Bolşoy”un da həyatında baş vermiş və bütün dünyanı heyrətləndirmiş hadisələr artıq keçmişdə qalıb”.

Vladimir Yurin keçmişdə baş verənlərin teatrın reputasiyasına mənfi təsirini qəbul etsə də, bildirib ki, belə münasibət ədalətsizdir.

O deyir ki, teatrda doğrudan da baş verən hadisələr dedi-qodu şəklinə salınır və teatrın reputasiyasına xələl gətirir.

Direktorun fikrincə adamlar üçün bu dedi-qodular yox, səhnədə oynananlar daha vacibdir.

O deyir ki, teatrın yaradıcılıq həyatı normal şəkildə qurularsa, ortaya maraqlı səhnə əsərləri çıxa bilər.

İstedad araqarışdıran olsa da...

Bundan əvvəlki direktor Anatoli İksanov müqaviləsinin bitməsinə bir il qalmış vəzifəsindən xaric edilib.

O teatrın yenidən qurulması üçün ayrılmış 1 milyard dolları düzgün xərcləmədiyi üçün cəzalandırılıb.

Baleron Nikolay Siskaridzenin teardan getməsi barədə söhbətlərə şərh verən Yurin deyib ki, balet sənətində daim “yeni nəfəsə” ehtiyac var.

“Həm də bu təkcə rəqqaslara yox, xoreoqraflara və rejissorlara da aiddir” – deyib Yurin.

Lakin o əlavə edib ki, “biz parlaq rəqqasları, onlar lap araqarışdıran olsalar da, xaric etmirik, çalışırıq ki, ümumi dil tapaq”.

Filin görəcəkmi?

Bu arada cənab Filin “The Daily Telegraph” qəzetinə bildirib ki, turşu hücumundan sonra 22-ci cərrahiyyə əməliyyatından keçib.

O deyib ki, əvvəlki nikbinlik özünü doğrultmayıb.

“Mənim sağ gözüm heç nə görmür, sol gözümün görmə qabiliyyəti isə 10 faizdir” – deyib Filin.

Bununla belə o, ümidini itirmir: “Ağı-qaranı seçirəm, lakin sifətləri görmürəm. Amma mənim həkimlərim heyrətamiz adamlardır. Ümid var ki, xüsusilə də sol gözüm yaxşılaşa bilər”.