Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı mübahisə

Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi sabiq partiyadaşlarının qarşılıqlı ittihamlarına səbəb olub.
Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ardınca təşəbbüs müəllifinin opponentləri Sevda Xurşudovanı partiyanın adından qanunsuz istifadə etməkdə suçlayıblar və partiyanın yeganə namizədi prezident İlham Əliyevin olduğunu deyiblər.
Öz növbəsində Sevda Xurşudova Demokratik Azərbaycan Dünyası Partiyasını qanuni təmsil etdiyini deyərək ittihamları rədd edib və namizədin seçimi barədə qərarın aşkar olduğunu deyib.
"Olanlar hər şey efirdədir", Xurşudova BBC Azərbaycancaya deyib.
İnternetdə yerləşdirilmiş videoda Demokratik Azərbaycan Dünyası Partiyası adından 15 iyun Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə çıxış edənlər Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəklədiyini deyirlər.
Demokratik Azərbaycan Dünyası Partiyasında daxili mübahisələrlə bağlı məlumatlar bir müddətdir ki, mətbuatda əksini tapıb, lakin bir partiya adından iki namizədin irəli sürülməsi qarşılıqlı ittihamları kəskinləşdirib.
Sevda Xurşudovanın opponentləri BBC Azərbaycancaya “sabiq partiya üzvü olmuş və qondarma qurultayla partiya adını mənimsəyən Sevda Xurşudovaya” qarşı bazar ertəsi məhkəmə iddiası qaldıracağını bildiriblər.
"Biz martın 4-də iclas keçirmişik. Əlisahib Hüseynov partiyanın sədridir. Lakin qarşı tərəf təslim olmaq istəmir", Sevda Xurşudova tənqidə belə cavab verib.
“Bizim xəbərimiz olmadan partiyamızın üzvlüyündən azad edilmiş bir qrup şəxs icazəsiz müxtəlif tədbirlər keçirir. - Partiyanın mətbuat katibi Esmira Şükürova BBC Azərbaycancaya bildirib. - 2012-ci ildə biz qurultay keçirmişik, həmin vaxt Fatma Əliyeva partiyanın sədri seçilib”.
“Əgər biz cənab prezidentimizi dəstəkləmişiksə bizim adımızdan istifadə etmək necə olar”, Fatma Əlievə bildirib.
Demokratik Azərbaycan Dünyası Partiyasını saytındakı bəyanatda 2013-cü ildə keçiriləcək seçkilərdə, prezident İlham Əliyevin “alternativsiz namizəd olduğu” deyilir.
İqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyası parlamentdə təmsil olunmayıb.
YAP partiyasından millət vəkili Aydın Mirzəzadə Mehriban Əliyevanın özünün razılığı olmadan onun namizədliyinin irəli sürməsini yolverilməz addım adlandırıb, virtualaz.org saytında deyilir.
“YAP sədrinin prezidentliyə namizədliyi isə artıq rəsmi şəkildə irəli sürülüb”, Aydın Mirzəzadə deyib.




